Şəhiddən küsən sevgilisi

22, 06, 21
10:49

Şəhiddən küsən sevgilisi



Leyla Sarabi

Qəribə düzəni var həyatın. Yeni ana olanın tör-töküntüsünü görüb, Vanqa enerjinə bürünüsən.

Böyüyəcək, yuxu boşluqlarını da dolduracaqsan, vaxt gələcək kölgənə etibar etmədiyin tifilini məktəb, universitet, uzaq ölkə, yad şəhər divarları ilə bölüşəcəksən. Hər dişi söz tutan bir məsləhət verəcək, tərbiyən dəyirmi masa müzakirələrinə çevriləcək. Daraq tanımayan saçların da ipəyə dönəcək, illərlə qovduğun çəkini də barmağında oynadacaqsan. Çünki ən çətin sınağınla, səndən qopanın acısıyla, çətiniylə təbiət daxili gücünü tarazlayacaq. "Etmərəm", "bacarmaram" dediklərin gündəlik rutinin olacaq.

Ümumiyyətlə, ətrafımı öyrətməyin tərəfdarı deyiləm. Madam ki, bu bala hamımızın əli batacaq, dadından həzz alıb, tərifini vermək də keyfimizin borcudur.

Günlərin bir günü heç unutmadığım, sevməkdən vaz keçmədiyim qadın öz aləmində analıqdan dərs verib, mənə görə həddini aşırdı.
- Mən ana olanda 44 yaşım vardı, sən övladını dünyaya gətirəndə 24. İndi özün düşün, hansımız daha çox anayıq?! Əlbəttə mən! Dünyada hər şeyi dadıb, həyatdan analıq məsuliyyətinə çıxmışdım. Sənsə özün böyümədən, başından ağır vəzifənin öhdəsindən gəlməyə cəhd edərdin.
Bu iradla ittiham arasındakı qalın nöqtədə tüğyan edən fikir axınına həmin vaxt ad qoya bilməmişdim. Amma indi adım qədər əminəm.
İnsanın intim sahəsində özü ilə birgə özündən

parçalarını böyütməkdən gözəl nə var ki?!

Yaxud mən bu prosesin içində səhv edirəm, büdrəyirəm, bezirsəmsə, yaşın çoxdur deyə sən qıraqdamı qalırsan?!
Yaşım artdıqca içimdə artan həqiqət arealım var.

Bu dünyada heç bir arzunu gerçəkləşdirmək üçün gec deyil. Bu həyatda heç bir nəsnənin doğru zamanı, konkret mövsümü yoxdur. Sən hazırsansa, demək vaxtdır.

Bəzən həmsöhbətimin ən gözəl ifadəsi müəyyən vaxt kəsiyində qaymaq kimi süd gölümün üzünü örtür. Rusiyalı fotoqraf suallarımı cavablayırdı.
- Tələbələrimi heç vaxt yanlışlarından döndərmirəm. Bəlkə də onun çətinlikdən çıxmaq üçün seçdiyi üsul tövsiyəmi geridə qoyacaq. Bəlkə də mənim yolumla addımlasa, öz izindən azacaq. Bəlkə də ovcumun bütün xətlərində gəzişən mənim üçün belə yeni cığır açacaq?!
İnsanları öz səbəb-nəticələri ilə aynalarda görüşdürmədən, sən də simanı çətin tapasan.

Mən Şəhid ərinin ruhundan küsüb, gözündən kin qarışıq eşq püsgürən qadın tanıyıram.

Onun çiynini günahla doldurmaq mənim boyumun ölçüsü deyil. Çünki əmin olduğum bir həqiqətim də var. Qadın ciyəri qədər sevmədiyi kişidən küsmür. Məzarına ayaq uzadıb evi kimi dinməz oturmur.

Bir də heç vaxt toxunmayacağı ürəyinin istisini gün vurmuş baş daşı ilə ovutmur.

Ərini gözündən axıtmağa qıymadığı yaş kimi içinə sıxıb özünü göynədir.

Çünki bilir, ağladıqca içindəki divarlar da quruyacaq, gedənin gəlməyəcəyini elə o səhranın ortasında dərk edəcək. Dodağı çat verəcək. Nəfəsi daralacaq. Ardından bir səhər leysan didəcək yaralarını. Nəm torpaqdan körpə fidanları yetişəcək.

İtirdiyi sevgisini ovcunun içində tapıb, öncə özü, sonra qaranlıq məzarla barışacaq. Sevgilərimizin əslində bizdən heç vaxt qopmadığını anlayanda, o da kiminsə quru nəfəsinə yağış olub yağacaq. Necə ki, mən anamın boşluğunu fəza boyda sevgisi ilə doldurmağa alışıram.

Necə ki, mən koş yollarda açdığım cığır boyu əlimdən bərk yapışıb, ana kimi addımlamağa çalışıram.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın