Novruz Məmmədov Cəlilabadda əhalini aksiyaya vadar etdi- VİDEO

09, 04, 19
09:43

Novruz Məmmədov Cəlilabadda əhalini aksiyaya vadar etdi- VİDEO

Hazırda Cəlilabad rayonunun Muğan kəndində yerli əhali etiraz aksiyası keçirir.

Azerbaycanrealligi.com bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Aksiyanın keçirilməsinə səbəb kəndlilərin əkib-becərdiyi kartofun satışına yaradılan əngəldir: “ Kəndlilərin dediyinə görə hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər haqlı olaraq bu rüsum tətbiqinə görə etiraza qalxıblar. Hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib. Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.
Sakinlər tələb edib ki, bu günlərdə Nazirlər Kabinetinin kartof və soğanın ixracı üçün tətbiq etdiyi gömrük rüsumu ləğv edilməlidir.
Hadisə ilə bağlı sözügedən rayonun icra hakimiyyətindən və aidiyyatı dövlət qurumlarından da münasibət öyrənməyə çalışdıq. İcra hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.
İqtisadiyyat Nazirliyindən isə Musavat.coma-a bildirildi ki, son vaxtlar kartof, soğan və kələmin qiymətindəki artım hökuməti ixrac rüsumunu tətbiq etməyə vadar edib: “Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib. Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək”.

Xatırladaq ki, baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Qərara görə, aprelin 30-dək ölkədən ixrac olunması üçün kartofun 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Soğan və kələmin ixracına görə isə mayın 31-dək 1 kiloqram üçün 2 ABŞ dolları gömrük rüsumu tutulacaq. Qeyd edək ki, bu qərar son günlər ölkə daxilində bu 3 məhsulun qiymət artımını nizamlamaq üçün verilib.

Adının çəkilməsini istəməyən Cəlilabad rayon sakininin musavat.com-a verdiyi məlumata görə, etiraza səbəb kartofun ixracı üçün hər kiloqramına qoyulan 1 dollarlıq rüsumdur: “Bu gün etirazçılar Bakı-Astara yolunu kəsiblər. İcra başçısı da gəlib fermerlərə söz verib ki, 2 günə problem öz həllini tapacaq. Ancaq etirazçılar vədlərə inanmayıblar. Səbəb odur ki, bu qərar çıxandan sonra sahibkarlar fermerlərdən kartofu alıb Rusiya bazarına aparanlar bundan imtina ediblər. Kəndlilərdən yığılan kisələr də sonradan geri qaytarılıb. Çünki qərara görə, kartofu bizdən alanlar üzərinə 1.70 qəpik də ödəyib xaricə aparmalıdırlar. Bunun yol xərcini də hesablasaq elə bir rəqəm alınır ki, o qiymətə kartofu Rusiya bazarında satmaq mümkün deyil. Üstəgəl, bir TIR kartofun Moskva bazarına aparılmasının logistik xərcləri 6-7 min manata başa gəlir. Bundan başqa eyni həcmdə məhsulun yığılması üçün də sahədə 20 nəfər fəhlə çalışır. Hazırda təzə kartof yerində 1.30 qəpiyə satılırdı. Ancaq sürətlə qiymət düşür. Ötən il məcbur olub 13 qəpikdən satdıq”.

Fermerin sözlərinə görə, burada söhbət istixana kartofundan gedir, çünki indi onun mövsümüdür: “ 20 günə artıq açıq sahədə əkilən kartof çıxacaq. İstixana şəraitin yetişən kartof da elədir ki, tez xarab olur, vaxtında bazara çıxarılmasa aparıb dərələrə tökməli olacağıq. Bu qədər kartofun daxili bazarda reallaşdırılması mümkün deyil. Çünki həddindən artıq çox məhsul əkilib. Bir neçə yük maşını kartof göndərsək, Bakı bazarları üçün kifayət edir. Qalan hissəsi isə xaricə ixrac üçün nəzərdə tutulub”.


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın