Ayağını kötüyə qoyan qazi

28, 11, 21
11:31

Ayağını kötüyə qoyan qazi


Qapıdan içəri girən kimi qoltuq ağacını gücü gəldikcə tolamazladı. Dəli olmuşdu. Nə etdiyini bilmirdi. Qoltuq ağacı köhnə stolun üstündəki qəndqabına dəydi. Qəndqabı aşdı. İçərisindəki borca alınmış qəndlər otaqla bir oldu.

Dərhal da peşmançılıq keçirdi bu hətəkətindən. Daxilində yaranan bu stressi ailəsinə, uşaqlarına yaşatmamalı idi, deyə düşündü. Vəziyyətin bu həddə çatmasında onların heç bir günahı yox idi. Onu bu duruma salan ölkədəki durum, Vətən Müharibəsi idi.

Savaşın ilk günündə cəbhyə getmişdi. Onu vətən çağırmışdı. Körpə uşaqlarına, ailəsinə dəstək olacaq kimsənin olmamasına baxmayaraq, ön cəbhəyə yollanmışdı.

Amma fələk onu ağır sınağa çəkdi. Yanında elə bir mərmi partladı ki, dünya-aləm gözündə qaraldı. Yoldaşlarından kimin ölüb, kimin qaldığını bilmədi. Amma o yaşayırdı. Əgər buna yaşamaq demək olardısa... 

Gözünü açanda hospitalda idi. Az sonra məlum oldu ki, həmin mərmi onun ayaqlarını xıncım-xıncım edibmiş. Amma peşəkar həkimlər onun xəşilə dönmüş ayağını komputer proqramı kimi yenidən yığıblar. Ayaq ayağa oxşayırdı. Ayaq kimi görünürdü. Amma o ayaq ayaq funksiyasını yerinə yetirmirdi. O, 10 ay idi ki, cəbhədən həmin ayaqla qayıtmışdı. 

O, 10 ay idi ki, qoltuq ağacı ilə gəzirdi. Əl, ayaq, bütün bədən üzvləri yerində idi. Bunu ona aidiyyatlı dövlət qurumlarının əməkdaşları deyirdi. Bildirirdilər ki, o fiziki qüsürlu deyil və pensiya düşmür. 

İndi o əlil ola-ola əlil deyildi. Onu buna inandırmaq istəyirdilər ki, pensiya almağı haqq etmir. Nə olsun ki, ayağının biri işləmir. Nə olsun ki, o qoltuq ağacı olmadan hərəkət edə bilmir. Ayaq ki yerindədir. Bəlkə də 10 dəfə getmişdi idarəyə. Hər dəfə eyni cavabı almışdı. “Əl, ayaq yerindədir, sənə əlillik düşmür”. 

Amma axı reallıq vardı. Onun ayağının biri maket kimi yerində olsa da, o ayaq bədənini saxlamırdı. Faktiki əlil olduğu üçün əvvəlki iş yerində də çalışa bilmirdi. Evə pul gətirmirdi. Rəzil hiss edirdi özünü. 

Qoltuq ağacı olmadan hərəkət etməsi mümkün deyildi. Bunu isə dövlət qurumlarına sübut edə bilmirdi. Onun ailəsi, uşaqları ağır durumda idi. Əgər savaşdan əvvəl uşaqlarının arzularını yerinə yetirə bilirdisə, indi onların ən kiçik istəklərini də qarşılaya bilmirdi. 

O aciz adam deyildi. Belə olmamışdı. İndi düşmənin deyil, ailə və uşaqlarının önündə aciz duruma düşmüşdü. Kənddəki marketlərə borcları dözülməz həddə çatmışdı. Ona əlillik veriləcəyini, aylıq ödəniş olacağına ümid edirdi. İndi sonuncu dəfə ona “yox” deyilmişdi. Həm də elə deyilmişdi ki, bir də o idarəyə ayaq basmağa utanırdı. 

O qürurlu adam idi.

Heç vaxt belə bir duruma düşməmişdi.

Çıxış yolu tapa bilmirdi. 

Düşünürdü...

Nə etmək lazımdır?!

Rayon mərkəzindən qayıdarkən bu işləməyən ayağı ona yükdən başqa bir şey olmadığını dərk etdi. Bunu onun ağlına taksi sürücüsü saldı. “Bu ayaq da sənə yük oldu” cümləsi evə gəlib çatana kimi onun beynində fırlandı. Həqiqətən də əgər bu işləməyən ayağını zədə alan zaman hopitalda amputasiya etsəydilər, indi o ən azından əlil kimi qeydə alınar, dövlətdən pensiya verilərdi. Amma ayaq yerində idi. İşləməsə də.
 
O bu vəziyyətdə heç bir yerdə özünə iş tapa bilməzdi. Ali təhsili yoxdu. Bir ayaq işləmirsə, deməli, fiziki iş də mümkünsüz idi. Heç sağlam adamlar iş tapa bilmir…

Qoltuq ağacını tulladıqdan sonra uşaqları ona təəccüblə baxdılar. Onlar elə bil möcüzə baş verdiyini düşündülər. Amma heç bir möcüzə yox idi. O, küncdə qoyulan kresloda əyləşib başını əlləri arasına aldı. Taksidə ağlına gələn fikri düşünürdü. Yükdən xilas olmaq lazımdır...

Nə qədər həmin vəziyyətdə oturub düşündü, heç özü də bilmədi. Birdən ayağa durdu. Qərar qəti idi. Bu yük atılmalıdır. 

Əgər o yükün varlığı heç bir fayda vermirsə, yükün yoxluğu faydalı ola bilərdi. Ən azından mülki əlil kimi qeydə alınacaq və minimum olsa belə ona pensiya veriləcəkdi.

Ağır-ağır yerindən qalxdı. Qoltuq ağacını götürmədi. İşləyən ayağı üstə atıla-atıla tövləyə getdi. İti baltanı götürərək həyətdəki kötüyün yanına gəldi. İçində böyük bir boşluq vardı. Bu boşluğu ilk dəfə yanında mərmi partlayanda yaşamışdı. İndi də həmin sonsuz tuneldə hiss etdi özünü.

Düşünmədən işləməyən ayağını kötüyün üzərinə qoyub baltanı qaldırdı.

Heç bir şey hiss etmədi. Sanki narkozdan ayılmışdı...

Elnur Məmmədli

Qeyd: Bu sadcə, bir hekayədir.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın