Neftçalanın baş həkimi danışdı: "Neftçalada millət gecə-gündüz cənab prezidente dua edir".

09, 08, 18
15:01

Neftçalanın baş həkimi danışdı: "Neftçalada millət gecə-gündüz cənab prezidente dua edir".

Son zamanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasından mətbuata olduqca çox silsilə yazılar gedir, bu yaxınlarda uşaq ölümü faktı da qeydə alınıb. Bu məsələ ilə bağlı rayonun baş həkimi Telman Zahidov Azerbaycanrealligi.com saytına açıqlama verib.      

Qeyd edək ki, sosial şəbəkə paylaşımlarına görə, bir neçə gün əvvəl Neftçala Rayon Mərkəzi Xəstəxanasında səhlənkarlıq nəticəsində uşaq ölümü hadisəsi baş vermişdir. Uşağın valideynləri xəstəxananın ümumi işinin səriştəsiz qurulduğunu bildirərək belə bir ittiham irəli sürürlər ki, xəstə övladlarının müalicəsini bu xəstəxanaya etibar etmişlər, amma xəstəxana müalicədən çəkinərək uşağı təcili tibbi yardım maşını ilə Bakıya göndərmişdi. Xəstə uşağın valideynləri təcili tibbi yardım maşınının içində xəstəyə yardımla yanaşı, buğda, arpa kisələrinin daşınması işlərinin də icra edilməsinin şahidi olmuşlar. Azerbaycanrealligi.com bu ittihamın izilə Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovla əlaqə yaratmışdır. O, ittihamları sosial şəbəkələrdə və internet portallarında gedən adi yanlış məlumatlardan hesab etdiyini və onlara heç bir açıqlama verməyə ehtiyac duymadığını bildirib.

Telman Zahidov ittihamları nə şər, nə böhtan hesab etdiyini deyərək, sadəcə, səhv qənaət adlandırıb: “Kim səhər-səhər nə istəyir, onu da yazır. Nahaq, yaraşmayan şeylər yazırlar. Xüsusən, son vaxtlar bu hallar lap artıb. Bilirsiz, tanıdığım adamlardır, rayon adamıdır, nəsə sözü var, nəsə şikayəti var, kimdənsə şikayəti var. Həkim müalicə eləyib, xəstəlik tarixçəsi var, sənədi var. Mən deyirəm, belədir, elə şey olmur axı. Lazım olar, gəlib araşdırarlar, müəyyən inzibati orqanlar var. İndi deyirsiz ki, bu, doğrudurmu, mən deyirəm ki, səhv məlumatdır.” O, bildirib ki: “Dövlətin inzibati orqanları var. İstəyirsə, versin prokuraturaya, məhkəməyə. Onu araşdıran orqanlarımız var.”      

Telman Zahidov Neftçala Rayon Mərkəzi Xəstəxanasının işindən və vəziyyətindən danışaraq burada müalicə və müayinələr üçün hər cür şəraitin yaradıldığını, həkim heyətinin öz işini layiqincə yaxşı qurduğunu bildirib: “Cənab prezident Azərbaycanın heç bir yerində olmayan xəstəxana tikib verib bu camaatın ixtiyarına. Millət hamısı razı, gecə-gündüz dua edirlər ölkə rəhbərinə. Əlbəttə ki, gözü götürməyənlər də var, narahat olanlar da, hər cür adam var həyatda. Fakt ondan ibarətdir ki, bizim rayonumuzun əhalisinə çox gözəl bir hədiyyə olunub ölkə başçısı tərəfindən. Həkimlər də məsuliyyətlə, cani-dildən əl-ələ verib ən yaxşı göstəricilərimizə nail olublar. Ölkə başçısı o cür işlər görür, dağı dağ üstə qoyur, bu boyda ölkəni salamat saxlayıbdır bütün dünyada aləm qarışan vəziyyətdə. Amma görürsən, ona da nahaqlar, böhtanlar atırlar, az qala, bir dənə Allaha böhtan qalır.”      

Beləliklə, Azerbaycanrealligi.com-a verilən müsahibədə müsahibimiz Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov xəstəxananın idarə olunması və onun həkim heyətinin barəsində yazılanları yanlışlıq adlandırdı.

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın