Molla əmilərə mesajım

23, 08, 21
10:37

Molla əmilərə mesajım


Dünən ali həqiqət qapımı döydü. Son illər məni ən çox düşündürən, ölkə üçün qlobal problem saydığım məsələnin düyünü çözüldü. Sən demə, siyahısı barmağıma dolaşan boşanmaların sayı da, uşaqların xəstə, cansız doğulmasının səbəbi də məhərrəm ayında toy edənlərin günahıdır. Nəzərə alsaq ki, sözügedən matəm ayı il boyu davam etmir, belə çıxır ki, bu və ya digər səbəbdən cəmiyyət olaraq başımız yasdan açılmır.

Ümumiyyətlə, heç bir məsələdə fikrimi insanların beyin içinə yapışdırmaq kimi marağım yoxdur. Nəzərə alsaq ki, araşdırma məqaləm üçün məscidə vegetarianlıq və veqanlıq haqda sualla gedib, molla əmi tərəfindən halallıq olsun deyə 1 torba sosis və kolbasa ilə yola salınmışam (düzdür, məshullar halal (o da düzdür ki, mən bu məhsulların tam halal şəraitdə hazırlandığına inanmıram) idi) artıq heç nəyə təəccüb etmirəm.

Bir məqam da var ki, tarixçilərin, arxeoloqların qəti qənaətinə görə əzəldən hündürboylu, şux qamətli, badam yesə boylu görünən əcdadlardan törəmişik.

Hətta Tur Heyerdal bizi norveçlilərə qohum çıxarmışdı.

Hətta müharibələr zamanı həmin o zərif biləkli qadınlarımız kişilərimizin önündə gedərmişlər.

Ünsiyyətdə olduğum bütün mütəxəssislər müxtəlif bədənlərə hopmuş tək ruh kimi eyni cümləni təkrarlayırlar.

“Ərəblər zamanında Vətənimizi basmasaydı, belə cırlaşmazdıq”

Çox dərinə varmaq milyonlar tərəfindən əqidəsizlikdə suçlanmaq olduğu üçün suyun üzündə gəzəcəm.

Amma dini, aydınlığı, kamilliyi, paklığı təbliğ edən möhtərəmlərin Vanqalığını, kiminsə hələ doğulmayan körpəsinə şikəst möhürü vurmağını sağlam təfəkkür hesab etmirəm. Ümumiyyətlə, uşağın problemli doğulmağının quql sayda tibbi açıqlaması var. Ağıllı sitatlarla tik-tok fenomeni olmaq fikrində deyiləm. Amma çox maraqlansanız, mənbələri varaqlayın.

Mənim üçün tənqid mövzusuna döndərmədiyim, toxunulmazlığına toz qondurmadığım tək məqam uşaqlardır. Dünyanın ən uzaq ucunda varlığından xəbərsiz olduğum uşağı da sevirəm. O uşağa qarğış yağdıran hər kəs, hər şeylə, hətta dinin özü ilə də savaşmağa hazıram.

Bu cəmiyyət ilin hər günü doğulan azad ruhlu, sağlam canlı körpələrə möhtacdır. İnsanları din adı ilə batırdığınız savadsızlıq palçığından qorxmalısınız.

Sən də, mən də bilirik ki, yaymaq məcburiyyətində olduğun əsas missiya bu deyil.

Sən də, mən də bilirik ki, bu qədər şəhid verən, müharibə sonrası yorğun düşən ölkədə ailələrə ən bəyaz mesajlar ötürməlisən.
Sən də, mən də bilirik ki, ölkədə nəfəs alan bütün körpə canları balan kimi sevmirsənsə, istəyirsən lap ərəbcə yeni aksiomlar düz-qoş, yenə boşluğun dolmayacaq.

Tək uşaqlı ailəyə natamam orqanizm kimi baxan toplumu dini xoflarınızla məhv etməyin, əziz Molla əmilər.

Əvəzində məhərrəmlik vaxtı maddi təminatlı ailələrə uşaq evlərində sığal üçün növbəyə duran körpələrə qucaq açmağın, qanı, geni səndən olmayan yetimə valideyn olmağın ikiqat savabından danışın.

Milləti mənəvi sonsuzluğa sövq etməyin. Bunu sizdən nə din, nə də Allah istəyir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın