"Ər" qatilinin ağrıları

27, 03, 21
19:49

"Ər" qatilinin ağrıları


Leyla Sarabi

Bu dünyadan cinsi bərabərlik dilənməkdən yer də, göy də təngə gəlib, Günəşi Aydan ayırıb. Fikrimi soruşsan, əbədi, əzəli idilliya savaşımızda yenə biz qadınlar məğlubuq. Fikrimi bilmək istəsən, bu balanssızlıq əslində gücümüzün limitsizlik şkalasıdır. Şilləsi ilə ağzımızı kilidləyən hormonu qarışıqlar əslində dilimizin düyününü çözür, "sənə olmaz"ları ilə addımlarımızı bloklayanlar yolumuzun sonsuzluğuna inandırır. Əlimizin unundan yuva yoğurub, insan yapırıq.

Biz təzad ocağıyıq. Adını bilmədiyimiz bir-birindən xəbərsiz qəbilələrin vəhşi qanunlarına baş qəhrəman seçilirik. İnsan oğlunun genetik koduna çökmüş kor instinkt təbiətin amansız təcrübələrinə yenə və yenə qadını rəva görür. Doğduğumuz uşağın hesabına bizi cənnətin üstünə qaldıranlar körpəcə səhvimizi görüb yerin altında basdırmağa hazırdır. Mən sizin təxəyyülünüzdəki cənnətin salxaq tavanında yox, öz torpağımda gəzmək istəyirəm. Arzularını gerçəkləşdirən ikona qəhrəmanı deyiləm ki, ümidin boşa çıxanda üzümü yerə sərəsən. Mənim öz istəklərim var. Vəzifəm səni tamamlamaq deyil, öz kəsrlərimi tarazlamaqdır.

Kişilər cılızlaşıb demə mənə. Sən sadəcə ananın göz yumduğu məşəqqətə kor olmaq istəmirsən, əziz qadın. Bəzən də qızıl yumurtadan dünyanın lənətini udub, bütün qadınlara məlhəm kişi çıxır. Nəfəsindən cəhənnəm külü tökülən "ər" qatilinin ağrılarını unutdurur sənə.

Bizim də binamızın taleyinə aman-zaman müqəddəs qoca düşüb. Sanarsan, qoğalın nağılındakı qoğalın özüdür, saçları, qaşları una batıb. Yaşı 80-dir, dəqiq bilirəm. Hər gün liftdə görüşürük. Halına yanmadığı bəndə hələ doğulmayıb. 18-ci mərtəbədən məhəlləyə soğan atan görəndə gənclik həvəsi ilə qonşunun evinə yollanır. Dünyanın ən mədəni jestlərini, sözlərini qarşısındakının boynundan asıb, əslində isə "ay keçi, bura aul deyil" demək istəyir. Vay o gündən, qaz tıxanıb, su kəsilə... Sehrli çomağını da götürüb, balaca dünyamızı aydınlatmaq məcburiyyəti var sanki. Bəlkə də 1-2 saat işıqsız da, susuz da qalsa, ən az onun nəfəsi daralar. Altını dəyişməyə körpəsi, məktəbdən gətirib yedirib-içirməyə uşağı yox. Günəşə tay tutduğu qarısı ilə diz-dizə keçən 2 saatdan ömrü artar ki, azalmaz. Amma onun tək dərdi bizik. Biz adamlar. Yer üzünə pərakəndə səpilmiş narahat adamlar. Canlıları çox sevir bizim qoca qoğal. Bizdən də çox yumaq qarısına aşiqdir. Qarı deyib günaha batıram, Viktorian epoxasından qalma eleqantlığını kürk adı ilə əyninə geyinmiş, al dodaqlı madam...

Məsələnin ən qəribə tərəfi bilirsiniz nədir? Qonşum al dodaq xanımının yanında hər gün hal-əhval tutduğu gənc qadınlara gözünün ucu ilə də baxmır. Bütün nəzəri o ütüsüz dodaqlara köklənir. Nədənsə onlara baxanda Trotski ilə arvadı Nataşanı xatırlayıram. Doğrudur, Trotski həyatının bütün lənətlərinə arvadını şərik edirdi, amma ən son istəyi onu incitmək idi. Hətta sürgündə ikən Frida ilə romanını öyrəndiyi üçün qoca Lev arvadına görə rəssamın evində qalmaqdan imtina edir. Özü də o Frida ki, Trotskini Tanrıya tay tuturdu. Bəlkə də bizim unsaqqal da nə sevdalar uğruna saç ağardıb, özünə görə xırda-para inqilablara da qol çəkib. Amma hələ də bir cüt qırışmış göz üzülməsin deyə, 16 yaşlı qıza baxırmış kimi acgözlüyündən qalmır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın