Jurnalist Nurlan Cəfəri yazır... YAŞAT Fondu fondunun ən yaxşı tərəfi haqqında bir neçə cümlə...

10, 02, 22
10:56

Jurnalist Nurlan Cəfəri yazır... YAŞAT Fondu fondunun ən yaxşı tərəfi haqqında bir neçə cümlə...


Başlığın mənası haqqında bir qədər sonra məlumat verəcəm. İlk öncə onu bildirim ki, şəhid ailəsi olmaq bütün türk dünyasında fəxrdir, qürurdur. Zaman-zaman digər türk ölkələrində, xüsusən də Türkiyəni misal gətirərək şəhid ailələrinə göstərilən qayğıdan danışıb vətənimizə də bu qayğını arzulamışıq. İkinci Vətən Müharibəsindən sonra cənab prezident, ali baş komandan Ilham Aliyev in əmri ilə "YAŞAT" fondu yaradıldıqdan sonra artıq ölkəmizdə bu stereotip qırıldı, şəhid ailələrinə göstərilən qayğıya görə artıq biz digər ölkələrə nümunə göstərilməyə başladıq. "YAŞAT" fondu fəaliyyətə başladıqdan həmən sonra hər şeyə qulp qoşmağı özünə həyat fəlsəfəsi seçmiş bəzi şəxslər fond haqqında qaragüruh mövqe sərgiləməyə başladılar. Mən isə media nümayəndəsi və fondun rəhbər şəxslərinin fondaqədərki fəaliyyətinə bələd olduğum üçün ilk gündən fondun uğurlu olacağını, şəhid ailələrinin, qazilərin dostu olacağını israrla bildirdim. Zaman göstərdi ki, bu həqiqətən də belədir, belə də oldu.

İndi keçək bu yazımın ərsəyə gəlmə səbəbinə. Azərbaycanda şəhid övladı olmaq fəxrdir.  "YAŞAT" fondu sayəsində isə fəxr olmaqdan əlavə ölkənin ən işıqlı gələcəyi olmaq şansına çevrildi. Onların bizdən üstünlüyü çoxdur. Şəhid övladı olmaq, atasını vətən yolunda itirmək, vətən sağ olsun deyə atasızlığla yaşamaq və s. Amma bu üstünlük onlara xüsusi avantaj, gələcək şansı qazandırdı. Çünki onların ən azı atası, qardaşı olmasa da onları oxutduran, onlara təhsil verən dövlət var, dövlətin nəzarət etdiyi fond var. İnanın səmimiyyətimə, o uşaqlar şəhid ailəsi olduğu üçün bizdən daha yaxşı təhsil alacaqlar, bizdən daha gözəl uşaqlıq, gənclik yaşayacaqlar. Təbii ki, bu avantaja ölkədə ən çox onlar layiqdirlər, bu ən çox onların haqqıdır.

Fondun şəhid ailələri üçün təşkil etdiyi "YAŞAT Düşərgəsi" şəhid övladlarının kimsəsiz olmadıqlarını, qayğıdan kənarda qalmadıqlarını sübut etdi. 2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edib. Ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgə həyata keçirilib Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.

Fondun şəhid ailələrinin təhsili ilə bağlı atdığı addımlardan biri də onların orta, peşə və ali təhsil ocaqlarında daha yaxşı təhsil almasına yardımçı olmaq, bu təhsil mərkəzlərinə qəbul olan gənclərin təhsil xərclərini qarşılamaq və bunun sayəsində onların təhsil müddətində xərcləri deyil, dərsi, oxumağı düşünməsinə səbəb oldu.

2021-ci ildə ümumilikdə  şəhid ailələrinin təhsil haqqı üçün fond tərəfindən 81.000 manat xərclənib, 41 tələbəyə 2000 manat birdəfəlik pul vəsaiti köçürülüb.

Bundan başqa fondun müxtəlif lisey ocaqları ilə bağladığı müqavilələr sayəsində çox sayda gənc fondun hesabına liseylərdə yüksək səviyyədə təhsil alır.

Evrika liseyində Bakı şəhəri Nərimanov rayonu ərazisindən olan 3 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir. Bundan başqa hazırda 14 nəfər şəhid övladı Hədəf Liseyində təhsilini davam etdirir. Bundan başqa “YAŞAT” Fondunun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən 222 822 manat təhsil haqqı qarşılanıb. Bunlar yalnız mənim bildiklərim, araşdırıb ortaya çıxartdıqlarımdır.

Bəli, bir xalqın gələcəyi o xalqın gənclərinin təhsilidir. Təhsili güclü olan ölkəni heç kim yıxa bilməz, məğlub edə bilməz. Məhz buna görə də yazının əvvəlində yazdığım kimi "YAŞAT" fondunun ən yaxşı tərəfi də budur. Ölkəmizin gələcəyinə minlərlə savadlı gənc hazırlamaq, minlərlə gəncə həm gözəl uşaqlıq, həm savadlı gənclik töhfə vermək. Bir ölkə üçün bundan yaxşı heç nə ola bilməz.

Sonda, üzümü xalqıma tutub sadəcə onu deyə bilərəm. Bəs bu qədər təhsil xərci, bu qədər gözəl işlər nəyin bahasına başa gəlir? Sənin, mənim, onun, bunun fonda göndərdiyi vəsaitlər sayəsində. Sizlərin, bizlərin göndərdiyi manatlar toplanaraq ölkəmizin gələcəyi üçün işıqlı gənclik yetişdirilir. Heç şübhəsiz ki, sizlərin, siz xalqın böyük ürəyi, cibinizdən deyil, ürəyinizdən çıxan o maddi yardımlar olmasaydı az öncə sadaladığım faktlar da olmazdı. Ona görə də, dostlarımı, xalqımı fonda yardıma davam etməyə səsləyirəm. Əminəm ki, şəhid ailələri üçün fondun hələ görəcəyi çox iş var, bu işlərə gəlin birlikdə dəstək olaq, şəhid ailələrini qoruyaq. Hörmətlə...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın