Zığlı-palçıqlı, tıxlı-qılçıqlı xəbərlərin içində...

18, 11, 21
10:16

Zığlı-palçıqlı, tıxlı-qılçıqlı xəbərlərin içində...

Bu sosial şəbəkələr təkcə dezinformasiya yaymaq üçün əlverişli platforma deyil, eyni zamanda yayılmış dezinformasiyaların təkzib olunması, yayılmamış həqiqətlərin gün işığına çıxarılması üçün əlverişlidir.

Məsələn, tez-tez olur ki, nəsə bir texnogen qəza (və ya başqa bir şey) olur, insanlar ölür, yuxarılarda belə məsləhətləşirlər ki, bir neçə gün əsl həqiqəti pərdələsinlər, xalq şok üstündən şok yaşamasın, sonra yavaş-yavaş, alışdıra-alışdıra itkilərin sayını açıqlasınlar.

Peşəkar media tövsiyəni anlayışla qarşılayır, özünü dövlət babanın ağıllı, sözəbaxan nəvəsi kimi aparır, amma hər kənddə, küçədə yaşayan, min bir idarə və müəssisədə çalışan yüz minlərlə insanın üzv olduğu sosial şəbəkələrdə bunu etmək mümkün  olmur. Sosial şəbəkələr nadinc və ağzıyırtıq nəvədirlər, bildikləri, öyrəndikləri hər şeyi hamıya danışırlar. Belə olanda həqiqət ortaya çıxır, amma xalq şoka düşmür, eləcə kərəvəngə qalır, bilmir kim düz deyir, kim yanlış söyləyir. Sonra rəsmi xəbər yayılır, xalq əsl həqiqəti öyrənib xatircəm olur və əvvəlki həyəcanını qeyb edir, ertəsi gün gündəm dəyişir, başqa müzakirələr başlanır.

Elə də olur ki, bir texnogen qəza haqqında həqiqətlər çox şişirdilir. Hərə bir şey yazır, itki sayı getdikcə böyüyür, “həqiqəti xalqdan gizlədirlər” çılğınlığı start götürür, biri çıxır, “əslində orada 47 adam həlak olub” kimi “səhih məlumat” yayır, mini onu tirajlayır. Bir gündən sonra həmin dezinformasiya rəsmi orqanlar tərəfindən təkzib olunur, ortaya çıxır ki, itki sayı 10 dəfə şişirdilib. Yenə ehtiraslar soyuyur, söhbət bağlanır, gündəm dəyişir.

Əslində bu sosial şəbəkələr olmasa daha pis olar, şayiələr baş alıb gedər, türkün sözü, qar çığı kimi böyüyər və susan medianın gerçəkdən boş qoyduğu meydanda xaos əmələ gələr.

Eyni zamanda boş qalmış meydanda aranı qatmaq, suyu bulandırıb balıq tutmaq istəyənlər tapılır. Onlar elə bilirlər ki, yalan-yanlış xəbərlərlə, şişirdilmiş söhbətlərlə xalqı qızışdırıb meydanlara çıxarmaq, nəyəsə nail olmaq olar.

Bunlar havayı söhbətlərdir. Bizim camaat nə qədər də tırkaya gedən, həyəcanlı anlarda qızışan olsa da, tezliklə söhbətin vacehinə yetən və “heylə deyil, dəən, bizi alladırlar” deyə yarı yoldan qayıdan camaatdır. Onu heç kəs qızışdırıb sona qədər apara bilməz. Uzağı, bir yerə qədər olar.
Rəhmətlik Molla Nəsrəddinin kəndin tarlalarını viran qoyan fildən şikayət edən kəndlilərlə birlikdə padşahın qəbuluna getdiyi lətifəni xatırlayın. Şikayətçilərin hamısı müxtəlif bəhanələrlə bir-bir aradan çıxır, Molla bir də baxır ki, padşahın “priyomnu”sunda tək qalıb, fildən şikayət etsə, özünü işə salacaq, qayıdıb deyir, padşah sağ olsun, kəndimizə göndərdiyin fil təkdir, darıxır, onun tayını da göndər.

Təkzib olunan, yalan çıxan dezinformasiya məsələsində də elə olur. Hökumət qayıdıb “o xalqda ajiotaj doğuran dezinformasiyanı ilk kim yaymışdı” məzmunlu araşdırma aparanda, qabağa düşənlər dərhal gizlənir, statuslarını, yaydıqları xəbərləri silirlər, arada böyük saytların, tanınmış adamların yazdıqlarının skrinşotu qalır və paylaşılır. Söz də onların üzünə gəlir. Halbuki onlar o xəbəri yayan 150-ci adamlar idi.

Ona görə də obyektiv adamlar sosial şəbəkələrin, xüsusilə də onun ölkəmizdə ən prestijlisi olan növünün - Feysbukun zərərli və faydalı olması barədə birmənalı söz deyə bilmirlər. Mümkün deyil. Olmasa, baş verənlər barədə heç bir doğru-dürüst və operativ xəbər ala bilmərik, olanda da çoxlu kirli-pasaqlı, zığlı-palçıqlı, tıxlı-qılçıqlı, üfürülmüş xəbərlər alırıq, sonra dizimizi yerə atıb bir saat təmizləyirik ki, görək, o xəbərin harası düzdür, harası yanlışdır.

Bəs çıxış yolu nədir? Çıxış yolu odur ki, media siyasəti bir az dəyişməlidir (baxın, “tamam dəyişməlidir” yazmıram ki, heç kəsin xətrinə dəyməsin). Media qurumlarına xəbərlərlə operativ və obyektiv işləmək imkanı verilməlidir. Jurnalistlər də xəbərləri bir-birinin bəhsinə daha sensasion, daha dəhşətli təqdim etmək bəhsinə girməməlidir (bu, başqa və uzun söhbət olduğuna görə qalsın başqa vaxta).

Samir SARI 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın