Orta Asiyadan Balkanlara uzanan söz ruhu

31, 05, 21
08:42

Orta Asiyadan Balkanlara uzanan söz ruhu



Tural Turan

Əlli ildən artıqdır ki, Azərbaycan poeziyasında Sabir Rüstəmxanlı yaradıcılığı boy verir. Fəsillərin dəyişməsindən asılı olmayaraq, durmadan milli elementlər, gələnəksəl fundamentlər üzərində çiçəkləyir. Bir sözlə, yarım əsrdən artıqdır ki, Sabir Rüstəmxanlı yaradıcılığının damarlarından millilik, türk ruhu axır.

Hərdən mənə elə gəlir ki, Xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətindəki mövqeyi, missiyası təkcə şairliklə yekunlaşır. Onun həm də ədəbi ictimai xadim missiyası mövcuddur. Hələ sovet imperiyasının kəsəkəsində S.Rüstəmxanlı “Qan yaddaşı”mızdan yazdı. “Gəncə qapısı”nda Cavad xanın qəhrəmanlığını bu xalqa poetik dillə çatdırdı. Milli Azadlıq Hərəkatı başlayanda bu xalqın “Ömür kitabı”nı yazdı. Bir sözlə, şeirin dili ilə xalqının önünə poetik güzgü qoya bildi.

44 günlük Vətən müharibəsinin sonunu gözləmədən ağlaya-ağlaya “Qarabağa dönüş”ü yazdı. Qələbəni yenə də öz gördüyü kimi, milli, genetik və mifik çalar və boyalarla Azərbaycan oxucusunun qarşısına qoydu.

Sabir Rüstəmxanlı poeziyasında birmənalı olaraq hər zaman Vətənin nəbzi döyünüb. İctimai, mədəni, siyasi hadisələrə ögeylik göstərməyib. Həmişə öz baxışını sərgiləyib. Onun yaradıcılıq eşqi 75 yaşında da tükənməyib. Sinəsindəki çılğın və təzyiqli poeziyanın qatı açılmayan layları var.
Rüstəmxanlı poeziyası XX yüzilin sonlarından başlayaraq Azərbaycan şeiriyyatının tərkibində Rüstəm Behrudi, Vaqif Bayatlı ilə birlikdə ümumtürk poeziyasının tərkib hissəsinə çevrilə bildi. O, təkcə Azərbaycanın milli ruhlu şairi deyil, həm də ümumtürk – Turan poeziyasının imzası sayalı ədiblərindəndir. Yəni, Sabir müəllim öz yaradıcılığı ilə həm də Turan poeziyasının inkişafına öz töhfəsini verməyi bacarıb. Sabir Rüstəmxanlı öz təbirincə desək, zamanı öz içindən keçirən şairlərimizdəndir.

Poetik qatının nüvəsində yad ünsürlərə yer yoxdur. Təpədən dırnağa millidir. Baş verən prosesləri olduğu kimi oxucuya təqdim etmir, öz poetik süzgəcindən, türkün törə və yörə ələyindən keçirir, sonra oxucusuna təqdim edir. Ona görə də onun poeziyası Orta Asiyadan Balkanlara qədər eyni dildə, eyni ruhda oxunur...

Sabir Rüstəmxanlı poeziyası sələfi və adaşı Mirzə Ələkbər Sabirdən fərqli olaraq ümməti yox, birbaşa mənsub olduğu xalqı, dövləti düşünür. Onun dərdlərinə yanır. Yalnız onun yolunda özünü əridir.

İllər ötsə də, Sabir Rüstəmxanlı poeziyası yaşayacaq. Çünki onun nüvəsində türkün törə və yörəsi, mifologiyası, bir sözlə, türkün özü dayanıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın