Metronun "28 May" stansiyası bu tarixdə bağlanır
Metronun "28 May" stansiyası bu tarixdə bağlanır
"Bakı Metropoliteni"nin "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq.
Bu barədə "Azərbaycan Reallığı"nın sorğusuna cavab olaraq "Bakı Metropoliteni"ndən bildirilib.
Qeyd olunub ki, tikinti işlərinə ilin son rübündə başlanılması nəzərdə tutulub.
"Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumat veriləcək", - qurumdan bildirilib.
Qeyd edək ki, Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.
Qatarlar “Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcəklər. Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün dövlət proqramı”na əsasən, Bakıda metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılması layihəsi icra ediləcək. Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır. Proqram çərçivəsində metronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək. Tunelin inşasına bu ilin sonlarında başlanılacağı nəzərdə tutulub.
"Bakı Metropoliteni"nin "28 May” stansiyasında kəsişərək birləşən "Qırmızı” və "Yaşıl” xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi "Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra "Qırmızı" və "Yaşıl” xətlərin ayrılması üçün "Cəfər Cabbarlı” və "Nizami” stansiyasiyaları arasında təxminən 200 metrlik tunelin inşası planlaşdırılır. Həmin dövrdə "Qırmızı” xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar "İçərişəhər"- "Həzi Aslanov” istiqamətində hərəkət edəcək.
"Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun "28 May” stansiyası qismən bağlanacaq.