Şirin, aslanın, çəpişin quyruğunu buraxmaq lazımdır

28, 09, 21
18:23

Şirin, aslanın, çəpişin quyruğunu buraxmaq lazımdır


Qarabağ savaşından sonra İranın Azərbaycanın dövlət maraqlarına zidd addımları o səviyyəyə çatdı ki, Prezident İlham Əliyev məsələ ilə bağlı açıq danışmalı oldu. Prezident özü dediyi kimi, əvvəlcə İranın Azərbaycandakı səfirinə doscasına etiraz edildi. Nəticə olmadı. Sonra, avqust ayında ikinci rəsmi nota təqdim olundu. Yenə də heç nə dəyişmədi. Məcbur olub Azərbaycan ərazisindən keçib Ermənistana gedən yük maşınlarına rüsum tətbiq edildi. 

Bu dəfə isə İran ayətullahların və deputatların dili ilə hədə-qorxu gəldi. Səbəb isə 25 min nəfər əhalinin olduğu kiçik bir bazardır. Qonşumuz üçün separatçıların məskəni olan bu bazar çoxmu önəmlidir? Əgər iqtisadi maraqlar öndədirsə, hələ dünya tarixində belə bir hal görünməyib ki, bu qədər kiçik bir bazar üçün dövlətlər bir-biri ilə hədə ilə danışsın, qonşu dövlətin sərhədinə ordu yığsın. İlham Əliyev də elə bu sualları verirdi ki, axı nə üçün? Nə üçün bu vaxta qədər İran Arazboyunda hərbi təlimlər keçirmirdi?

Bu gün İran XİN-i Əliyevin qaldırdığı məsələlərə reaksiya verib. XİN-in sözçüsü Səid Xətibzadə kifayət qədər diplomatik dildə danışıb və “sionist rejim”in İranın sərhədləri yaxınlığında olmasını mümkünsüz hesab edib. Bu ifadəsində nəyi nəzərdə tutduğunu aydın deməsə də, burada vurğunun İsraillə Azərbaycanın strateji tərəfdaşlığından narahatlığın ifadə edildiyi bəllidir. Burada bir sual ortaya çıxır ki, əgər İran belə bir əməkdaşlıqdan narahatdırsa, Azərbaycanın öz torpağında onun bəslədiyi, yedirib içirtdiyi separatçı ermənilərin varlığından bizim nə qədər narahat olduğumuzu anlamaq zorundadır. Hətta bunu artıq anladıqlarını da düşünürəm. Bu Xətibzadənin açıqlamasımndan da hiss olunur.

Prezident İlham Əliyevin bu məsələləri dilə gətirməsi problemin qarşılıqlı anlaşma ilə həll olunmasına xidmət edir. Xətibzadənin ayətuallahlardan fərqli olaraq loyal və qonşuluq davranışlarına yaxın açıqlaması pozitiv düşünməyə müəyyən əsaslar yaradır. Yetər ki, İran rəsmiləri dövlət səviyyəsində elan etdiyi prinsiplərə uyğun davaransın, Azərbaycan-Ermənistan məsələsində ən azı neytral mövqe tutsun.

Müasir dünya intriqalar deyil, əməkdaşlıq üzərində inkişaf edir. Siyasi proseslər göstərir ki, qarşıdurmalar təkcə dövlətləri deyil, millətləri, toplumu da geriyə çəkir, inkişaf etməyə qoymur. Bu gün İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi heç bir tərəf üçün faydalı ola bilməz.

Bunu İranın da, Azərbaycanın da ciddi və analitik təfəkkürlü kəsimi bilməmiş deyil. Mollaların dili ilə danışmağı dayandırmaq, iki qonşu dövlət kimi bir-birinin milli, dini, siyasi maraqlarına toxunmadan münasibətlərin stabilləşməsinə real addımlar atmağa ehtiyac var. Bunun üçün şirin, aslanın, çəpişin quyruğu kimi ritorikalardan tam imtina edilməlidir.

Azərbaycanın tək istəyi var: İran Qarabağdakı separatçı ermənilərlə əlaqəni dayandırsın. Top indi İrandaddır. Əslində, uzun müddətdir İran bu topu eyni istiqamətə fırlatmaqla məşğuldur. Bizi də narahat edən, qıcıqlandıran elə budur. Pərdəarxasında daha böyük oyunların da olması mümkündür. Amma xalq olaraq biz ermənilərlə dostluq edənləri özümüzə dost kimi görə bilmərik.

İranın dünyada bu qədər düşməni varkən ən yaxın qonşusunu da bu sıraya qoymaq niyyəti var? Əgər elə olarsa, o zaman Azərbaycanın nə qazanıb-nə itirəcəyini bir kənara qoyaraq demək istəyirəm ki, İranın özünün qazanacağı heç bir şey olmayacaq. Əməkdaşlıq isə hər iki tərəfin qazanması deməkdir.

Elnur Məmmədli

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın