Araz Marketlər şəbəkəsi etiraz edir: "Həbs olunmayıb, 2 ədəd yox, 32 manatlıq 19 ədəd "Alpen gold" şokoladı oğurlayıb."

27, 01, 19
11:46

Araz Marketlər şəbəkəsi etiraz edir: "Həbs olunmayıb, 2 ədəd yox, 32 manatlıq 19 ədəd "Alpen gold" şokoladı oğurlayıb."


Azerbaycanrealligi.com xəbər saytında 26.01.2019-cu il tarixində dərc olunmuş "Azyaşlı uşağına 2 şokolad oğurlayan atanı Araz market həbs etdirdi." başlıqlı yazı ilə əlaqədar sözügedən marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Büllurə Əmirova Azerbaycanrealligi.com saytı ilə əlaqə saxlayaraq baş vermiş hadisəyə öz münasibətini bildirib. Büllurə xanım bildirir ki, "belə bir hadisənin baş verdiyi doğrudur, amma bu adam dəfələrlə marketdən oğurluq edib. Heç də siz yazan kimi 2 ədəd şokolad deyildir, oradan 32 manatlıq 19 ədəd "Alpen gold" şokoladı oğurluğu baş verib. Bizim məqsədimiz o adamı həbs etdirmək olmayıb, polis bölməsində izahatı alındıqdan sonra sərbəst buraxılıb. Sizin də 2 şokoladdan ötrü həbs olunub yazınız heç məqsədəuyğun və doğru deyil. Bu adam dəfələrlə mağazadan oğurluq edib. Polisə məlumat verilib, polis də izahatını götürdükdən sonra şifahi xəbərdarlıq edərək sərbəst buraxıb".

Oğurluq edən şəxsdən Araz marketin şikayətçi olub-olmadığını soruşduqda Büllurə xanım bildirdi ki, "təbii ki, şikayətçi olub. Bir daha qeyd edirəm, 2 ədəd şokolad deyil, 32 manatlıq 19 ədəd "Alpen gold" şokoladı oğurlayıb. Ona görə də Araz market yenə də şikayətçidir. Şikayətini müdafiə edir. Əvvələr oğurluq edəndə heç vaxt polisə şikayət edilməyib".

Qeyd edək ki, hadisə yerində olan şahidlər bildiriblər ki, oğurluq edən şəxs oğurladığı şokoladları imkansızlıqdan oğurlayıb uşağı üçün götürübmüş. Büllürə xanım buna da münasibət bildirib: "Axı bir insan oğurluq məhsulu uşağına necə yedizdirə bilər? Oğurluq etməsə idi, gəlib müraciət etsə idi, təbii ki, ona şokolad verilərdi. Bilirsiniz, belə hallar çox olub. Ehtiyacı olanlar yaxınlaşıb administratora və yaxud da əməkdaşlara desə idi, belə bir ehtiyacım var, təbii ki ona yardım olunardı", - deyə Araz marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi qeyd edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın