''6 saylı Cəzaçəkmə Müəssisəsində bədəni çürüyən məhbuslar var''

06, 09, 18
08:42

''6 saylı Cəzaçəkmə Müəssisəsində bədəni çürüyən məhbuslar var''

''6 saylı CÉzaçÉkmÉ MüÉssisÉsindÉ bÉdÉni çürüyÉn mÉhbuslar var''

Məhbus qardaşı: ''Şikayət etdiyinə görə günlərlə asıblar, ''kars'' veriblər''Bu haqda məhbuslardan birinin yaxını Meydan TV-yə məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə, Penitensiar Xidmətə müraciətlərinə başdansovdu yanaşılır. Yaxınları onların davamlı şikayətlərindən sonra Məhkumların Müalicə Müəssisəsinə köçürülsələr də, orada müalicə olunmurlar.

Məhkumlara sahib çıxan yoxdur"Yazırıq, şikayət edirik, yalvarırıq bundan sonra yaxınımızı 6 saylıdan çıxarıb "sentral”a (Məhkumların Müalicə Müəssisəsi) aparırlar. Orada da nəinki müalicə eləmirlər, heç diaqnoz da qoymurlar. Danışırıq, həkimlər deyir ki, dərman yoxdur. Deyirik ki, diaqnozu qoyun, dərmanı alıb gətirək. Cavab verirlər ki, icazə yoxdur, diaqnoz qoya bilmərik. Bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində bədənində çürümə gedən məhkumlara sahib çıxan yoxdur. Bizə də imkan vermirlər” – deyə məhbuslardan birinin yaxını deyib.

Ayda 500 manat istəyirlərSözügedən cəzaçəkmə müəssisəsində saxlanılan Tahir Şəmməd oğlu Həsənovun qardaşı Lənkəran rayonu, Boladı kənd sakini İmran Həsənovun Ədliyyə Nazirliyi Baş İstintaq İdarəsinin rəisi Zakir Qafarova yazdığı şikayət məktubu da 6 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlıdır: "Qardaşım Tahir Şəmməd oğlu Həsənov məhkumdur. Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Qardaşım aclıq, işgəncə, haqsızlıq, ağır xəstəlik içində cəza çəkir. Müəssisəsdə saxlanıldığı 6 il ərzində türmə adminstrasiyasının məmurları və Ədliyyə Nazirlyinin Müalicə Müəssisəsinin cinayətkar həkimləri qardaşımı əzab-əziyyətlə öldürürlər. Qardaşım 6 ildir ki, bir çox xəstəlikdən əzab çəkir. Yuxusuzluq, əsəb, ürək, böyrək, göz, mədə-bağırsaq, gücsüzlük, sümük ağrıları, "Hepatit C” və başqa xəstəlikləri var. 6 saylı müəssisəsinin diş həkimi, ədliyyə kapitanı İlham Qurbanov qardaşımın dişini çəkərkən ondan pul istəyib, ala bilmədiyinə görə ona "Hepatit C” virusu keçirib.

Qardaşımın xəstəliklərinin bu qədər çoxalaraq dözülməz ölüm həddinə gəlib çatmasında səbəbkarlar Müalicə Müəssisəsinin başda baş həkim Nicat Cəlilov, qəbul şöbəsinin həkimi Elgiz, terapevt Ramiz və başqa həkimlər - Cəbrayıl, Məhərrəm, Anardır. Belə ki, qardaşım müalicə olunmaq üçün 35 dəfə Müalicə Müəssisəsinə köçürülüb. Çox təəssüf olsun ki, adlarını qeyd etdiyim həkimlər tərəfindən qardaşıma heç bir tibbi yardım göstərilməyib. Dəfələrlə Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilovdan qardaşımı müalicə etmələrini xahiş etmişəm. Lakin xeyri olmayıb. Nicat Cəlilov oranı xəstəxana kimi deyil, beşulduzlu otel kimi işlədir. Sağlam dustaqlar 1 aya 300 manat verib orada dincəlirlər. Nicat Cəlilov da sağlam xəstələrə iynə, dərman vurmur və həmin iynə-dərmanı özünün aptekində satdırır. Qardaşım kimi müalicəyə ehtiyacı olan dustaqlara da tibbi yardım göstərməyib yenidən cəza yerinə qaytarırlar. Bu da göz görə-görə xəstə dustağı öldürməkdən başqa bir şey deyildir. Bəzi imkanlı dustaqlar var ki, Müalicə Müəssisəsində özlərinə palataları alıb həbsdə olduğu illər ərzində orada qalırlar. Nicat Cəlilov və onun həkim dəstəsini yalnız sağlam, pullu, Müalicə Müəssisəsinə dincəlməyə gələn dustaqlar maraqlandırır. Xəstə dustaqlara isə vaxtında tibbi yardım göstərilmir və onlar ölürlər. Bəzi dustaqları isə şikəst edirlər”.

Pulsuz cəza çəkmək mümkün deyilİmran Həsənov yazır ki, dəfələrlə şikayətləri əsasında Ədliyyə Nazirliyi Baş Tibb İdarəsindən İftixar Qurbanov, Samir, Abbas adlı şəxslər, Penitensiar Xidmətdən Elşən, Bəhruz adlı təhqiqatçılar gəliblər. Amma şikayəti araşdırmaq əvəzinə, Müalicə Müəssisəsində baş verən qanunsuzluqları ört-basdır ediblər: "6 saylı Cəzaçəkmə Müəssisəsində pulsuz cəza çəkmək mümkün deyil. Müəssisədə cəza çəkməyə pul lazımdır. Hər bir aya görə azı 500 manat. Pulun yoxdursa, aclıqdan ölməlisən. 6-cı kolonda demək olar ki, dövlət tərəfindən heç nə verilmir. Ancaq hər şey var, sadəcə dustağa pulla satırlar. 6-cı kolonda olan kafedə, dönərxanada, mağazada hər şey satılır. Adi "Prima” siqareti mağazada 1 manat 80 qəpiyədir. Çayxana, bilyard, kompüter, hamam pulludur. Qardaşım Tahir Həsənov 2013-cü ildən bu günə qədər 6 saylı Cəzaçəkmə Müəssisəsində və Müalicə Müəssisində baş verənlərlə bağlı kömək istəyir. Onun bu şikayətlərinə görə Penitensiar Xidmətdən gəlib cinayətləri ört-basdır edib gediblər. Özünü isə xəstə vəziyyətdə olmasına baxmayaraq, Əli Əmirovun vaxtından bu günə qədər vəhşicəsinə döyürlər. Günlərlə asıblar, "kars” veriblər. Qardaşımın şəxsi işində olan sutkaların hamısı onların cinayət əməllərindən şikayət etdiyinə görədir. Şəxsi işində olan suktalar hamısı qeyri-qanuni verilib. Hörmətli rəis, sizdən xahiş edirəm, qardaşımın xəstəliyini nəzərə alıb onun Səhiyyə Nazirliyinin xəstəxanalarından birində təcili müayinə və müalicə olunmasına göstəriş verəsiniz. Onun müalicə olunmasında lazım olan dərmanların verilməsinə nəzarət etmənizi xahiş edirəm. 6-cı kolonda və Müalicə Müəssisində olan cinayətkarlar barəsində ciddi surətdə araşdırma aparılmasını və qardaşım Tahir Həsənovun digər müəssisəyə köçürülməsini təmin edin. Çünki 6-cı kalonda cəza çəkməyə ayda 500 manat pul lazımdır, o pul da bizdə yoxdur. Hörmətli rəis, 6-cı kolonda və Müalicə Müəssisəsində baş verən cinayətləri araşdırmaq üçün bir dürüst ədliyyə məmurunu göndərin ki, baş verən cinayətlərə göz yummasın”.

Xəstəlikdən əziyyət çəkənlərMeydan TV sözügedən cəzaçəkmə müəssisəsində xəstəlikdən əziyyət çəkən məhbusların bir qisminin kimliyini dəqiqləşdirə bilib. Adının açıqlanmasını istəməyən həbsxana əməkdaşının verdiyi məlumatda deyilir:
1. 48 yaşlı Yediyar Sədiyar oğlu Həsənov. Hər iki ayağında qanqrena – çürümə gedir. İki ay əvvəl Müalicə Müəssisəsinə köçürülüb. Köçürüləndə 1 ayağında çürümə olub. Orada olarkən digər ayağında da çürümə başlayıb. Müalicə etməyib geri qaytarıblar. Hazırda hər 2 ayağı çürüməkdə davam edir.2 Məmmədəli Mirzəli oğlu Hüseynov. Onu da 1 ay əvvəl "sentral”a köçürüblər. Orada 1 həftə qalıb. Müalicə etməyib geri qaytarıblar. Deyiblər ki, get, nə vaxt azadlığa çıxarsan, özünü müalicə etdirərsən. M.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda azad olunmasına 2 il qalıb.3. Məhkum Abdulla Xəlilovun onurğasında çürümə gedir. Onu da müalicə etmirlər. İmkansızdır.4.Tahir Şəmməd oğlu Həsənov. Mədə bağırsağında ciddi problemlər var. Ağır xəstədir. İlham adlı diş həkimi məhbəsdə onu hepatitə yoluxdurub. Müalicə olunmasa, öləcək.5. Məhkum Xeyrulla Hüseynov asmadır. Bundan başqa, ayaqlarında damarları partlayır. Müalicə etmirlər. Özünün də müalicə üçün imkanı yoxdur.6. Məhkum Camal Həsənovun sağlıq durumunu mənbə "olduqca ağır” ifadəsi ilə nişanlayır. Deyir ki, ayağından qan-çirk axır.Mənbə deyir ki, maddi imkanları olmayan dustaqların durumu son dərəcə ağırdır.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov Meydan TV-yə deyib ki, bu məsələ Baş Tibb İdarəsinin nəzarətindədir. 6 saylı Cəzaçəkmə Müəssisəsindən şikayətlərə gəlincə, Mehman Sadıqov şikayətin araşdırılacağını deyib.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə Meydan TV-yə deyib ki, Camal Həsənovun adı 6 saylı Cəzaçəkmə Müəsisisində deyil. Digərlərinə gəlincə, onlar üçün tibbi xidmət əlçatan olub və şikayətlərinə uyğun olaraq da müvafiq tibbi yardımlar alıblar:
"Məsələn, Yediyar Sədiyar oğlu Həsənov. Bu məhbus uzun müddət ətraflı müayinə və müalicə cəlb olunub, iki ay həkim nəzarətində qalıb. Düzdür, onun aşağı hissəsində müəyyən patalogiyalar var, sentyabrın 4-də həmin xroniki patologiyaya görə təkrar Məhkumların Müalicə Müəssisinə köçürüldü. Hazırda tibbi müayinələrə cəlb edilib. Abdulla Xəlilova iki dəfə cərrahi müdaxilə olub, amma müayinə və müalicələrə bir az intizamsız yanaşdığından problem yaşanır. Əgər intizamsız yanaşmasa, indiki vəziyyətlə qarşılaşmaz. Xeyrulla Hüseynova da tibbi yardımlar göstərilir, ancaq o əlilliklə bağlı narazılığını bildirir. Deyir ki, xəstəliyə görə əlillik almalıdır. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xüsusi meyarları var, yəni xəstəlik qrup dərəcələrinə uyğun gəlməlidir ki, təqdimat olunsun. Əlillik dərəcəsini müvafiq nazirlik verir və xüsusi elektron baza əsasında təqdim olunur. Amma Xeyrulla Hüseynovun müayinələrinin nəticələrində həmin meyarlar müəyyən edilməyib. Gələcəkdə səhhətində ağırlaşmalar müşahidə olunarsa, təkrar müayinələrə cəlb olunacaq və meyarlara uyğun gəldikdə elektron bazaya daxil ediləcək”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın