Əsərlərini vacib saymayan yazıçı - Ceylan Mumoğlu yazır

23, 07, 18
01:03

Əsərlərini vacib saymayan yazıçı - Ceylan Mumoğlu yazır

Yazıçı Həmid Piriyevlə yalnız virtual tanışıq. Ədəbiyyatla bağlı hansısa suala cavab axtarırdım, ortaq dostlardan biri məsləhət görmüşdü, dostlaşmışdıq. 
 Elə o vaxtdan sualım yaranan kimi narahat etdiyim (Əli Şəriəti demişkən, sizi narahat etməyə gəldim) qələm dostlarımdan biri də Həmiddir. O da sağ olsun, ehtiyatında nə qədər material, bildiyi, xəbərdar olduğu məlumat varsa, canlı ensiklopediya kimi tökür ortalığa ki, buyurun, oxuyun, öyrənin, inkişaf edin. 
Günlərin bir günü dedim ki, bu qədər materialla tanış etmisiz məni, heç öz kitablarınızdan göndərmirsiz ki, bunları da oxuyun, rəy bildirin. Cavabı da özü kimi sadə oldu. Dedi, onlar elə də vacib deyil, öyrənmək üçün əvvəl göndərdiklərimi oxuyun.
Beləliklə, Həmid Piriyev yaradıcılığından ilk kitabı "Şanapipik haqqında mahnı" miniatür romanını oxumaq fürsətini mən də yaxalamış oldum. Yazıçı özü əsərinə roman demir, deyir ki, novelladır o, həcmi azdır, roman demək olmaz. Ancaq qəhrəmanlar və təsvirlər də çox olduğu üçün janr kimi miniatür roman demək olar. Əsər hissələrlə əvvəlcə "Yazı" jurnalında dərc olunub, tamamlanması 2015-ci ilə təsadüf edir.

Yazıçı miniatür romanında yetişdiyi kənd mühitində hər gün gördüyü, ünsiyyətdə olduğu adamları təsvir edib, onları ədəbi qəhrəmana çevirərək oxucularına təqdim edib. Həmid Piriyev Pirşağıda doğulub və qələmə aldığı kəndin, insanların, ayrı-ayrı məkanların təsviri də həmin yerlə ələqədardır.
Deyirlər, yazıçılar yazdıqları dövrün güzgüsüdürlər. Bu doğru fikirdir. Bəzən ayağımızın dəymədiyi yerləri, mühiti, orda yaşayan insanların həyat tərzlərini, sevinclərini, kədərlərini ədəbiyyat vasitəsiylə öyrənmiş oluruq. Bu mənada yazıçılar həmin mənzərəni oxuculara ötürmək üçün vasitəçi rolunu oynayırlar. Məsələn, "Şanapipik haqqında mahnı" nı oxumasaydım, Pirşağı kəndindəki adət-ənənəni, insaların ünsiyyət tərzlərini, həyata baxış bucaqlarını, ümumiyyətlə, necə yaşadıqları haqqında dolğun təsəvvürə malik olmayacaqdım. Çünki real olaraq o mühitdə yaşamamışam. Bunu nisbi şəkildə ədəbiyyatla öyrənirik.
Image result for Åanapipik haqqında mahnı
"Şanapipik haqqında mahnı" romanının dili sadədir, səmimidir. Yazıçı söz və ifadələrində yerli ləhcədən istifadə edib ki, bu da əsərə rəng qatıb, maraqlı edib. Həmin məkanda yaşayan oxuculara gündəlik istifadə etdikləri üçün həmin dil adi görünə bilər, ancaq mənimçün başqa təsiri oldu, bəzi məqamlarda təbəssümə, hətta gülüşə səbəb olurdu. Əsərdə ləhcə istifadəsini təqdir edirəm, bu, adət-ənənələrin, söz və ifadələrin unudulmaması baxımından əhəmiyyətlidir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın