Tanrını güldürməyə gedən ADAM

10, 05, 21
09:38

Tanrını güldürməyə gedən ADAM



Tural Turan

Azərbaycan xalqının gülüşü öldü. Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbərini eşidəndə ağlımdan keçən ilk fikir bu oldu. O, Lütfəli Abdullayevin, Əliağa Ağayevin yoxluğundan sonra Azərbaycan gülüşünün simasına çevrilmişdi.

Uşaq evində böyümüş, məhrumiyyətlərdən, əzablardan keçmiş bir insanın bu qədər gülüş, güldürə bilmək enerjisini haradan aldığı məni həmişə düşündürüb. Ölümündən sonra bu suala cavab tapa bildim. Bu insan xalqın içində idi, gülüşün koloritlərini də, onun tükənməz enerjisini də məhz xalqdan alırdı.

Onu ilk dəfə 1997-ci ildə, 8 yaşım olanda Şəmkirin ucqar bir kəndində görmüşdüm. Özünün teatr truppası ilə uşaqları güldürməyə gəlmişdi. Birdən gözü mənə sataşdı. Gördü ki, gülmürəm. Gəlib düz qabağımda durdu. Birdən qayıtdı ki, sən deyəsən gülməyini axşama saxlayırsan, hə?! Məni gülmək tutdu. Həmin gün axşama qədər gülmüşdüm.

Tələbəlik dövründən jurnalist kimi çalışmağa başlamışdım. Elə ilk aylardaca işlədiyim redaksiyadan tapşırıq gəldi, Arif müəllimlə müsahibəyə getdim. O zaman anladım ki, bu insan gülüşlə nəfəs alır. Heyif ki, koronavirus onun nəfəsini, xalqınsa gülüş simasını ciyərlərimizdən aldı.

Sonra tez-tez görüşürdük. Bir dəfə müsahibələrinin birində mənə demişdi ki, saytınız vasitəsi ilə bir vəsiyyət etmək istəyirəm. Dedim ki, buyurun. Söylədi ki, öləndə oğlumun yanında basdırsınlar məni – dedi və kövrəldi. Onu ilk dəfə ağlayan görürdüm…

Onunla müsahibə alanda insan dincəlirdi. Yorulanda bir lətifə danışır və verilən sualın cavabına qaldığı yerdən başlayırdı. Bir ara 19 qadın onun anası olduğunu iddia etmişdi. Özü də həmin qadınların 19-u ilə görüşüb “anası olub-olmadığını” yoxlamışdı. Özü belə deyirdi: “Onların hamısına qanım qaynadı. Onların hər biri anadır. Analara həmişə qan qaynayır. Allah bütün anaların ürəyində övlad sevincini bərqərar etsin. 19 anamın 19-nun da evinə gedib ziyarət etmişəm”.

Bu yerdə onun dilindən eşitdiyim bir lətifəni xatırladım. Bir nəfərə deyirlər ki, qardaş, səni təbrik edirik, evin plana düşüb. Bundan sonra sənin evinin yerindən qatar keçəcək. Qardaş da qayıdır ki, nə keçir keçsin, amma qatar keçməsin. Soruşurlar niyə, deyir ki, hər gün səhər yuxudan durub qatara qapı açası deyiləm…

Baş ağrısı olmasın, bir əhvalatı da deyim. Bu hadisəni də rəhmətlik Arif müəllim üç-dörd il əvvəlki görüşümüzdə danışıb. Deməli, xanəndə Arif Babayev də əvvəl onunla qonşu imiş. Amma sonradan adaşı Arifə görə evini dəyişəsi olur. Arif Babayevlə qonşu olanda tez-tez Arif Quliyevin evinə ət, toyuq, yumurta göndərirmişlər. Evdən soruşurmuşlar ki, Arif müəllim burada olur? Arif müəllimin uşaqları da deyirmiş hə. Bir dəfə də 1 qoyun, 10 toyuq, 50 yumurta göndərirlər.

Arif Quliyev danışırdı ki, onu gördüm, Arif Babayevdən zəng gəldi: “Dedi ki, bizim toyuqları sizə veriblər. Sən demə, ona gələnlər bizə gəlirmiş. O da əlimizdən qaçıb getdi. Arif müəllim burada olanda yenə evə nəsə alıb gəlirdi, indi heç nə gətirən yoxdur” - deyib gülürdü.

Tələbə vaxtı üç-dörd ay Arif müəllimlə Şərifzadə küçəsində qonşu olmuşuq. İndi olmayaq. Çox vaxt çayxanalara baş çəkərdi, xalqın içində olardı.
İndi düşünürəm ki, Arif müəllim yaxşı ki, qələbəmizi gördü. İyul döyüşlərindən sonra orduya da yazılmışdı. Açıqlama alırdım, bunu deyəndə inanmadım. Sonra inandıra bildi:

“Yetmiş yaşım var. Buna baxmayaraq, Vətənim üçün döyüşməyi özümə borc bilirəm. Ona görə də gedib könüllü olaraq qeydiyyatdan keçdim. Axırıncı hadisələrdən sonra xalq arasında güclü birliyin olduğunu gördüm. Bu da məni sevindirir.

Qələbəni gördü. Hətta imkan tapıb bir dəfə də işğaldan azad olunan ərazilərə - Cəbrayıl bölgəsinə getmişdi. Şuşaya getmək istədiyini də söyləmişdi mənə...

Yubileyi də keçirilmədi. Ötən il olacaqdı. Pandemiyanın bitməsini gözləyirdi. Amma pandemiya bitmədən onun həyatına son qoydu.
Arif Quliyev gülüş dahisi idi. Mimikalarını dəyişdirməklə də güldürə bilirdi.

İndi də bizi burada qoyub Tanrının üzünü güldürməyə getdi…

Son evin də nurlu, gülüşlü olsun, Arif müəllim...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın