Baş redaktorun həyatı təhlükədə: İkram Rəhimov müddətsiz aclıq aksiyasını davam etdirir

21, 05, 19
21:34

Baş redaktorun həyatı təhlükədə: İkram Rəhimov müddətsiz aclıq aksiyasını davam etdirir


Artıq 7 gündür ki, Reallıq.info saytının baş redaktoru İkram Rəhimov müddətsiz aclıq aksiyasına başlamışdır. Bu haqda Azerbaycanrealligi.com-a onun yaxınları məlumat veriblər. Əldə etdiyimiz məlumata görə onun sağlamlığında artıq həyatını təhlükəyə salan müəyyən problemlər yaranıb. Baş redaktor aclıq aksiyası keçirməsinə səbəb olaraq həbsinin qanunsuz olmasını, artıq 7-ci aydır ki, istintaqın normal qaydalarla aparılmamasını bildirir.  O, həbs müddətində istər istintaqın gedişatından, istər də məhkəmə prosesinin gedişindən narazı olduğuna görə, şərlənərək həbs olunduğu üçün aclıq aksiyasını davam etdirir. Rəhimov bildirib ki, istintaqı aparan DTX-nın əməkdaşları istintaqı normal aparmayıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov məhkəməni istintaqın hüquq müstəvisində və normativlərə uyğun şəkildə aparmır, özünü hakim kimi yox, ittihamçı prokuror kimi aparır. İttiham aktında tanımadığı şəxslər məhkəmə prosesinə gələrək baş redaktorun əleyhinə ifadələr verirlər. Bu səbəbdən də ona sifariş əsasında hökm çıxaracaqlarını ehtimal edir. Ətrafında baş vermiş bütün qanunsuzluqlara etiraz olaraq 1 saylı Kürdəxanı istintaq təcridxanasında müddətsiz aclıq aksiyası keçirir. Buna görə də beynəlxalq təşkilatlardan, yerli hüquq müdafiəçilərindən, xüsusilə də Oktay Gülalıyevdən, Əlövsət Sadıqlıdan, Əvəz Zeynallıdan, Mehman Əliyevdən, Taleh Xasməmmədovdan, media nümayəndələrindən xahiş edir ki, pozulmuş hüquqlarının bərpasında ona dəstək olsunlar.

Reallıq.info saytının baş redaktoru İkram Rəhimovun  növbəti məhkəmə prosesi may ayının 29-da saat 12:30-da olacaq.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın