Yenidən tikəcəyik ağ damlı evlərimizi - FOTO

16, 03, 21
09:06

Yenidən tikəcəyik ağ damlı evlərimizi - FOTO



Kubra Məhərrəmova yazır...

Əvvəla onu deyim ki, Bakıdan Ağdama olan məsafə - 362 km-dir. Bakıdan Ağdama yola düşəndə ilk olaraq onu düşündüm ki, yola çıxan bu qədər insanın heç biri bir il bundan öncə Ağdam şəhərinə səfər edəcəyini ağlına gətirə bilməzdi. Özü də belə geniş heyətlə, birbaşa Qarabağa - Ağdama.

Bir zamanlar Ağdam Azərbaycanın ən varlı, ən adlı-sanlı şəhərlərindən biri olub. Şəhər ağ daşlardan ibarət ikimərtəbəli evləriylə, tarixi abidələriylə, bir də əhalisi ilə məşhur olub. Qolugüclü, heç nədən qorxmayan adamların şəhəri idi Ağdam.

Həm də ağdamlılar Sovet İttifaqı miqyasında ticarət etməyi bacaran adamlar idi. Ona görə də şəhər bərq vururdu gözəlliyi ilə. Hətta ağdamlılar deyir ki, o vaxt tikilən evlər hamısı bəhsəbəhsə tikilmişdi. Bir-birindən möhtəşəm, ağ daşlı, bərq vuran evlər... 

Təbii ki, xatirələrdə və fotolarda qalan Ağdamdan bu gün heç bir əlamət qalmayıb. 27 il ərzində düşmən evlərin damını da, daşını da oğurlayıb aparıb. Ağacları kəsib, torpağı məhv edib.  

Əslində Ağdamın indiki halı erməni işğalçılarının nifrətinin bariz nümunəsidir. Çünki Ağdamda salamat bir ev görmədim. 

Düşmənin nifrəti o qədər böyükdür ki, xarabazara çevirib Ağdamı. 27 il durmadan hər gün məhv edib şəhəri. Bu gün həqiqətən Ağdam “Ruhlar şəhəri”dir. 

Ağdam müdafiə istehkamları, səngərlərlə doludur. Daha doğrusu ancaq bundan ibarətdir. Müharibə haqqında film çəkmək üçün hazır pavilyondur. Çəkiliş qrupunu götür, film çək. 

O istehkamları görəndən sonra anlayırsan ki, Ağdam uğrunda döyüş olsaydı, itkilərimiz xeyli çox olacaqdı. Buna heç kim şübhə etməsin. 

İkincisi də Ağdam da digər işğaldan azad olunmuş ərazilər kimi, ermənilər tərəfindən başdan-başa minalanıb. Bir addım sağ ya sol, ölümlə nəticələnir. Beynəlxalq hüquq isə yenə də 30 il əvvəl olduğu kimi susur. Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsini tələb etmir.

Ölən sonunda azərbaycanlıdır, erməni deyil axı. 

Üstündən daha 30 il keçsə belə, biz işğaldan azad olunan əraziləri minalardan təmizləyəcək, yenidən tikəcəyik ağ damlı evlərimizi. Bu dəfə özülünü elə möhkəm tikəcəyik ki, dünyanı su bassa belə bizim evlərin kəndarından su keçməyəcək. Göydən daş yağsa belə bizim evlərin damına cızıq düşməyəcək. 

Bu gün Ağdam minalardan təmizlənir. Hava şəraitinə, soyuğa, qara-çovğuna baxmayaraq oğullar həyatını riskə atıb torpağı qarış-qarış ələkdən keçirir. Hər gün addım-addım irəliləyirlər. Bu dəfə torpağı ölümdən təmizləyirlər. Erməni xislətinin bizim üçün qurduğu ölüm tələsindən. 

“İmarət” stadionu deyilən ərazidə gülərüz minaaxtaran Hafiz İsgəndərovla tanış oldum. Kənarda dayanıb Bakıdan gələnlərə tamaşa edirdi. Ondan halını, işini xəbər alanda dedi ki, “minalar da çoxdur, tələlər də. Çətinliklər də var, amma şərəfi böyükdür bu işin. Şərəf bütün çətinlikləri üstələyir”. Halından məmnun, üzügülər, gördüyü işdən şərəf duyan vətən oğluna can sağlığı, uzun ömür arzu etməkdən başqa bir söz deyə bilmədim. Sizin hamınızın adından onu qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdim. 

Bu gün işğaldan azad olunan ərazilərdə xidmət çəkən hər bir kəsə vəfa borcumuz var. Polisinə, əsgərinə, minaaxtaranına, kəşfiyyatçısına, həkiminə, sərhədçisinə, yolçəkəninə, işıqçəkəninə bu gün üçün minnətdar olmalıyıq. Biz Bakıda olarkən onlar düşmənin məhv etdiyi əraziləri yenidən qururlar. 

Ağdam haqqında bir köşəylə iş bitməz. Davamı var..

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın