Taxta-şalbanla bir-ikisinə çəksələr, əhliləşərlər

02, 09, 21
10:17

Taxta-şalbanla bir-ikisinə çəksələr, əhliləşərlər



Kubra Məhərrəmova yazır...

Hər tin başı xalq yaradıcılığının ən səmimi nümunələri ilə rastlaşırıq. “Bura zibil atanın...”, “bura zibil atma, ay ...” , “bura zibil atanın əzizi ölsün” və s.  Hətta bir dəfə Yasamal tərəfdə çox orijinal yazıya rast gəlmişdim. “Ana müqəddəsdir, ona hörmət qoy, bura zibil atma”. Yəni ki, sən zibili bura atırsan, ananı bütün məhəllə yad edir. 

Elə bir məhəllə, elə bir divar yoxdur ki, orada zibil atanlara belə müraciətlər olmasın. 

Qayaüstü rəsmlərdən fərqli olaraq bu divarüstü yaradıcılıq həqiqətən də bizim xalqın gün-güzəranını ehtiva edir. Özümüz nəyiksə, onu da divara yazırıq. 

İkicə tin o tərəfə gedib, zibili zibil qutusuna atmırıq. Qapının yanına, divarın dibinə, hara gəldi atarıq, təki bizə rahat olsun. 

Eyvanlardan şəhərin küçələrinə vızıldadılan torba-torba zibilləri hələ demirəm. Uşaq bezindən qarpız qabığına qədər, nə desən var. 

Bu varlıqların yüksəkmərtəbəli binalarda, avropasayağı təmir etdirdikləri mənzillərdə yaşamaqları bir şey dəyişməyib.  Mənəviyyat da, beyin də, düşüncə də zibildir. Nə az, nə çox, elə küçəyə tulladığı zibil qədər dəyəri var bu kəslərin. Sadəcə, biz əziyyət çəkirik.  

Dünən əməkdar artist Bəhram Bağırzadə dəniz kənarından, çimərlikdən video paylaşıb. Dörd tərəf zibillik...

Aktyorun videomüraciəti isə adamın necə təəssüf hissi ilə məsələyə yanaşdığını ortaya qoyur: “Dənizi zibilləməyin. Axı, bu dəniz bizim sərvətimizdir”.  

Bəhram müəllim, düz deyirsiniz, bu dəniz bizim sərvətimizdir. Ancaq çox az faiz vətəndaş üçün bu dəniz dəyərlidir, əzizdir. Yerdə qalanlar üçün isə evdən uzaq, gözdən iraq zibil qutusudur. Bir də, zibilləyənlərdən beş çömçə artıq olan dənizi zəbt edənlər üçün dəniz sərvətdir. Pul mənbəyi, qazanc yeridir. 

Nə isə... 

Cəmi ikicə gündür ki, təzə park açılıb. Yeni açılan “Gənclik” parkında 300 minədək ağac əkilib. Piknik üçün yerlər ayrılıb, futbol meydançası, qaçış üçün cığırlar, velosiped yolları və s. şərait yaradılıb. Mədəni istirahət üçün 43 hektar ərazi ayrııb. Amma və lakin xalqımızın “gözəl nümayəndələri” artıq oranı da bərbad günə qoymağa vaxt tapıblar. 

Səhər orada idman edən kəslər gecə gəzintisinə çıxan xala və əmilərin izlərini rahatlıqla sezə bilirlər. Topa-topa günəbaxan tumunun qabığı, yerdə-göydə plastik su qabları, kağız salfetlər və s. 

Amma bu xala və əmiləri danışdırsan, hamısı ziyalı mövqeyi qoyacaq ortalığa, beş də artıq. Hamısı qalstuk-pencəklə gəzən, toya-nişana ədəb-ərkanla gedən, namus-qeyrətdən dəm vuran, ailə dəyərlərini dəstəkləyən, öz evinin kandarından bir tozu keçirməyə qoymayan bu xalalar park, həyət, küçə-baca demədən hamısının anasını ağladır. İndi deyəcəksiz ki, bəs uşaqlar, gənclər zibilləmir? Zibilləyir. Çünki o da ata-anasından nə görürsə, onu da edir.  Atası çimərlikdə qarpızı gözünə təpir, qabığını vızıldadır sahilə. Anası qarğıdalını tıxır, sonra atır qumluğa. Uşaq da deyir ki, belə də olmalıdır. 

Mənim üçün ailə dəyəri elə buradan başlayır. Namus-qeyrət dediyin də. Başqasının zəhmətinə hörmət etmək ən böyük namus-qeyrətdir. Küçələri, parkları, həyətləri süpürən insanların əməyinə dəyər vermək ən böyük namus-qeyrətdir. Yoxsa qonşunun qızının qısa şortuna lağ edib, parkdakı skamya üstündə qeybət edərək, çırtladığı tumun qabığını yerə tüpürmək namus-qeyrət, ailə dəyəri deyil.   

Ölkənin üstünə “bura zibil atma, ay “adam”!” stikeri yapışdırsaq belə, düzələn deyillər. Sadəcə bir yolu var, cərimə! Bizim millətin özü haqqında dediyi gözəl ifadə var: Pulum çıxmaqdansa, canım çıxsın. Pulun dərdindən heç kim zibil atmayacaq. Amma cərimə də gərək çox yüksək olsun. Çünki bu sivilizasiyadan kənar qalan, inkişafdan geriləyən, mənəvi cəhətdən əlil olan kəslər üçün şəhər, oba, el, Vətən anlayışı yoxdur. Onlara çatmır ki, burada biz yaşayırıq, bizim övladlarımız yaşayır, buranı təmiz saxlamaq lazımdır. Ona görə də, necə ki, maska taxmayanlara qarşı sərt tədbirlər aparılır, yerə zibil atanları da bu qaydada cərimə etmək lazımdır. Allaha şükür ki, Bakımız doludur kamera ilə. 

Ya da Hindistanda COVID-19 xəstələri ilə davranan polislərdən Bakıya ezam etmək lazımdır.

Taxta-şalbanla bir-ikisinə çəksələr, əhliləşərlər. (Oxu.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın