«MTN işi»məhkəməsində həyəcanlı anlar – zərərçəkən hakimə etiraz olaraq özünə qəsdə cəhd etdi

Kriminal / Manşet
 22-06-2022, 18:00     724


Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir. Zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq mətbuat nümayəndələri məhkəmə prosesinə buraxılmır. Məhkəmənin davam etdiyi 9 aya yaxın müddətdə, zərərçəkən tərəfin ümumiyyətlə heç bir vəsatəti təmin olunmayıb. Hakim məhkəməni tez-tələsik yekunlaşdırmağa çalışır.

Zərərçəkənlər məhkəmənin ilk günündən iş üzrə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə dövründə həbsini tələb edirlər. Deyirlər ki, yalnız Mövlam Şıxəliyevin həbsdə qalması ümumilikdə məhkəmə istintaqının obyektivliyinə xələl gətirir. Bildirirlər ki, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da rəisləri olmuş Mövlam Şıxəliyev kimi ağır cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər günahlarını boynuna almırlar, cinayətlərini etiraf etmirlər. Dəymiş maddi ziyanı ödəməkdən yayınırlar. Hətta məhkəmə binası önündə zərərcəkənlərə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Bununla belə başqa yerə getməmək haqda iltizam verməklə canlarını həbsdən kənar tutmağı bacarıblar.

Hakim vəsatətləri təmin etmir

İunun 21-də keçirilən məhkəmə prosesində ilk olaraq əlavə şahid qismində Qədir Qurban oğlu Əkbərov ifadə verdi. Təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında məhkəməyə dəvət edilən Qədir Əkbərov MTN-də Xüsusi İnspeksiyanın rəisi olub.

Şahid deyib ki, işlə əlaqədar Mövlam Şıxəliyevlə Yasin Məmmədovun ədavəti vardı. Onun sözlərinə görə Mövlam Şıxəliyevin təqriri əsasında 3 dəfə Yasin Məmmədovla bağlı yoxlama aparıb.

Qədir Əkbərovun qısa ifadəsindən sonra Yasin Məmmədov ona MTN komendaturasından vətəndaşların keçməsi qaydası haqda sual ünvanladı. Hakim sualın baxış predmetinə aid olmadığını deməklə xaric etdi.

Növbəti şahid Ələddin Kazım oğlu Bağırov oldu. Şahid zərərçəkən Əfsəl Həsənəliyevdən hədə-qorxu ilə pul tələb olunub alınması epizodu üzrə məhkəməyə çağırılıb. Məhkəmədə bəlli olub ki, Ələddin Bağırov məhkəməyə səhvən çağırılıb, onun işə hər hansı bir formada aidiyyatı yoxdur.

Bundan sonra hakim Elbəy Allahverdiyev təqsirləndirilən şəxs Sahib Ələkbərovun ötən məhkəmə prosesində verdiyi vəsatətlə bağlı qərarını açıqladı. Qərara görə Sahib Ələkbərovun sabiq baş prokuror Zakir Qaralovun və onun 1-ci müavini Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib.

Ardınca hakim zərərçəkən Əfsəl Həsənəliyevin eyni məzmunlu vəsatətinin də təmin edilmədiyi açıqlayıb.

“Siz də burada hakimlik etmirsiz, bunlara vəkillik edirsiz”

Əfsəl Həsənəliyev hakimdən qərarını əsaslandımasını istəyib. Tələb edib ki, məhkəmə obyektiv aparılsın. Hakim isə zərərçəkənin tələbinə məhəl qoymayıb. Bu zaman Əfsəl Həsənəliyev hakimə deyib ki, onu özünü öldürmə həddinə çatdırıb:

-Aylardır ki, məhkəmə keçirilir. Siz burada Mövlam Şıxəliyevə vəkillik edirsiz. Bizim əsaslı vəsatətlərimizi təmin etmirsiz. Mənim evimi “Unibank” əlimdən alır. Məni bunlar, Yasin Məmmədov girov götürüb, əvvəlcə ailəmdən 7 min manat alıblar. Məni heç bir cinayətim olmaya-olmaya 4 aydan çox girov saxlayıblar, 100 min dollar pul tələb ediblər. Sonra da həmin məbləği 50 min dollara endiriblər. Məni məcbur ediblər ki, evimi banka girov qoyum, gətirib pulu bunlara verim. Mən ailəmin yaşadığı yeganə evi banka girov qoyub 55 min dollar pul götürmüşəm. Aparıb 50 min dollar MTN-dəki kabinetində Yasin Məmmədova vermişəm. Verməsəydim, məni şərləyib həbsə göndərəcəkdilər. Siz də burada hakimlik etmirsiz, bunlara vəkillik edirsiz. Mən sizə etiraz edirəm.

“Get, özünü başqa yerdə yandır”

Əfsəl Həsənəliyev cibindən benzin dolu butulkanı çıxararaq özünü yandırmaqla öldürmək istəyib. Zərərçəkən Qulam Bağırov və nəzarətçilərin müdaxiləsi nəticəsində Əfsəl Həsənəliyevin intihara cəhdi baş tutmayıb. Onu nəzarət altında məhkəmə salonundan və binasından çıxarıblar.

Hakim isə Əsfəl Həsənəliyevə “get özünü başqa yerdə yandır” deməklə məhkəmə zalından çıxarılmasını seyr edib.

Zərərçəkən Bakının mərkəzində intihar etmək niyyətindədir

Məhkəmə binası önünüdə Əfsəl Həsənəliyev jurnalistlərə deyib ki, haqlı tələbləri yerinə yetirilmədiyindən, ona qarşı cinayətin ən aktiv təşkilatçıları olan Zakir Qaralov, Rüstəm Usubov və digər 10 nəfər istintaqa cəlb edilmədiyindən Bakının mərkəzində intihar etmək niyyətindədir.
Hakim zərərçəkənə: “Bəs sən özünü niyə yandırmırsan?”

Əfsəl Həsənəliyev məhkəmədən çıxarılandan sonra hakim zərərçəkən Zaur Əliyev hakimə üzünü tutub dedi:

-Əfsəl Həsənəliyev bu yaşında küçələrdə qalmaq təhlükəsi ilə üz-üzədir. Onun ailəsi ağır durumdadır. Bu yaşında nəvələri ilə birgə çöldə qalacaq.

Onu niyə bu günə salırsız?

Hakim:

-Bəs sən özünü niyə yandırmırsan?

Zərərçəkən:

-Əfsəl Həsənəliyev yaşlı adamdır, çox çətin vəziyyətdədir. Onun hərəkətlərini anlayıram.

Bundan sonra Elbəy Allahverdiyev Zaur Əliyevin ötən prosesdə verdiyi vəsatətlə bağlı qərarını əsəbi şəkildə elan edib.

“Bu məhkəmə niyə qurulub?”

Yada salaq ki, ötən prosesdə Zaur Əliyev də Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyevin müavini olmuş Təhsin Ağayevin, Arif Allahverdiyev və Mamay Qulubəyovun əlavə şahid qismində dindirilməsini xahiş etmişdi. Hakim vəsatətin təmin edilmədiyini açıqlayıb.

Zaur Əliyev isə hakimi haqsızlıqda, ədalətsizlikdə ittiham edib:

-Siz mənim haqqıma girisiz. Bu məhkəmə prosesi kimlərdən ötrü keçirilir? Bu məhkəmə niyə qurulub?

Biz həqiqətin ortaya çıxması üçün vəsatət veririk, sübutlar təqdim edirik. Bu, bizim hüququmuzdur. Siz bizləri hüququmuzdan məhrum edirsiz! Məhkəməni tezbazar, heç bir araşdırma aparmadan, bu mütəşəkkil cinayətkar quldur dəstənin ən aktiv üzvləri olan Zakir Qaralovla Rüstəm Usubovu burada dindirmədən bitirməyə çalışırsız. Bu halda obyektivlik, ədalətli hökm çıxarılması mümkün olmayacaq. Çünki təqsirləndirilən şəxslər də, zərərçəkənlərin əksəriyyəti də bu cinayətlərin baş tutmasında, bizlərdən alınan pulların bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun müstəsna rolunu vurğulayırlar. Siz onları çağırıb burada dindirilmələrini təmin etmədən hökm çıxara bilməzsiniz. Çünki, çıxaracağınız hökm əsassız olacaq.

Mövlam Şıxəliyev: “Mən istintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm”

Zərərçəkən fikirini tamamlayandan sonra hakim sərbəst ifadə vermək üçün sözü təqsirləndirilən Mövlam Şıxəliyevə verdi.

Dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyev sərbəst ifadəsini məhkəməyə yazılı şəkildə təqdim edəcəyini bildirdi. O, ittihamları qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırdı. Dedi ki, ibtidai istintaq yarımçıq aparılıb, ona verilən ittihamlar əsassız olmaqla heç bir sübuta söykənmir. Mən istintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm. Qərarları Baş Prokurorluq verib. Hər bir material, cinayət işi üzrə Baş Prokurorluğa məruzə olunub, orada verilən qərarlar üzrə işlər icra olunub.

General peşmandır

Mövlam Şıxəliyev zərərçəkən Elvar Əliyevlə bağlı peşmançılığını ifadə edib:

- Elvar Əliyev məhkəmə binası önündə oğluma deyib ki, həbsdə olanda gözünə dərman tökülməli olub. Lakin ona dərman verilməyib. Bundan mənim xəbərim olmayıb. Mən bunu bilsəydim, özüm dərman alıb ona verərdim.

“Mənə həqiqətən də MTN-də gözümə tökməyə dərman verilmirdi”

Zərərçəkən Elvar Əliyev isə ayağa qalxaraq Mövlam Şıxəliyevin yalan danışdığını bildirib:

-Mən Mövlam Şıxəliyevin oğluna belə söz deməmişəm. Mənə həqiqətən də MTN-də gözümə tökməyə dərman verilmirdi. Mən sərbəst ifadəmdə bu haqda məlumat vermişəm.

Mövlam Şıxəliyev pul söhbətini təkzib etdi və...

Çıxışını davam etdirən Mövlam Şıxəliyev iddia edib ki, zərərçəkənlərdən kimsə ona pul verdiyini deməyib. Bu yerdə zərərçəkən Nizami Kazımov Mövlam Şıxəliyevə bildirib ki, o, yalan danışır:

-Məni MTN-dəki kabinetində 3 dəfə qəbul etmisən. Birinci dəfə dedin ki, Vüsal Ələkbərovun istədiyi pulu ver. İkinci dəfə dedin ki, vəkil Osman Kazımovdan imtina elə. Üçüncü dəfə artıq məndən pulu almışdız. Məni kabinetə çağırıb söhbət elədin və yola saldız. Burada yalan danışmayın.
Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib.

Bundan sonra dövlət ittihamçısı Mövlam Şıxəliyevə bir neçə sual verdi:

-Sizin MTN-də müstəntiqlərin törətdiyi cinyətlərdən məlumatınız olmayıb?

Mövlam Şıxəliyev:

-Məlumatsız olmuşam. Müstəntiqlər işi hazır şəkildə gətirib verirdilər, imzalayırdım və lazım olanda Baş Prokurorluğa yönəldirdim. Biləvasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişik. Mən kargüzarlıqla məşğul olmuşam. Ancaq hər bir şeydən xəbərim vardı. Çünki istintaq idarəsinin rəisi idim.

-Zərərçəkən İbrahim Zeynalovdan alınan məbləğdən xəbəriniz olub?

-İbrahim Zeynalovdan 8 milyon manat alınmasını özünüz burada aydınlaşdırdınız ki, kimə çatıb. Qoy prokurorluq bunu araşdırsın. İttiham alayarımçıqdır. Mənim baş prokuror Kamran Əliyevə, onun 1-ci müavini Elçin Məmmədova hörmətim var. Mənə verilən ittiham əsassızdır.

Müstəntiqlər barəmdə onlara düzgün məruzə etməyiblər. Qasım Məmmədov bizə qarşı qeyri-obyektiv mövqe tutub.

-Siz İbrahim Zeynalovdan alınan pulun kimə çatdığını bilmirsiz?

-Məni siyasətə uğratmayın. Mən qərar verən şəxs olmamışam. Sadəcə görülən işlərə nəzarət eləmişəm. İbrahim Zeynalov xalça zavodu tikib. Ondan zavodun 40 faizini istəyiblər. Buna görə də mübahisə olub. Sonrasını da bilmirəm.

Hakim fasilə elan edib. Lakin fasilədən sonra proses davam etdirilmədi və iyunun 28-nə qədər təxirə salındı.

AZƏRBAYCANREALLIĞI.COM