“Pulları sellofan torbada aparırdım, məbləği bilmirdim” – Rasim Məmmədovun puldaşıyanı...

24, 09, 22
12:00

“Pulları sellofan torbada aparırdım, məbləği bilmirdim” – Rasim Məmmədovun puldaşıyanı...


“Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun məhkəmə prosesi davam etdirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib. İlkin olaraq dindirilən şahid Zemfira Əliyeva bildirib ki, o şirkətdə xəzinədar olaraq fəaliyyət göstərib: 

“2008-ci ildən çalışıram. Kassada yaranan çatışmazlıqla bağlı dəfələrlə rəhbərliyə xəbər vermişəm, həll edilməsini demişəm. Mənə cavab olaraq deyilib ki, sənin işin o deyil, yoxsa vəzifəndən azad olunacaqsan. İşlərə qarışma. Mən pul görməmişəm, ancaq çek yazırdım. Əksiklik dövründə gündə maksimum 5000 və ya 10.000 daxil olurdu. Kamran Qəhrəmanova və Çingiz Həsənova xəbər edirdim”.

O ifadəsində bildirib ki, ilkin olaraq 2021-ci ildə yaranan 13 milyon kəsr barəsində DTX-yə müraciət edib: 

“İşdən icazə aldım və bu barədə ərizə yazdım. Ərizəni DTX-da yerləşən şikayət qutusuna atdım.  2017-ci ildən başlayaraq kəsrlər yaranmağa başlayırdı. Ancaq metal satışı olduqca bağlanırdı. Əsas kəsrlər 2021-ci ildə yaranmağa başladı. Rəhbərliyə dedikdə bağlanacağını deyirdilər. Pulların Rasim Məmmədova getdiyini eşitmişəm. Bu barədə rəhbərliyə dəfələrlə şifahi məlumat verirdim”.

Rasim Məmmədov xəzinədarın ifadəsinə etiraz olaraq bildirib ki, o, öz ifadəsi ilə özünü çətin vəziyyətə salır. O deyib ki, Baku Steel Company-nin kassasına 13 milyon gəlməyib və bu məbləği AzeriSteel şirkəti xərcləyib: “Siz bu barədə Kamran Qəhrəmanlıya yazılı şəkildə bildirməli idiniz. Olmayan şeyi boynunuza götürürsünüz. Pul AzeriSteel-in kassasına gedib”. 

Növbəti şahid Kamran Qəhrəmanov ifadəsində deyib ki, o şirkətdə 2004-cü ildən baş müsahib olaraq fəaliyyət göstərib: 

“Pul kassaya gəlmirdi. AzeriSteel-in kassasına gedirdi. Kəsrlə bağlı şifahi olaraq müdiriyyətə, maliyyə direktoruna demişəm. Cavab olaraq deyiblər ki, zavodun sahibləri var, öz puludur, özü qoyacaq yerinə. İstədiyi kimi xərcləyər. 13 milyonun Rasim Məmmədov tərəfindən götürüldüyünü görməmişəm. Eşitmişəm ki, zavodun xərcləridir”.

Rasim Məmmədov öz növbəsində deyib ki, 2011-ci ildə Əmlak Komitəsinə - Rüstəm Şahbazova 10 milyon dollar verib. Əmlak komitəsi də, onlara 8.8 milyon dollar qaytarıb və komitə indiyə qədər şirkətə 1 milyon 200 min dollar borcludur: “Bu barədə Əmlak Komitəsi ilə danışmışam. Loğman Zülfüqarlıya Poladtökmə zavodunu almaq üçün 3.3 milyon manat verdim. Bunun 800 mini armatur kimi buraxılıb. 2 milyon 500 mini də nəqd götürüb. Yəni bunlar, şirkət xərcləridir. Mən 13 milyonun hara getdiyini yaxşı bilirəm. DHD-ni aparanda 22 milyonu kassaya Kamran aparıb”. 

Şahid Kamran Qəhrəmanov deyib ki, o, R. Məmmədova kassadan 13 milyon verməyib və 22 milyon manatı təsisçidən mədaxil kimi kassaya daxil edib. 

R. Məmmədov deyib ki, müstəntiq onun 60 milyon manat qazandığını və DHD-ni aldığını yazıb: “Kassada 35 milyon dollar yox idisə, necə qoyduq DHD-nin hesabına?” 

Şahid K. Qəhrəmanov vəkilin “Kəsr yarandıqda nə etməlisən, səlahiyyətin nədir?” sualına cavab olaraq “Çingiz Həsənova deyirdim şifahi olaraq. Son il ərzində R. Məmmədov tutulana qədər hər gün demişəm. Hamı bilirdi ki, şirkətin rəhbəri Rasimdirsə yaranan kəsr onunla bağlıdır.”
Prosesdə hakim bildirib ki, şahidin ifadəsində ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı olan ifadəsi elan olunub.  
Belə ki, şahid ibtidai istintaqdakı ifadəsində AzeriSteel rəhbərini tanıdığını deyərkən, məhkəmədə isə onu tanımadığını deyib. Bundan əlavə, o, ibtidai istintaqda bildirib ki, pullar Çingiz Həsənovun otağına qaldırılaraq onun köməkçisi Səbinəyə verilib. Məhkəmədə isə o, pullardan xəbərdar olmadığını deyib. 

İstintaqda pulların Rasim Məmmədovun şəxsi- restoran, geyim və sairə kimi xərclərinə xərcləndiyini deyən K. Qəhrəmanov prosesdə bu ifadəsini təkzib edib. 

Vəkilin “İstintaqda Rasimə verilən vəsaitləri qanunsuz adlandırmısan. Qanunsuz sözünü necə əsaslandırırsan?” sualına K. Qəhrəmanov cavab olaraq “13 milyon kəsrin izahatı yoxdursa, deməli qanunsuzdur”,- deyə cavab verib. 

Növbəti şahid Xəyal Əhmədov ifadəsində deyib ki, o. Azəristeel-də fəhlə olaraq işləyib: “Şirkətə girən və çıxan maşınlara nəzarət edirdim. Bəzən Mübariz müəllimin mənə verdiyi sənəd və pulları lazımi şəxslərə verirdim. Pulları sellofan torbada aparırdım. Məbləğinin nə qədər olduğunu bilmirdim”. 

Hakim bildirib ki, şahid ibtidai istintaqa ifadəsində sellofan torbada olan pulların məbləğinin 10 min- 200 min manat aralığında olduğunu deyib. Məhkəmədə isə məbləğdən xəbərsiz olduğunu bildirib.  

Məhkəmənin növbəti prosesi sentyabrın 30-na təyin olunub. 

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

AZƏRBAYCANREALLIĞI.COM   



Bizimlə əlaqə saxlayın