Azərbaycan teleserialı: 20 dəqiqə sonra ürəyim bulandı…

05, 01, 22
11:55

Azərbaycan teleserialı: 20 dəqiqə sonra ürəyim bulandı…


Mən uzun illərdir televizora baxmaqdan imtina etməm. Çünki telekanallarda nəinki faydalı, heç faydası olmayıb ən azandan əyləncəli olan verilişlər də tapa bilməmişəm. Söhbət təkcə yerli telekanallardan getmir. Düşünürəm ki, müasir dövrdə televiziyalar insan həyatı üçün heç bir əhəmiyyət kəsb etmir.

İndi evdə televizor divardan antikvar əşya kimi asılıb. Susub. Əminəm ki, bu zamanda ən gözəl televizor susmuş televizordur. Zərərsizdir, virus yaymır. Ən əsası isə heç kim “çağırılmamış qonaq” statusunda evimizə daxil olub baş-beynimizi aparmır...

Bayram günlərində qohumlardan birinə qonaq getdim. ATV-də “Bir qadın” adlı serial verilirdi. Cəmi 20 dəqiqə baxdım. İlk gəldiyim nəticə bu oldu: “Yaxşı ki, mən televiziyaları həyatımdan “delet” etmişəm”. Bunu etməklə ömrümü bəlkə də illərlə uzatmışam, bəlkə də neçə-neçə xəstəlikdən xilas olmuşam, ən vacibi isə zamanımı bu boş qazanları izləməklə keçirməmişəm. 

Serialı cəmi 20 dəqiqə izləməklə ürəyim bulandı, başımda damarlar şişdi, sifətim turşudu. 

Azərbaycanın serial bazarı məişətin dibi, gəlin-qaynana qarşıdurmalarının zövqsüzcə təqdimatı, vulqarizmin çöküntüsündən o yana çıxa bilmir. Çevir tatı, vur tatı. 

Ümumiyyətlə, mövzu özü olduqca aşağısəviyyəlidir. Gəl ki, bu aşağısəviyyəli mövzunu aşağısəviyyəli, süni, danışıqla bədən dili bir-birini təkzib edən hərəkətlərlə tamaşaçıya təqdim etdikdə ortaya hansı məhsul çıxır, bunu özünüz təsəvvür edin. Mən ona ad tapa bilmədim. Həmin seriala qulağınızı tutub baxsanız düşünərsiniz ki, tamam başqa məsələlərdən söhbət gedir. 

Bildiyim qədər, bu kimi serialların çəkilməsi nə onun rejissoruna, nə də aktyorlara böyük qazanc gətirir. Həmin serialların tamaşaçı kütləsi nə qədərdir, bu haqda məlumatım yoxdur. Film mütəxəssisi də deyiləm. Təsadüfən ekran qarşısında oturan tamaşaçıyam. Və bu təsadüf mənim həqiqətən də ürəyimi bulandırdı. Bu seriallara baxanda zövq alan varmı, lütfən şərhdə yazsın. Bəlkə mən başa düşmürəm. İQ səviyyəm o qədər aşağıdır ki, o seriallardakı mənaları tuta bilmirəm, gözəllikləri görə bilmirəm. Nə bilmək olar. Zövqsüzlük də bir bəladır və mən də bu bəladan əziyyət çəkmiş ola bilərəm.

Bilirəm ki, bu yazdıqlarım boş quyuya atılan daşdan başqa bir şey deyil. Bundan narahat da deyiləm. Çünki düzəlməyəcək. Bizdə ya film çəkmək istedadı yoxdur, ya da telekanal rəhbərlərinə elə efiri mətbəxdə çəkilən seriallarla doldurmaq daha sərfəlidir.

Yeri gəlmişkən, yazıda yalnız bir serialın adını qeyd etmişəm. Amma əminəm ki, digərləri bundan da betərdir. Ona görə də yazı təkcə adıçəkilən “əsər” haqda deyil. Serial bazarının bütün “məhsullarına” şamil olunur. 

Bir az emosiya. Bir az da mövzuları qurşaqdan yuxarı qaldırmaq lazımdır. Yenə də özünüz bilərsiniz. Onsuz da baxmıram...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın