"Dəmiryolu işçiləri hədə qorxu ilə bizə imza atdırdılar" - VİDEO

03, 02, 19
12:09

"Dəmiryolu işçiləri hədə qorxu ilə bizə imza atdırdılar" - VİDEO

Dərslərinə şam işığında hazırlaşan məktəblilər paytaxtın “Şanxay” adlanan qəsəbəsində yaşayırlar. Dəmiryolu kənarında, vaqon səslərilə böyüyən uşaqlar söküləcəyi deyilən evlərində qaranlıqda qalıblar.
“İşığı, qazı kəsirlər. Deyirlər, “çıxmasanız, evinizi traktorla başınıza uçuracağıq, məcburi çıxmalısınız”. Deyirik, çıxa bilmirik də. Bizim vəziyyətimiz çox çətindir”- ev sahibi Müşfiq Baburov deyir.
Səhər açılar-açılmaz Pəhləvan Fərzəliyev küçəsi narazı sakinlərlə dolur. Onlar yarıgərgin, yarıəsəbi halda qaz və elektrik xətlərinin kəsilməsini izləyirlər.

“Qazla, işıqla qorxudurlar bizi. Kənddəki camaat bugünədək necə yaşayıb qazsız-işıqsız? Biz də elə yaşayacağıq, amma buradan cıxmayacağıq. Cavid Qurbanov gəlsin, görsün camaat nə gündə yaşayır. İt qabağına atırmış kimi 700-800 manat pul veriblər. O pulla mən gedib harada ev alım?!”- şanxaylı Mətanət Qurbanova deyir.

“Burada sahəsi böyük evlər vardı. Məsələn, 125 kvadratlıq evdir, hesablayırdılar 100 kvadrat. Hərəyə bir bəhanə gətirib azaldırdılar pulu. Niyə? Sənin oradan nə qazancın var ki, camaat pulundan kəsirsən?”-“Şanxay” sakini Elşən İsmayılov deyir.
"Azərqaz"ın əməkdaşı İbrahim Kəlbalıyev deyir ki, söküntü ərazisində kommunal xətlərin kəsilməsi ilə bağlı tapşırığı yerli icra hakimiyyətləri verir. Nizami Rayon İcra Hakimiyyətindən deyilib ki, ərazi Azərbaycan Dövlət Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinə aiddir, söküntünü də onlar həyata keçirir.

Sakinlərin arasında dəmiryolu işçiləri ilə razılaşıb köçənlər də var, şərtləri qəbul etməyənlər də. Əksəriyyət isə evlərinin satışı ilə bağlı idarə ilə razılaşıb, sonradan verilən pula ev tapa bilməyənlərdir:

“Bizə hədə-qorxu gəldilər. Dedilər ki, çıxmasanız, sizi məhkəməyə verəcəyik. Məhkəmədə heç bu pulu da ala bilməyəcəksiniz. Biz də məcbur olub qol çəkdik”.

Azərbaycan Dəmiryolları Cəmiyyətinə gün ərzində etdiyimiz zənglər cavabsız qaldı. Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ötən il yerli mediaya açıqlamasında "Şanxay"dakı bütün evlərin qanunsuz tikildiyini demişdi. Ev sahibləri isə burada dəmiryolu işçilərindən gizlin daşı daş üstə qoymanın mümkünsüzlüyündən danışır. “Mən buraya özbaşına gəlməmişəm ki. Hansısa məmur məndən nəsə alıb ki, burada məskunlaşa bilmişəm də. Uzun illərdir burada yaşayıram”-şanxaylı Baxşıyev Xanımqız deyir.

Sakinlər istədikləri kompensasiya verilənədək evdən çıxmamaqda qərarlıdırlar. Yemək və çaylarını işığı-qazı gələn ən yaxın qonşuda hazırlayırlar. Evlərini isə söküntüdən geriyə qalan dirəkləri yandırmaqla isidirlər.

VİDEO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın