Bunu sənə anan yox, narkotik öyrədəcək

02, 08, 21
10:35

Bunu sənə anan yox, narkotik öyrədəcək



Leyla Sarabi

Əslində, ömrümüzü fəsillərə ayıran yaşımız deyil, oxuduğumuz yazıçıların zəka həcmidir. Əslində, bizi böyüdən anamız, atamız, təhsil verən müəllimlərimiz deyil. Valideyn bizə uzaq başı öləndən sonra beynimizi ağ kağız kimi silib, düzün ortasında qoyan ucsuz və rəhimsiz sevgi qoyub gedir. Müəllimlərimiz bəlkə də həyatımızın heç bir dönəmində yararlanmaq qabiliyyətinə çatmayacağımız bilik toplusu tökür beynimizə.

Məsələn, övladım həyatın sərt üzünə baxmasın deyə aynaları rəngləyən mən, günün birində istəməsəm belə həyatından su kimi axıb yerin dibinəmi batacağımı, göyün üzünəmi uçacağımı izah etmək cahilliyimə ana sevgisi tərifini verirəm.

Məsələn, dizi qanamasın deyə ovcumun içində bəslədiyim oğlanı bir gün düzün ortasında ayaqyalın qoyub hansı cəhənnəmə yol alacağım həqiqətindən ikimizi də sığortalaya bilmirəm.

Bəzən eqoist küsüntülərimizin adını sevgi qoyuruq. Bəzən komfort zonamızdan bır addım çölə çıxmamağa “sənsiz yaşaya bilmərəm” maskası geyindiririk.

Son dönəm kimdənsə nəsə gizlətmək, yalanımı bəzəmək istəmirəm. Ümumiyyətlə, yaşım artdıqca yaddaş kartımın sistemini çökdürməkdən qorxub yalan danışmıram. Bundan sonra ən çox etibarını itirməkdən qorxduğum da, sevgisinə möhtac olduğum da, qlobal rifahı üçün çalışdığım da ilk növbədə özüməm. Nə qədər narsist səslənsə də, hər şeyin başlanğıc nöqtəsi, bərəkət toxumu mənəm. Təbii ki, öz planetimdə...

Mən bu formulu sandığımda bəslədiyim nəfəsimi itirəndən sonra dərk etdim. Və bəlkə də itirəcəklərimlə qazanacaqlarım arasında qızıl ortanı tapdığım həmin acı həyatımın lap təzə mərhələsidir.

Əslində, oxuduğum kitabların içində hərfdən-hərfə dırmaşıb, uzun cümlələrə dolaşan fantaziyamdan ibarət deyiləm. Amma hadisələrin gedişatını unudub, bir qucaq küləyin içində ən xırda detalı xatırlayacaq qədər bədənimə hopduğunu da inkar etmirəm.

Boğanaq disiplininə, depressiv iş rejiminə rəğmən, içimdəki könüllü dəstənin məchul üzvünün yapon olduğuna inanıram.

Bəlkə bu səbəbdən, Murakami (Haruki) ilə ailə tellərimi kəsib ata bilmirəm. Məncə, doğmalığı ayırd etmək üçün saç telini, diş fırçasını, dırnağı laboratoriya otaqlarında çürütməklə müəyyən etmək absurd metoddur.

Doğmalığı hiss edirsən. Toxunmadan, kəlmə kəsmədən, son dilim tortunu paylaşıb, vaxtını heyf etdiyin filmin atasını birgə söymədən... ən adi doğmalıq.

Bəlkə də tanısan, məişətləşəcək, atan, ərin, oğlun yerinə qoysan, nəfəsini tükədəcək. Ona görə bəzi duyğuların adı olmur. Bəzi bağlara tərif vermək bünövrəsini yıxmaqdır. Felisiyanı bədbəxt edən Kafka qarşına çıxsaydı, əmin ol, tale sənin də üzünə gülməyəcəkdi.

Amma dar günümün dostudur Murakami. Əsərlərinin təsirindən artıq gicəllənməsəm də, ara-sıra məktəb vaxtı dilimə yapışan fizika qanunları kimi yadıma düşür.

Məsələn, onun yazmaq texnikasını sevirəm. Bədənimi, zehnimi yazıya səfərbər etməyi öyrənirəm. Poznerin də bir sözü var axı. Jurnalist olmaq üçün jurnalist təhsili almaq vacib deyil. Düşüncənizi, intellektinizi bəsləsəniz, yazmaq istədiyiniz yönü tapa biləcəksiniz. Murakamiyə görə isə yazmaq üçün istedaddan da ziyadə fikrini cəmləmək bacarığın olmalıdır. Bunun üçün də ilk növbədə bədənini zehninə itaətə çağırmalısan.

Murakami formulunun özəyi idmandır. Fərq etmir, qaçırsan, üzürsən, uçursan. Əsas məqam rəqibin üzərində qələbə ambisiyası deyil, öz mexanizmini işə salıb, acizliyini məğlub etməkdir.

Əslində, ruhun, zehnin qədər vücudunu da rəndələməlisən. Məsələ arzuladığın çəkiyə düşmək deyil. Bunu narkotik də bacarır. Mənliyini tapdayır, duyğularını öldürüb, mədənin ağzını tikanlı məftillə düyünləyir. Nəinki çəkini, adamlığını itirirsən.

Sonra 3 il, 5 il... Yox olursan, məhv edirsən.

Məsələ bütöv olmaqdır. Bütün fırtınalardan sonra qopub tökülən parçalarını toplamaqdır.

Bunu sənə nə anan, nə müəllimin, nə də oxuduğun kitablar deyəcək. Küçənin qaranlıq tinində ağzından köpük dama-dama qıvrılanlar, körpəsinin ağzından aldığı çörəyi narkotikə dəyişənlər, bədəninə dolan sancıya müqəddəslərini qurban verənlər öyrədəcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın