Özəl telekanallarda aşağı səviyyəli proqramlar məsələsi nəzarətə götürülür – Prezident danışdı

02, 03, 19
14:08

Özəl telekanallarda aşağı səviyyəli proqramlar məsələsi nəzarətə götürülür – Prezident danışdı


“Zənn edirəm ki, hər halda bizim qədər Sizə minnətdar olan insanlar yoxdur. Ona görə ki, ilk növbədə, Siz bizə binamızı qaytardınız. Unudulmaz açılış oldu. Biz onu heç vaxt unutmayacağıq. Çox gözəl bir mərasim idi. Sizin və ailənizin çox böyük diqqəti, dəstəyi ilə bu mərasimi həyata keçirdik. Doğrudan da uzun illər yurdsuz-yuvasız qalan Bəstəkarlar İttifaqı, nəhayət, öz evinə qayıtdı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.
 
F. Əlizadə həm bəstəkarlara verilən təqaüd, həm də təltiflər, fəxri adlar və  evlərə görə Prezidentə minnətdarlığını bildirib.
 
O, Abxaziyadan qaçqın olan 90 yaşlı bəstəkar Yaşar İmanovun evi olmadığını bildirib: “Artıq ailəsində üç nəsil musiqiçilər böyüyüb. Onun evi yoxdur. O, çox istərdi ki, 90 yaşında evi olsun. Mümkündürsə, bu məsələni həll edərdiniz. Biz çox minnətdar olarıq”.

İttifaq sədri gənc bəstəkarların da evlə təmin olunmasının gələcəkdə nəzərə alınmasını xahiş edib.
 
“Biz çox fəxr edirik ki, son illər islahatlar aparılır. Bu, musiqiyə də aiddir. Mən burada Heydər Əliyev Fondunun işini xüsusi vurğulamaq istəyirəm. Biz həmişə bu Fondun sadiq köməkçiləri olmuşuq və çox gözəl, böyük, mən deyərdim ki, vacib layihələrdə yaxından iştirak etmişik, məsələn, Azərbaycan və rus dillərində Muğam Ensiklopediyasının yaradılmasında. Rus dilində ensiklopediya bu dildə oxuyan 150 milyon insana, o cümlədən musiqisevərlərə, muğamsevərlərə təqdim olunan böyük elmi işdir. Bundan başqa, “Üzeyir dünyası” bizi çox sevindirən böyük bir layihədir. “Üzeyir dünyası”, “Fikrət zirvəsi”-deyə, F. Əlizadə bildirib.
 
Bəstəkar televiziya kanallarında bədii şuraların bərpa olunmasını da təklif edib: “Amma bu bədii şuraların tərkibi də çox vacib məsələdir. Yəni, o tərkibdə kimlər olmalıdır, onların zövqü, savadı, səviyyəsi doğrudan da bu prosesi aparmağa yetərlidirmi? Bax, bunlar çox böyük məsələdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev görüş zamanı 90 yaşlı bəstəkar Yaşar İmanovunmənzil probleminin həlli ilə bağlı dərhal Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcəyini qeyd edib : “Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı. Siz bilirsiniz ki, son illər ərzində yüzlərlə görkəmli mədəniyyət xadimi dövlət tərəfindən mənzillərlə təmin olunub. Deyə bilərəm ki, bu məsələ ilə bağlı mənə daxil olan müraciətlərin mütləq əksəriyyəti öz həllini tapıb və bundan sonra da biz bunu edəcəyik. Çünki mən hesab edirəm ki, dövlət bu məsuliyyəti öz üzərinə götürməlidir. Mən bilmirəm başqa ölkələrdə bu məsələ necə həll olunur. Amma bildiyimə görə, Azərbaycan bu sahədə də liderlik nümunəsi göstərir. Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir”.
Prezident, həmçinin, televiziyalarda bədii şuraların yaradılması məsələsinə də toxunub: “Bu, çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır. Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır. Digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın. Ancaq Firəngiz xanım tamamilə haqlıdır deyəndə ki, baxır o bədii şuralarda kim təmsil olunacaq. Ona görə yəqin ki, burada yaradıcı insanların təklifləri nəzərə alınmalıdır. Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, ittifaqlar təkliflər versinlər. Çünki televiziyalarda gedən proqramlarla bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar var, bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir. Bir çox hallarda özəl telekanallar reklam uğrunda mübarizə aparırlar. Ona görə daha baxımlı verilişləri təqdim etməyə çalışırlar və bəzi hallarda orada səviyyə də bir qədər aşağı düşür. Biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Ancaq mütləq bu sahədə vahid bir yanaşma olmalıdır”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın