Azərbaycan jurnalistlərinə MƏKTUB

30, 12, 21
14:52

Azərbaycan jurnalistlərinə MƏKTUB



Elşad EYVAZLI

Bu məktub Sizədir, gerçək jurnalistlər...

İndi çoxunuz deyəcəksiniz ki, balam, görəsən, bu Elşad Eyvazlıya nə düşüb, ilin, günün bu vaxtı durub jurnalistlərə məktub yazır.

Neynim axı, çoxdandı biri-birimizi görə bilmirik, koronavirus bizi də ayrı salıb. Distant jurnalistikaya keçmişik.

İnternet üzərindən görüşmək, danışmaq adamı çox darıxdırır, çox tənhalaşdırır, çox bezdirir.

Mən eləyəm...

Siz də eləsiniz?

Öz vəziyyətiniz necədi?

Jurnalist olmaqdan məyus deyilsiniz ki?

İşiniz, gücünüz yaxşıdımı, işinizdən məmnunsunuzmu?

Maarifləndirmə, doğru bilgiləndirmə istiqamətində çalışa bilirsinizmi, yoxsa jurnalistikada peyda olan qara-quraların kölgəsində qalmısınız?

Əyriyə düz, düzə əyri demirsiniz ki?

Sözün təəssübünü çəkə bilirsinizmi?

Sözə xəyanət edənlərlə dost deyilsiniz ki?

VƏ ...???

Bu məktub həm də özümədir. Demək ki, suallar da həm də özümədir. Cavab yazmasaq da olar. Özümüzü belə suallarla baş-başa buraxaq.
Olmuş bir hadisə: bir dəfə iki qonşu qadının sözü düz gəlmir. Dalaşırlar.

Bu qadınlardan biri çox əxlaqlı, o birisi isə çox əxlaqsız imiş. Xülasə, dava qızışır, əxlaqsız qadın baxır ki, hamı onun üzərinə gəlir, başlayır özünün çıxardığı hoqqaları əxlaqlı qadına yapışdırmağa ki, səni belə görmüşük, filan kişi ilə belə getdin, filan oteldən belə çıxıdın və s...

Sən beləsən, eləsən... Daha nələr.

Yazıq əxlaqlı qadın o əxlaqsızın qonum-qonşunun içində qışqıra-qışqıra elə sözlər deməsindən çox utanır, ağlaya-ağlaya evinə qaçır...

Utandığından xeyli müddət evdən bayıra çıxmır.

O əxlaqsız qadın isə küçədə, qonum-qonşu yanında meydan sulayır, özünün haqlı olduğunu utanmadan hamıya bəyan edir.

Üstündən zaman keçir. Hər şey unudulur.

Bir dəfə əxlaqlı qadın işdən gələrkən binalarının qarşısında qonşularla qarşılaşır. Ona iftira yağdıran qadın da orada imiş. Nəsə, ora-bura bir az danışır, qeybət edirlər.

Qəfildən, həmin hadisə əxlaqlı qadının yadına düşür, əxlaqsızdan soruşur ki, bəs, sən heç utanmadın, o vaxt özünün törətdiyin bütün əməlləri mənə dedin, halbuki bütün qonşular səni yaxşı tanıyır.

Mən də utandığımdan evə qaçdım, çünki sənin dediklərinin eynisini cavab olaraq geri qaytarmaq gücündə deyildim, o ifadələri dilə gətirmək belə mənim üçün qəbuledilməz idi.

Əxlaqsız qadın da gülə-gülə qayıdır ki, özün bax da, biz dalaşırıq, hamı da bizə baxır...

İndi özün düşün, bəs, mən sənə nə deməliydim.

Dalaşdığın adama sən əxlaqlısan, düzgün adamsan, namuslusan, ləyaqətlisən demək olar?

Deməyəcəkdilər ki, utanmırsan, belə bir adamla dalaşırsan. Hamı mənim üstümə töküləcəkdi, məni məzəmmət edəcəkdi, üzümə tüpürəcəkdi.

Amma mən öz etdiklərimi sənə yapışdırdım, sən də utandığından cavab verə bilmədin, ağlaya-ağlaya qaçıb evinə getdin.

Bizi tanıyanlar bildi ki, sən haqlısan, tanımayanlar, sənin qaçıb getdiyini görənlər mənim haqlı olduğumu zənn etdilər. O gündən hamı mənim əxlaqsızlığımı unudub, hamı məni adam kimi qəbul edir. Sənin qaçıb getməyin mənə yol açdı.

Bəli, əsl jurnalistlər!

İndi bizim sahədə də eyni durumdur. Xüsusilə distant həyat, distant jurnalistika dövründə bu, qarşısıalınmaz ənənəyə çevrilib.

Nəinki iki cümləni ard-arda yaza bilməyənlər, hətta bir fikri ifadə edə bilməyənlər at oynadır.

Abırlı sizlər abrınıza qısıldıqca onlar daha da abırsızlaşırlar. Özlərini həm də jurnalist kimi görür və qəbul edirlər.

Qəbul da etdirirlər. Elə məmurlara da belələri lazımdı...

Hə, niyə bu məqamı önə çəkdim...

Sizcə, əxlaqsız biri xalqın, millətin, dövlətin qədrini biləndimi? Onun namını çəkəndimi?

Öz xalqına xidmət edən insanlara dəyər verəndimi?

Sözə, jurnalistikaya namus kimi baxandımı?

Yenə də cavab yazmayın. Özünüzə cavab verin...

Amma Siz abrınıza qısıldıqca onlar bütün meydanı ələ alacaq. Necə ki, alırlar.

Artıq ön masalarda onlar oturur, ön məmurlar onlarla şəkil çəkdirir. Nəticədə kütlə də onları tanıyır, xalq onları qəbul edir.

Vallah mən də çoxu kimi “nə işimə qalıb”, deyə, keçə bilərdim. Mən də çoxu kimi o qara-quralarla dostluq edə bilərdim.

Bəs, yazıq deyilmi SİZ...

Bəs, yazıq deyilmi SÖZ..

Öz vəziyyətiniz necədi?

Jurnalist olmaqdan məyussunuz?

İşiniz, gücünüz yaxşıdımı, işinizdən məmnunsunuzmu?

Maarifləndirmə, doğru bilgiləndirmə istiqamətində çalışa bilirsinizmi, yoxsa jurnalistikada peyda olan qara-quraların kölgəsində qalmısınız?

Əyriyə düz, düzə əyri demirsiniz ki?

Sözün təəssübünü çəkə bilirsinizmi?

Sözə xəyanət edənlərlə dost deyilsiniz ki?

Bu suallara cavabınız gecikdikcə, jurnalistikada peyda olan qara-quraların kölgəsində qalacaqsınız...

Jurnalist olmaqdan məyus olacaqsınız

Əyriyə düz, düzə əyri deyəcəksiniz.

Və nəinki sözün təəssübünü çəkə biləcəksiniz, əksinə sözə xəyanət edənlərlə dost olacaqsınız.

İndi bildinizmi, Elşad Eyvazlıya nə düşüb, ilin, günün bu vaxtı durub jurnalistlərə niyə məktub yazır.

Bu məktub həm də özümədir...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın