Kölgəsi və özü... - Türkan Turan yazır

14, 03, 21
11:57

Kölgəsi və özü... - Türkan Turan yazır


Türklər onu unudulmuş qadın olaraq anırlar. Bir vaxtlar şeirlər, romanlar yazan insan kimi arxa planda qalmaq doğrudan da, kədərlidir. Hərçənd ki, "Fosforlu Cevriyyə" əsəri özündən də məşhurdur.

O, Nazım Hikmətin "başını əyə bilmədiyim" dediyi tək qadındır və mən də onu məhz bu şeirdən sonra araşdırmağa, oxumağa başladım. Maraqlı gəldi, düşündüm ki, görəsən, Nazım Hikməti vecinə almayan, onu görməzlikdən gələn, sevgisinə gülən bu qadın görəsən, kimdir? Sən dəmə, "Kölgəsi" adlı həmin şeirin qəhrəmanı Türk əbiyyatının güclü qələm sahiblərindən olan Suat Dərviş imiş. Cah-cəlal içində dünyaya gəlib, son nəfəsini yoxsulluq içində tapşıran Dərviş.

1901-ci ildə İstanbulda, Osmanlı imperatorluğun süquta yaxınlaşdığı dönəmdə dünyaya gəlib. O dönəmin tanınmış ailələrindən kimyagər Müşir Dərviş Paşanın nəvəsi və İstanbul Universiteti Tibb fakültəsi professorlarından olan İsmail Dərvişin qızıdır. Ana tərəfinin kökü isə saraya qədər uzanır. Bütün bunlar belə ailələrdə doğulan uşaqlar üçün üstünlükdür. Eynən Suat Dərvişdə olduğu kimi... Əl içində tutulur, evdə özəl dərs alır, sonra isə təhsilini məktəbdə davam edir. İlk şeiri 15 yaşında yayımlanır. Qəzetdə ilk yazısı çap ediləndə isə 18 yaşı vardı. İlk romanı olan "Qara kitab"ı 1920-ci ildə yazır. Fransız və alman dillərini öyrənir. Romanlarında Osmanlının çöküşündən, saray və köşklərdə yaşayan qadınların acınacaqlı, qüssəylə dolu həyatlarıdan çox bəhs edir.

Onu kəşf edən və ədəbiyyat aləminə ilk addımını atmasına səbəb uşaqlıq dostu Nazım Hikmət olub. Nazım Hikmət Dərvişin 14 yaşında yazdığı şeiri ondan xəbərsiz "Ələmdar" qəzetinə göndərir və Türk ədəbiyyatının zirvəsində yeni bir ulduz doğur başlığı ilə gənc qızın tanınmağına vəsilə olur. İllər sonra Suat Dərviş bu hadisəni belə nəql edir: "Mən yazılarımı heç kimə göstərmir, hətta gizlədirdim. Bir gün necə olubsa, masanın üstündə unutmuşam. Nazım Hikmət qonşumuz və dostum idi. Ailələrimiz də çox yaxın olduğu üçün Nazım hər zaman bizim evə gəlirdi. Bir dəfə mənim məktəbdə olduğum bir saatda gəlir, masanın üstündə unutduğum yazımı oxuyur və anamdan icazə alaraq onu məndən gizli çap etdirmək üçün özü ilə aparır. Nazım o vaxtlar tanınan və sevilən şair idi".

Nazım Hikmətin mütəmadi başına dolanmağının, onun üçün nəsə etməyə çalışmağının səbəbi həm də ona vurulmağı idi. Birlikdə kitablar, qəzetlər oxuyar, ölkə siyasətini müzakirə edər, gəzintilərə çıxarmışlar. Amma heç vaxt Suat ona nə acısını, nə kədərini hiss etdirməzmiş. Şeirin ilk cümləsindən də bu, aydın olur. Nazım gənc qızın qarşısında qürurunun yerlə bir olmağından, amma yenə də vazkeçməməyindən acı-acı bəhs edir.

Ağlasada gizliyor gözlerinin yaşını;
Bir kere eğemedim bu kadının başını.
Kaç kere sürükledi gururumu ölüme
Fırtınalar yaratan benim coşkun gönlüme.


Doğrudur, siyasət, ədəbiyyat, cəmiyyətdən danışırlar. Amma mövzu eşqə gələndə Suatın quru, soyuq, ağızucu verdiyi cavablar onu incidir. Lakin qız o qədər gözəl olur ki, Nazım ona az qalsın itaət edir.

Cevapları öyle heycansız ki onun,
Kaç kere iman ettim, hiçliğine ruhunun.
Kaç kere hissettim ki, yine bu gece gibi
Güzelliğin önünde, dolup, çarpmalı kalbi.


Əslində, Suat Dərviş ruhsuz, duyğusuz qadın olmayıb. Həyatı boyu dörd dəfə ailə qurub. Ancaq görünən odur ki, bircə Nazımı sevə bilməyib. Ustad sətirlərdə onu elə təqdim edir ki, düşünürsən, yəqin bu qadının sevgidən anlayışı yoxdur.

Ne mehtabın aksine yelken açan bir sandal
Ne de ayaklarında kırılan ince bir dal
Onun taştan kalbini sevdaya koşturmuyor.
Bir çiçeğin önünde bir dakkika durmuyor...


Bu şeirdə Nazım Hikmətin necə böyük şair olduğu bir daha gözlər önünə sərilir. Bircə şeirlə Dərvişlə arasında əvvəldən sona qədər baş verən hər şeyi ən incə ayrıntısına qədər izah edir. Məsələn, çıxdıqları gəzintilərə gözünü dikən Nazım, hər dəfə qucağı vecsizlik, ümidsizliklə dolu geri dönür. Bu, az deyilmiş kimi qızın onun eşq təkliflərini lağa qoyması şairi lap çaşbaş qoyur. Artıq vəziyyət elə bir həddə çatır ki, şair ağlından şübhə edəcək dərəcəyə çatır... Yeri gəlmişkən, Nazım xeyli sevgilər yaşadığını, incitdiyi qadınları da sətirlərə sığdırmağı bacarıb.

Dönüyoruz yine biz uzun bir gezintiden
Gönlümün elemini döküyorken ona ben
O bana kendisini gülerek naklediyor diyor.
Bilseniz Mavi boncuk nasıl yaraştı diyor.

Ya bu kadın delidir, yahut ben çıldırmışım
Ben ki, bir çok kereler kırılmışım, kırmışım
Ömrümde duymamıştım böyle derin bir acı
Birden onun yüzüne haykırma ihtiyacı.


Və son bənd əsrarəngizdir. Zaman keçdikcə Nazım Hikmətin duyğuları bir-birinə qarışır. Hirslənir, qarşılıqsız sevginin odu ürəyini yandırmağa başlayır, hətta getdikcə kontrolunu itirdiyini hiss edir. Heç cürə ram edə bilmədiyi bu qızdan acığını çıxmaq üçün kölgəsinin üstünə çıxıb tapdamağa başlayır.

İçimde alev-alev tutuştu yangın gibi
Bir dakika kendimin olamadım sahibi
Hiç olmazsa öcümü böyle alırım dedim
Yolda mağrur duran gölgesini çiğnedim.


İlk dəfə oxuyanda Nazım bir şeirlə roman yazıb dedim öz-özümə. Aşiq olduğu andan başlayır, acı, kədər, gəzintilərlə davam edir. Axırda bezir, qısas almağa qərar verir, acığını kölgəsindən çıxır. Qısa müddətdən sonra Dərviş ali təhsil almaq üçün Almaniyaya göndərilir, Nazıma isə bu şeiri yazmaq qalır.

Suat Dərviş bu eşqə qarşılıq verməsə də, həyatının dönüm nöqtələrində Nazım Hikmət daima yanında olmuşdu. Onun məğrur duruşu, qüruru, dəmir iradəsi sadəcə Nazım Hikmətə qarşı olmur. Məsələn, üç dəfə evlənir. Üçündən də ayrılır. Yəni onları itirməkdən qorxmur, səhvlərinə göz yummur, ona xoş olmayan yerdə qalmağa özünü məcbur etmir. Bu isə özünə verdiyi dəyərin ömürboyu sürdüyünü sübut edir. 1941-ci ildə dördüncü dəfə Rəşad Fuad Baraner ilə ailə qurur. Önəmli siyasi fiqurla evlənməyinə baxmayaraq, öz adından, kimliyində əsla vaz keçmir.

Tədbirlərdən birində Rəşad Fuad Baranerin arvadı olaraq təqdim edilərkən etirazını bildirir: "Mən yazıçı Suat Dərvişəm. Kiminsə arvadı olaraq təqdim edilməyi qəbul etmirəm". 1968-ci ildə həyat yoldaşını, iki il sonra bacısını itirir. Hər iki itki Suat dərvişi dərindən yaralayır və bu kədər onu yataq xəstəsi edir. Ömrünü bir palatada başa vurur. (525.az)

Türkan TURAN


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın