YAP üzvünü şərləyib obyektini əlindən almaq istəyirlər - VIDEO və FOTOLAR

14, 10, 18
21:06

YAP üzvünü şərləyib obyektini əlindən almaq istəyirlər - VIDEO və FOTOLAR



Azerbaycanrealligi.com saytı “Vətəndaşlar və sosial problemlər” silsiləsindən yeni müsahibəni təqdim edir. Bu dəfə müsahibimiz Qaradağ rayonu Müşfiqabad qəsəbəsi sakini, Cəbrayıl rayonundan məcburi köçkün, Yeni Azərbaycan Partiyasının 15 illik üzvü Üzeyir Əbil oğlu Quliyevdir. O, böyük zəhmətlə əldə etdiyi vəsait hesabına ailəsinin rifahı naminə başladığı işin yarımçıq qaldığını söyləyərək bildirir ki, “1001 Xırdavat” adlı dükan tikmişdir, onu isə qanunsuz olaraq zorla əlindən almaq istəyirlər. Buna görə də, Quliyev Üzeyir Azerbaycanrealligi.com saytına üz tutaraq haqq səsinin eşidilməsində ona yardımçı olmağımızı istəyir. 

 Quliyev Üzeyir Əbil oğlu ilə söhbətdən məlum oldu ki, 2013-cü ildən Qaradağ rayonu Mehdiabad qəsəbəsinə köçüb, məcburi köçkünlər şəhərciyində yaşamağa başlayıb. 2017-ci ildən “1001 Xırdavat” marketi tikməklə işgüzar fəaliyyətə başlamaq üçün qanunvericiliyə uyğun olan bütün prosedurlardan keçmişdir. Belə ki, torpaq almaq üçün Qaçqınkoma müraciət etmiş, müraciətinə baxılmış və müsbət cavab almışdır. Ona məktub göndərilmişdir ki, boş ərazidə torpaq sahəsi ayrılsın. Beləliklə, yaşadığı binanın şərq hissəsində Üzeyir Quliyevə boş torpaq sahəsi ayrılmışdır. O, tikəcəyi obyektin çertyojunu təqdim etmiş, obyekt 3 qapılı dükan layihəsi olaraq təsdiq edilmişdir. Dükanın tikilməsi üçün sərəncam verilmişdir. Sərəncamda ünvan dəqiqliklə göstərilmişdir. 11-ci binanın şərq hissəsində yerləşən ticarət obyektinin Quliyev Üzeyir Əbil oğluna məxsus olduğu qeyd edilmişdir. Bu sənədlərlə yanaşı müsahibimiz torpaq sahəsi üçün dövlət rüsumu qeyd olunan məktubu və ödəniş qəbzini də diqqətimizə çatdırdı. Həmçinin, dükan üçün VÖEN alınmış və Quliyev Üzeyir vergiödəyicisi kimi təsdiq edilmişdir.  


    
 Daşınmaz əmlakla bağlı mübahisəli məsələ ondan ibarətdir ki, müsahibimizin qanuni mülkünün - dükanın bir hissəsini Qarabağdan məcburi köçkün olan iki qadın – Müşfiqabad qəsəbəsi 10-cu binada yaşayan Zülfüqarova İlhamə və 12-ci binada yaşayan Əliyeva Xuraman hansısa saxta sənəd ilə ondan almağa çalışırlar. Quliyev Üzeyir bildirdi: “Həmin qadınlar 3-4 gündür ki, həmin obyektə işıq çəkdirməyə cəhd edirlər. Özünüz də görürsünüz ki, həmin obyektdə işıq var, sayğac var, hər şey qanunidir. Görürsünüz ki, burada mən böyük bir yol çəkdirmişəm. Bu yolları mən öz vəsaitim hesabına çəkdirmişəm. Abşeron Rayon İşıq İdarəsindən gəldilər və baxış keçirdilər. Sağ olsunlar ki, Abşeron Rayon İşıq İdarəsindən gələnlər həmin obyektə baxan kimi dedilər ki, ay qardaş, ay bacı, bu obyekt ya sənindir, ya da başqa adamındır, bu obyekt bir nəfərindir, iki adamın ola bilməz. Savadlı insanlar obyektə baxan kimi bilirlər ki, bu obyektin calağı yox, başqa damı yox, burda obyekt bir tikilib və demək ki, obyekt bir nəfərə məxsusdur.”

Müsahibimiz bildirdi ki, məlum problemlə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məsələyə hakim Teymur Qurbanovun rəhbərliyi ilə baxılır: “Fikirləşdim ki, mənim yolum ancaq dövlət yoludur, mən ancaq dövlətdən kömək istəyim ki, bunlar məndən əl çəksinlər, obyektimdən çıxsınlar... Ümid edirəm ki, Qaradağ Rayon Məhkəməsi, hakim Teymur Qurbanovun özü öz qərarını verəcək, haqqa qərar verəcək, sənədə, sübuta, fakta görə qərar verəcək.” Quliyev Üzeyir bir faktı da vurğuladı ki, onunla mübahisələrə gedən qadınlardan biri  Xuraman Əliyeva öz oğlunu
öyrədib onun üstünə göndərib, o da üstünə hücum çəkmişdir və qonşuların iştirakı ilə onlar ayırılmışlar. Bu formada, ona hədə-qorxu gəlirlər.          
 Son olaraq, müsahibimiz Quliyev Üzeyir Əbil oğlu Azerbaycanrealligi.com saytının imkanlarından istifadə edərək, ölkə prezidenti və birinci vitse-prezidentə müraciət etdi: “Mən bu obyekti özüm öz şəxsi puluma tikdirmişə4m. İnsafən, Allahla olaraq deyirəm ki, bütün qonum-qonşunun hamısı deyə bilər ki, o obyekt mənim mülkümdür. Mən hətta sürdüyüm maşınımı Sumqayıt bazarında satıb ora vəsait qoymuşam. Bugünkü gündə hər şey mənimdir. Mənim əlimdən zorla almaq istəyirlər. Mən buna görə də, buradan ölkə prezidenti cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət eləyirəm, xahiş edirəm, mən işimi lazımi orqanlara tapşırıqsınlar ki, mənə köməklik edilsin, mən bu iki qadının şərindən qurtarım.”

Azerbaycanrealligi.com saytının Quliyev Üzeyir Əbil oğlu ilə olan müsahibəsilə aşağıdakı video yazıda  tanış ola bilərsiniz.

VIDEO


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın