Elşad Barat: Hadı Rəcəblinin Cırıq Köynəyi

17, 07, 18
11:42

Elşad Barat: Hadı Rəcəblinin Cırıq Köynəyi

Yaşlandıqca gəncliyi unudan bütün məmurlar kimi Hadı Rəcəbli də arxadan daha parlaq intellektli Azərbaycan gəncliyinin gəldiyini yaddan çıxardıb. Hansı ki, sabahkı Azərbaycan o gəncliyin əlində olacaq.  Hadı müəllim bizi yaddan çıxartsa da, biz onu həmişə xatırlayırıq. Xatırlayırıq ki, uşaq yaşlarında çörək zavodunda işləyib, əziyyət çəkib. Həmin vaxtlardan bir şəkli də var, köynəyinin sol çiyni cırılıb. O şəkil məni yaman kövrəltdi, allah haqqı, kəskin şəkildə kövrəldim, bilirsiz niyə? Mənim də bütün uşaqlığım, yeniyetməliyim (hansı ki mənim nə yeniyetməliyim, nə də gəncliyim olmayıb, uşaqlıqdan birbaşa qocalığa keçmişəm) cırıq köynəklərlə keçib. Məsələ belədir ki, Hadı müəllim sovet dövründə cırıq köynək geyinir, işləyir, əziyyət çəkib bəhtəsini də görürdü. Mən isə müstəqillik dövründə cırıq köynək, yamaqlı şalvar geyinib, əziyyət çəkib, bəhrəsini də görməmişəm. Bəhrə deyərkən insan əməyinin laiqli qiymətləndirilməsini nəzərdə tuturam.  Baxıram ki, Hadı müəllim hələ sovet dönəmində yüksək vəzifələrdə işləyib, maraqlı həyat yolu keçirib, Bəxtiyar Vahabzadə kimi böyük şairlərlə görüşüb, onların qayğısına qalıb. Maraqlıdır ki, bu gün Hadı müəllim niyə şairlərimizə tərəf baxmır? Məsələn Salam Sarvanın şeirlərinə qurt düşüb? Yoxsa, Ayaz Arabaçının misraları iylənib? Bu şairlər Bəxtiyarlardan istedadsızdımı?  Deməyim odur ki, Hadı müəllim yaşlandıqca daha çox unutmağı bacarır. Bu gün Hadı müəllimin 70 yaşı haqlamış vaxtlarıdır, hələ Milli Məclisdən əl çəkmir. Düşünmür ki, onun yerində hansısa bir parlaq, işıqlı gənc otursa, bu millətə daha yaxşı vəkillik edər. Adama elə gəlir ki, Hadı müəllim özünə söz verib, and içib, əlini qurana basıb ki, Milli məclis yaranandan dağılana qədər o binadan çıxmayacam. Arzu eləyirəm 200 ildən sonra da Hadı müəllim Milli Məclisin deputatı olsun. O vaxtı yadplanetlilərlə danışıqlar aparmağa da onu göndərə bilərik.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın