Nə deyəsən, əclafın bəxti ayaqüstədir

26, 04, 21
20:51

Nə deyəsən, əclafın bəxti ayaqüstədir



Kubra Məhərrəmova yazır...

Bizim uşaqlar Yeni ildə “Şaxta babanı” gözləyən kimi, hər il ermənilər və dünyada fəaliyyət göstərən erməni lobbisi ABŞ prezidentlərinin ənənəvi çıxışlarında “erməni soyqırımı” ifadəsinin işlədilməsini dörd gözlə gözləyirlər. Nə demək olar, axır ki, dünyanın ən “bədbəxt”, ən çox “öldürülən”, ən çox “əziyyət çəkən”, yazıq-yetim milləti bunu qoca Baydenin dilindən eşitdi.

Eşitməsiylə sevincdən ağlını itirməsi bir oldu. Niyə? Çünki ermənilər özləri də bilirlər ki, tarixdə belə “soyqırımı” olmayıb, öz dedikləri yalana necə inanıblarsa, başqaları onlara həmin yalanı deyəndə eyforiyaya düşürlər. Amma bir az ağıllı olsalar, görərlər ki, həqiqətən yazıq-yetim millətdirlər. Kim nə vaxt istəyir, onları rezin əlcək və ya pandemiya vaxtı taxılan maska kimi istifadə edib, atır bir kənara. Aydın məsələdir ki, bu gün beynəlxalq, hərbi-siyasi meydanda Türkiyə kifayət qədər güclü dövlətdir. 

NATO ilə müttəfiq olması, Suriya və Liviyada hərbi kampaniyaIar aparması, Vətən müharibəsində qanı-canı bir olan Azərbaycana siyasi və mənəvi dəstək göstərməsi Türkiyənin artan gücündən xəbər verir. Hərbi-texniki sahədə pilotsuz uçan aparatların və s. hərbi-texniki yeniliklərə sahib olması da dünyanı narahat etməyə bilməz. 

Bəs Türkiyə ilə hansı dildə danışmalı? Qərb və ABŞ-ın bugünkü başbilənləri hesab edir ki, bu, şantaj vasitəsi ola bilər. Amma son illər Türkiyənin apardığı xarici siyasət onu göstərir ki, rəsmi Ankara özü ilə şantaj və təzyiq dili ilə də danışmağa heç kimə imkan verməyəcək. Ankaranın regionda və beynəlxalq səviyyədə manevr etmək imkanları kifayət qədər mövcuddur ki, bundan da yararlanacaq. Təbii ki, öz xeyrinə... 

Bu il ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinin Ankara üçün nə qədər əhəmiyyətli olması sualına cavab versək, görərik ki, heç də əhəmiyyətli deyil. Türkiyə yenə də NATO ilə mütəffiq olaraq qalacaq. Özünə lazım olan ölkələrlə iqtisadi münasibətləri inkişaf etdirəcək. Nəzərə alsaq ki, bu gün Türkiyə Çin və Rusiya ilə bağlı bir sıra beynəlxalq layihələrdə iştirak edir, Ankara ancaq Vaşinqtonun dediyinə qulaq asmayacaq. ABŞ dünyanın əsas güclərindən biri olsa da, yeganə güc deyil. Bunu özü də anlayır. Bəzi siyasi ekspertlər düşünür ki, illərdir Vaşinqtonun bu ifadədən qaçması Türkiyə kimi müttəfiqlə münasibətlərin pisləşməməsi üçün edilirdisə, bu gün Ankara və Vaşinqton arasında əsən soyuq külək Baydenin bunu rahatlıqla deməsinə səbəb oldu. Münasibətlərin pisləşməsi də ilk növbədə Vaşinqtonun atdığı addımlarla bağlıdır. 

Türkiyənin apardığı müstəqil xarici siyasət birmənalı şəkildə ABŞ-ı qane etmədiyi üçün artıq uzun müddətdir ki, şantaj və hədə ritorikası eşidilməkdədir. Bir neçə gün əvvəl isə Pentaqon sözçüsü Cessika Maksvell “RİA Novosti”yə verdiyi açıqlamada bildirdi ki, ABŞ Türkiyəni F-35 hərbi təyyarələrinin istehsal proqramından kənarlaşdırdı. Buna səbəb isə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasıdır. Pentaqon sözçüsü: “Mövqeyimiz dəyişmədi. 2019-cu ilin iyulunda elan etdiyimiz kimi S-400-lər F-35-lərlə uyğun gəlmir və Türkiyənin (istehsal) proqramdakı iştirakı dayandırıldı”. 

Qeyd edək ki, daha əvvəl Türkiyə ABŞ qarşısında 100 ədəd F-35 qırıcılarını almaq üçün öhdəlik götürmüşdü və bu təyyarələr üçün 100-ə yaxın detalın istehsalında iştirak edirdi. Ağ Evi qıcıqlandıran daha bir səbəb də son zamanlar Ankaranın Moskva ilə qurduğu isti münasibətlərdir. Ağ Evin fikrincə, Ankara anti-Rusiya koalisiyasında olmalı idi. Təbii ki, bu gün Türkiyə təkvektorlu xarici siyasət aparmadığı və bu gün iqtisadi və geosiyasi məsələləri regionda həll etdiyi üçün ABŞ hədələrini qəbul etmədi. Və Vaşinqton sonuncu kartını oynadı, “erməni soyqırımı” kartını. Və bu kartı “erməni lobbisinin” qələbəsi kimi təqdim etmək qətiyyən lazım deyil. İki cüt, bir qotur erməni burada heç bir rol oynamır. Məsələ daha qlobal və böyükdür. Bu məsələnin Türkiyəyə təsiri necə olacaq? Ümumən heç nə. Baydenin bu addımı ABŞ ilə Türkiyə münasibətlərini soyutsa belə, bu, NATO ilə Türkiyə münasibətlərinə xələl gətirməyəcək. Təəssüf ki, Vaşinqton anlamır ki, Türkiyə üçün milli mənafelər Ağ Evin diktəsindən daha vacibdir. Və Türkiyə əvvəlki Türkiyə deyil. Kölgədə bir çox məqamlar var. Bayden isə pilləkəndən dombalaq aşan qoca, xəstə adamdır. Bu gün, sabah başını yerə qoyan kimi Kamala Harris vəliəhd kimi taxt-taca sahib olacaq. Aydındır ki, Bayden kimin əlində vasitədirsə, onun marağına da uyğun söz deyir. Pulu kim verirsə, musiqini də o sifariş edir. Yerdə qalan bir mağar adam da o havaya oynayır. Bəzən kimlərsə “ABŞ demokratiyanın beşiyidir” deyəndə şəxsən məni gülmək tutur.

ABŞ iqtisadi cəhətdən güclü, öz çıxışını-girişini bilən, öz maraqları üçün silahdan, müharibədən, şantajdan istifadə edən dövlətdir. Onun “demokratiya” qurmaq istədiyi ölkələr hamısı bir-bir qan gölünə çevrilir. Bu korporasiya yalnız öz milyardlarını çoxaltmaq üçün çalışır. Onun üçün İraqda, Vyetnamda, Əfqanıstanda və s. ölkələrdə törətdiyi müharibələr nəticəsində öldürülən insanlar vacib deyil. Əsas resurslardır. Əsas bank hesablarında olan pullardır. Bu pulların təhlükəsizliyidir. Etsin etməyinə, amma dünyaya ədalət, qeyrət-namus dərsi keçməsin. Eynən bizim bəzi məmurlar kimi. Bir əli kiminsə yumşaq yerindədir, amma Ramazan ayında “oruc” tutduğunu iddia edir. Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsindən isə bir nəfər qabağa düşdü. O da Paşinyan. Birmənalı şəkildə aydındır ki, “soyqırımı” ifadəsinin işlədilməsi Paşinyan üçün əlverişli məqamdır və seçkiqabağı dividentlərin əldə olunmasına şərait yaradır. Paşinyanın bir dastanlıq təşəkkürnamə məktubu da buna sübutdur. Nə deyəsən, əclafın bəxti ayaqüstədir.

Deyəsən yenə içib, “Yallı” gedəcək. Bu dəfə Bayden də ona qoşulacaq. Maraqlı tablo yaranır, biri şərxoş, o biri də dombalaq aşan qoca. Sürrealist sirk. (Oxu.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın