Fəxriyyə Əyyubzadə keçmiş adətlərdən yazır: “Papaqlar və başlar fərqlidir”

21, 08, 18
11:39

Fəxriyyə Əyyubzadə keçmiş adətlərdən yazır: “Papaqlar və başlar fərqlidir”


Fəxriyyə Əyyubzadə

Anamın anasının anası mənə öz keşməkeşli həyatından danışırdı:
«Müharibə vaxtı idi. Kişi (həyat yoldaşını deyir) müharibəyə getdi.(red.İkinci dünya müharibəsinə) O vaxt mənim 14 yaşım var idi. Özüm də hamilə idim. Baban (həyat yoldaşını nəzərdə tutur) müharibədən qayıtmadı. Nə öldüsündən, nə də qaldısından xəbər çıxdı.
Mənim bir oğlum olmuşdu artıq. Adını da ağsaqqallar Səyyad qoymuşdular.
Qaynatam,qaynanam və digər ailə ağsaqqalları məndə başqa evin digər gəlinlərini çağırıb müzakirələrə başladılar.(Qeyd edim ki, ulu nənəmin 7 qayını arvadı olub)
Bala, elə nə oldusa həmin gündən və həmin müzakirələrdən sonra oldu.
Səhəri gün qaynım arvadları mənə dedilər ki, Gülnaz gedək bulaqdan su gətirməyə. Mən də avam kimi razı oldum. Elə evdən bir az aralanmışdıq ki, bunlar hamısı birləşib məni o qədər döydülər ki….. (yazıq arvad qəhərlənir)
Ağzımı, burnumu partladıb, başımı səhəngə çırpırdılar. Ürəkləri soyuyandan sonra mənə hədə – qorxu gəlməyə başladılar.
«O dədəsizivi də götürüb kənddən elə çıxırsan ki, nə iyin, nə də tozun qalır. Sənə pul-para, yol üçün ərzaq falan, bir sözlə nə lazımsa verəcəyik. Ama bax ha…
Bir də kəndə gəlsən və ya bu söhbət barədə kiməsə nəsə desən özündən küs!
Səni də, oğluvu da öldürəcəyik»
Qorxumdan razılaşdım. Uşaq idim də. Ağlım kəsmirdi. 14 yaşım var idi».
Nənə, 14 yaşında. Hələ üstəlik də bir oğlun var imiş? Deyə heyrətlə soruşdum.
«Hə bala, o vaxt 10-12 yaşlarında ərə gedirdilər»
Maraq məni boğurdu ki, nənəm döyüləndən sonra nə edib?
Davam elə. Neylədin? Çıxdın kənddən?
«Çıxdım yox. Çıxartdılar. Bağlamamı yığıb, uşağı da belimə bağladılar. Qonşuda bir kişi var idi. Rayonun mərkəzinə gedərdi hər gün. Mənə pul da verdilər ki, verim o kişiyə məni rayona aparsın. Bərk-bərk də tapşırdılar ki, kişiyə başqa heç nə deməyim.
Bir neçə il sonra öyrəndim ki, qaynım arvadları evdəkilərə deyiblər ki, guya mən evdən qaçmışam.
Ağlımda ilişib qalan sualı soruşdum.

Ay nənə bəs buna səbəb nə idi? Canı yanmışlar bir söz demədilərmi???
Nənəmin cavabı hələ o vaxtdan bu günə qədər məni dəhşətə gətirir. Namusdan, qeyrətdən, əxlaqdan dəm vuran millətimin, xalqımın hələ ta qədim zamanlardan namus, qeyrət, əxlaq, ruh, düşüncə və psixoloji problemləri varmış sən demə.
«Ay qızım. O vaxt belə bir adət var idi. Əgər bir qadının əri ölürdüsə, ya da müharibəyə gedib qayıtmırdısa həmin qadını qayınlarından biri «götürməli» idi. Subay qayın olsa idi subay, yox, əgər qayınların hamısı evli idisə hansı qayının arvadı razılıq versəydi o qayın həmin qadını «götürərdi». Arvad razı olmasaydı qayınlar özləri qərar verməli idi.
Ay arvad götürmək deyəndə nəyi nəzərdə tutursan? Sən əşyasanmı səni götürələr?
Nənəm deyir: «ay qız yəni özlərinə arvad edərdilər»
Bu izahda sonra anladım ki, qayın arvadları nənəmi özlərinin quması kimi gördükləri üçün onu yaxşıca əzişdiriblər.
Nənə, bu adətin anlamı nə idi? Bunu nə ilə izah edirdilər?
«O vaxtın insanları düşünürdü ki, ailəyə gəlmiş qadını başqa kişi alsa bizim nəslin adına ləkə gələr. Papağımız yerə girər»
Nə isə. Anamın anasının anası ilə olan söhbətimiz bura qədər bəs edər. Yazıq arvadın çətin və ürək ağrıdan keşməkeşli həyatı elə mənə qalsın. Çünki, anamın anasının anası ilə belə dialoqumuz olmayıb. Bu mənim beynimdəki gələcək əsərimdən bir parçadır.
Diqqət cəlb etmək istədiyim məsələ tamamən fərqli bir məsələdir.
Birincisi erkən nigah
İkincisi isə gəlini qayının «götürməsi»
Çox təəssüf edirəm ki, bu adət-ənənə bu gün bəzi bölgələrimizdə davam etməkdədir.
Namus, qeyrət, ənənə adı ilə körpələrimiz elə «körpə» olaraq böyüyürlər. Qadınlarımız qayınları ilə öz keçmiş ərlərini unudurlar və ya qayınları ilə qayınının qardaşı olan ərindən danışırlar.
Ən gülünc olanı isə bilirsinizmi nədir???
«Boşanmaların sayı kəskin artıb», «Arvad ərinə qayını ilə xəyanət etdi» kimi başlıqlarla «süslənən» xəbərlər.
Əslində bu məsələnin kökünü araşdırmaq və o kökü ictimailəşdirmək lazımdır.
Soyunmağı avropalaşmaq adlandırıb «əxlaq»dan dəm vuranlar bu məsələlərdən danışıb əxlağımızı qorumalıdırlar məncə. Ən azından cəmiyyətə fayda vermiş olarlar. Cəmiyyətə avropalaşmağı, azad geyim, azad seksi soxuşdurub cəmiyyəti uçuruma sürükləməkdənsə cahilliyin aradan qaldırılmasına xidmət edin!

Şortik geyinmək azadlığımız var deyənlər, «erkən nigah» qadağandır desələr daha yaxşı olar.
Qadın «papaq deyil gündə bir başda olsun» deyənlər qadının da sevib, sevilmək hüququ, haqqı var desə daha məntiqə uyğun olar.
Çünki, elə qayının papağı da başqa papaqdır. Qardaş olsalar belə papaqlar və başlar fərqlidirlər.
Bunun adət-ənənə ilə bağlılığı yoxdur və bu adətlər cahillikdən başqa bir şey deyildir.
(Kiçik xatırltma: simvolik nənəm ikinci dəfə ailə həyatı qurur və mən onun ikinci evliliyindən dünyaya gələn övladının nəvəsiyəm)


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın