Paşa Talıblıdan yeni şeirlər: "Salamla, alnını yazan Tanrını..."

21, 04, 21
19:22

Paşa Talıblıdan yeni şeirlər: "Salamla, alnını yazan Tanrını..."


Bir ömür yaşayırıq, hara varsaq hicrət!
(N. F. Qısakürək)

...səndən köç - köç olmaq havası gəlir,
səndən hicrət iyi gəlir, ay qərib!
...Tanrıdan axirət savaşı istə,
axirət gözlərin gülür, ay qərib! 

...sözün qürbətidi yaşadığın yer—
yarıgül, yarıgil səsə dəyirdi.
...bədrlənmiş Ay da hicrət odunda—
qürbətçi dilində nəsə deyirdi.

Görən, bu qəhərin qəhri nə çəkər? 
...Tanrı səni atdı, ya sən Tanrını?
...salamla, alnının qübarı getsin, 
salamla, alnını yazan Tanrını! 

...ha oynadım yeri - göyü,
ha dünyanı qarışdırım—
dil tapa bilmirəm söznən,
məni söznən barışdırın! 

...küsdürmüşəm — küsüb məndən,
işığını kəsib məndən.
Bir vaxt qalxıb, əsib məndən,
sözü mənnən barışdırın.

...ürəyinki alışmaqdı,
odnan - suynan qarışmaqdı.
...mənim dərdim barışmaqdı,
məni söznən barışdırın! 

"Quran" da yazır, əfəndim!
Çoxları bilmir, oxumur...
...yoxdu, başlanğıcı yoxdu,
yoxdu Allahın toxumu!

...yarı adsız, yarı adlı!
Birini də yarı atdı...
...niyə görmür, nə yaratdı?
Niyə hər şeyə göz yumur?

O bizik — gah varıq, gah yox!
Bu sirrə də bir agah yox...
...Allahdan başqa Allah yox —
Allahın izahı bumu?

Allahın altından hara qaçasan?
Gördün?..yaza qalan yaz çiçəklədi! 
...bir çətir altında çəltik əkərdim
—Allahın altında az çiçəklədim... 

...köçəri köçünə qoşulum bəlkə?
Yoxsa qanadlanım — qanad açım mən.
...qaçıb can qurtarmaq belə asanmı —
Allahın altından hara qaçım mən? 

...yaram Yaradan yox, yar yarasıdı!
Yarası olmayan küsdü də — gördüm...
...başımın üstünü çox kəsdi cəllad!
Allahı başımın üstündə gördüm...

...qorxu

Mən heç kimə daş atmıram...
...atmağa da daşım yoxdu! 
...qorxuram daşından, dünya —
daş tutmağa başım yoxdu! 

...ya məni, ya da daşını!
...əyilir qaşın — ağırdı? 
...qorxuram daşından, dünya —
qorxuram...daşın ağırdı! 

...yolçuluqdan yorulmuşam,
fağıram quşundan, dünya! 
...ağrımağa başım yoxdu,
qorxuram daşından, dünya! 

Şer oturuşmuş yerlər...

Dan üzü bir şer...dan üzü...
...axşam vədəsində bir şer! 
...bir şer mələk qanadında,
arif badəsində bir şer! 

Biri bir gülün tacında,
biri suların ovcunda!..
Bir şer dodağın ucunda,
gözün didəsində bir şer! 

...uyumaqda meylə bir eşq!
...duyulmaqda neylə bir eşq! 
...ötəsində böylə bir eşq,
eşqin ötəsində bir şer!

Paşa Talıblı: Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Rusiya...Volqoqrad şəhəri...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın