Azərbaycan və Ermənistan arasında SÜLH MÜQAVİLƏSİ NƏ VAXT İMZALANACAQ?

06, 06, 23
14:00

Azərbaycan və Ermənistan arasında SÜLH MÜQAVİLƏSİ NƏ VAXT İMZALANACAQ?


Məhəmməd Əsədullazadə: "ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündə sülh müqaviləsinin mətni hazırlanacaq"

Natiq Cəfərli: "Laçında Bakının dediyini etməsi Ermənistan üçün, İrəvanın Zəngəzur yoluna nəzarət etməsi isə bizə sərfəlidir"

Aqşin Kərimov: "XİN başçılarının Vaşinqton görüşündə anti-Rusiya tezislərinə uyğun gələn sülh müqaviləsinin mətni müzakirə oluna bilər"

Asif Nərimanlı: "Rəsmi Bakı ərazi bütövlüyünün BMT nizamanməsinə uyğun qarşılıqlı şəkildə tanındığı sülh müqaviləsinin imzalanmasını istəyir, delimitasiya prosesinin isə sonrakı mərhələdə həyata keçirilməsinin mümkünlüyünü nəzərə alır"


Bugünlərdə Ermənistanın İctimai Televiziyasında çıxış edən adıçəkilən ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəsmi İrəvanın bu ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün saydığını bildirib. Belə ki, Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqların aparıldığını vurğulayan Qriqoryanın fikrincə, əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman 2023-cü ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır.

"Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq" deyən Qriqoryan qeyd edib ki, İrəvan iyunun 1-də Kişineuda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü müsbət qiymətləndirir: "Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Beynəlxalq ictimaiyyətin bu gündəmə yardımı çox vacibdir. Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik. Əlbəttə, məsələnin həll olunduğunu deyə bilmərik, lakin irəliləyirik".

Azərbaycan Xarici İşlər Nazirliyi isə öz növbəsində, Armen Qriqoryanın ölkəsinin İctimai Televiziyasına səsləndirdiyi iddialara dair şərhində bildirib ki, onun növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir:

"Delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur".

Nazirlikdən o da qeyd olunub ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib: "Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı.

2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır. 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır.

Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır".

Bu arada, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə ölkəsinin Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında olmadığını vurğulayıb: "Çünki Ermənistanın belə bir mandatı yoxdur. Bəli, biz Qarabağ xalqından (Qarabağda yaşayan erməni icması nəzərdə tutulur – red.) onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq.

Statusun müəyyən edilməsi məsələsinə də biz iddia etmirik və buna cəhd də etmirik". Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə rəsmi Bakının öz sülh gündəminə sadiq olduğunu, ölkəmizin beynəlxalq norma və prinsiplər nəzərə alınmaqla milli maraqlara əsaslanan siyasətini davam etdirdiyini bəyan edib: "Bu ilin mayında Vaşinqtonda beynəlxalq vasitəçilərin birbaşa iştirakı ilə görüş keçirilib. İki ölkənin müvafiq nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Daha sonra bu proses ölkələrin liderləri səviyyəsində davam etdirilib, may ayı ərzində bir sıra görüşlər keçirilib.

Moskvada da Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə danışıqlar da aparılıb. Yaxın vaxtlarda Vaşinqtonda növbəti görüşün keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı Azərbaycandır. Baza prinsiplərini də məhz Azərbaycan elan edib və ilk sülh layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Biz beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əldə olunmasının qaçılmaz olduğunu hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşdırılması haqqında saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman çəkəcəyini proqnozlaşdırmaq çətindir".

"ABŞ Ermənistanın mövqeyində dəyişikliklər edərək, əsassız iddialarından geri çəkilməsinə nail olacaq"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə iddia edir ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni hazırlanacaq: "Diplomatik mənbələrdən aldığım məlumata görə, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündə sülh müqaviləsinin mətni hazırlanacaq.

Hazırda sülh müqaviləsinin mətninin məhz Ermənistanın irəli sürdüyü təkliflərə görə, hazırlanması mümkün olmayıb. Aparılan danışıqlar prosesində Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda ermənilərlə bağlı hüquq və təhlükəsizlik məsələlərini sülh müqaviləsinin mətninə salmağa çalışır. Lakin hazırlanacaq sülh müqaviləsinin mətnində Ermənistanın bu təklifləri yer almayacaq. Həmçinin prosesi ləngidən Paşinyanın anklavlarla bağlı mövqeyi və sərhədlərin delimitasiyasında ordunun "güzgü prinsipi" ilə geri çəkilməsidir. Ermənistan tərəfinin bu kimi təklifləri sülh müqaviləsinin bağlanmasını gecikdirir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, ABŞ Ermənistanın mövqeyində dəyişikliklər edərək, əsassız iddialarından geri çəkilməsinə nail olacaq: "Necə ki, ABŞ-da may ayında keçirilən danışıqlardan sonra Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən qəbul etdi. Xarici işlər nazirlərinin növbəti görüşündə Ermənistan iddialarından geri çəkilərək sülh müqaviləsinin mətni hazırlanması gözlənilir. Odur ki, bu ilin axırına kimi sülh müqaviləsinin bağlanması mümkündür.

Artıq Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Qarabağın statusunun müzakirə edilməyəcəyini və ilin axırına kimi sülh müqaviləsinin bağlanmasının mümkün olduğunu vurğulayıb. Qeyd edim ki, Ermənistanla aparılan danışıqlar prosesində irəliləyişlər var. Amma sülh müqaviləsinin mətni yoxdur. Hesab edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasına Paşinyanın çağrılması birbaşa Azərbaycanın razılığı ilə reallaşıb. Danışıqlarda ciddi irəliləyişlər var və Ankarada prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü də müsbət atmosferdə keçib".

"Zəngəzurdan keçəcək kommunikasiya xəttlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir"


Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə hesab edir ki, Ermənistanın gələcəyi, təhlükəsizliyi ilə bağlı zəmanəti ancaq Türkiyə və Azərbaycan verə bilər. Nikol Paşinyanın komandasının bunu anlamağa başladığını vurğulayan politoloqun bildirdiyinə görə, bir neçə istiqamətdə davam edən Azərbaycan-Ermənistan danışıqlarında bəzi pozitiv ilkin razılaşmalar var, əsas da Zəngəzurdan keçəcək kommunikasiya xəttlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir:

"Dəfələrlə qeyd edirdim ki, bu yolun açılmasında əsas maneə Rusiya ilə Ermənistan arasında olan problemlərdir. Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycan bütün müqavimətlərə baxmayaraq, Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühüm rol oynadı.

Ermənistanın publik hay-küyünə baxmayın, Laçında Bakının dediyini etməsi, öz sərhədimizin özümüz tərəfindən qorunub nəzarətə götürülməsi Ermənistan üçün çox sərfəli oldu. Məhz bu addımımızdan sonra Ermənistan Rusiyadan Zəngəzur yoluna nəzarəti qopara bildi. Son Moskva görüşündə Kreml Zəngəzur yolunun giriş və çıxışında Ermənistan rəsmi orqanlarının yerləşməsi israrı ilə razılaşmalı, barışmalı oldu".

Natiq Cəfərli əlavə edib ki, rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici rol oynayıb: "Əslində bizə də Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir. Kremlin təkbaşına nəzarəti Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi. Nəzarətin Ermənistanda olması isə işi asanlaşdırır, qarşılıqlı asılılıq yaradır. Yəni, İrəvan Naxçıvana gedən yüklərə, vətəndaşlara, qatar və avtomobillərə problem yaradarsa, özləri də Laçın yolunda eyni problemlərlə və ya Azərbaycan üzərindən Ermənistana gedəcək yük və sərnişinlər eyni yanaşma ilə üzləşəcəklər. Qarşılıqlı asılılıq belə məsələlərdə sabitlik göstəricisinə çevrilir, dəngə yaradan faktor olur".

"Sülh üçün Azərbaycanla Ermənistan arasında çılğın mübahisələr yumşalmalı, Bakının şərtləri əsasında İrəvan bir çox komponenti vahid yanaşmada əks etdirməlidir"

Azərbaycan və Ermənistan rəhbərlərinin Kişineu görüşündə həlledici nəticənin əldə olunmadığını deyən siyasi şərhçi Aqşin Kərimov isə qeyd edib ki, yeganə yenilik danışıqların beştərəfli formatda olması idi: "Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ənənəvi moderator, Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqazda ölkəsinin gizli gündəmini həyata keçirən fiqur, Almaniya Kansleri Olaf Şolts Fransanın regional və qlobal ambisiyalarının Azərbaycana tuşlanan oxlarını neytrallaşdıran tərəf.

Yekunda, Mişel koordinasiyaedici idi, Makron və Şolts isə qeyri-formal tərəf kimi çıxış etmək məcburiyyətində qaldılar. Görüşün nəticəsində başqa bir nüans görünür, bu, Qərb mərkəzli danışıqlar olsa da, ona anti-Rusiya ovqatı fonu verilmədi. Bu, əslində yaxşıdır, çünki Moskvada keçirilə biləcək müzakirələrin pozitiv istiqamətə gedilməsini şərtləndirir. Fransa lideri ilə Almaniya kanslerinin görüşdəki iştirak səviyyəsi Rusiyanın ürəyincədir, bu iki ölkə NATO üzvü olsa da, Kreml əleyhinə müqavimət orbitində geniş təmsilçilik nümayiş etdirmirlər".

Siyasi şərhçinin qənaətincə, Kişineu görüşü hər kəsin, o cümlədən ABŞ-ın da istədiyi sülhyaratma prosesinin davamı kimi yadda qalır, təhlükəsizlik, sülhlə bağlı qavrayışları həlledici formada uyğunlaşdırır: "Sülh isə qapının kandarına yaxınlaşmayıb, hələ çox işlər görülməlidir. Belə ki, Azərbaycanla Ermənistan arasında çılğın mübahisələr yumşalmalı, Bakının şərtləri əsasında İrəvan bir çox komponenti vahid yanaşmada əks etdirməlidir. Bunlara sərhədlərin delimitasiyasından tutmuş, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması, Ermənistanın silahlanmaya getməyəcəyinə dair öhdəliklərə qədər geniş diapozonlu paket daxildir.

Hamısını eyni qovluğa yığmaq təbii ki, vaxt aparacaq və İrəvan zaman intervalında diplomatik çək-çevirlərini hərbi təxribatlarla tamamlamağa cəhd göstərə bilər. Azərbaycan Ermənistanın bu şakərinə bələd olduğundan preventiv tədbir kimi İrəvanın təxribatlarını qabaqlamağı düşünür – bura həm döyüş əməliyyatları, həm kəşfiyyat-nəzarət tədbirləri, həm də diplomatik-siyasi həmlələr paketi daxildir. Yəni, Azərbaycan sülhyaratmada tətbiq edilən güc prosedurlarını dayandırmayacaq".

Aqşin Kərimov bildirib ki, Ermənistan üzərinə yüklənən ağırlığı yüngülləşdirmək üçün qlobal tərəzidə rəqib gözlərə baxışını "eyni anda iki stulda oturmaq" prinsipi ilə müəyyən etməməlidir, yalnız regional sülh və təhlükəsizlik orbitinə köklənməlidir: "Fokuslanmaq üçün Avropa İttifaqının moderatorluğu etibarlı praqmatiklik təqdim edir. Lakin diqqətdə saxlanılmalıdır ki, Rusiya və ABŞ Avropa İttifaqını çəkişdirir, səylərini pozan narrativləri gündəmə gətirir. Avropa İttifaqı öz narrativlərindən kənara çıxıb aşkar şəkildə ABŞ-nin maraqlarına xidmət etdiyini göstərəndə Moskvanın rəngi qaçır.

Fransa Avropa İttifaqının üzvü olsa da, regional oyun qaydalarında məxfi gündəlik formalaşdırmağa çalışır. Avropa İttifaqı ayrıca olaraq səliqəli davranış modelini saxlamalıdır, gülünc iddialar və açıq-aşkar yalanların Ermənistanın nəfinə keçməsinin qarşısını alan mexanizm yaratmağı bacarmalıdır. Avropa İttifaqı bu mexanizmi ərsəyə gətirmək üçün yeni görüşlərə ehtiyac duyur, ona görə də, qərara alınıb ki, iyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüş keçirilsin. Bu dövr ərzində Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda görüşü nəzərdə tutulur. Burada daha çox anti-Rusiya tezislərinə uyğun gələn sülh müqaviləsinin mətni müzakirə oluna bilər".

"Delimitasiyanın 1975-ci il xəritəsi üzrə aparılması iddiası doğru deyil, 8 kəndin qaytarılması ilə bağlı şifahi razılaşma var və Ermənistan isə bundan imtina edir"

Azərbaycan Xarici İşlər Nazirliyinin Armen Qriqoryana verdiyi cavaba toxunan siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, delimitasiyanın 1975-ci il xəritəsi üzrə aparılması iddiası doğru deyil: "8 kəndin qaytarılması ilə bağlı şifahi razılaşma var və Ermənistan isə bundan imtina edir. Söhbət 10 noyabr razılaşmasından gedir. Məlumatlara görə, 8 kəndin qatarılması da Bakı tərəfindən bəyanata daxil edilib, lakin müharibədəki itkilər fonunda Paşinyanı daha da çətin vəziyyətə salmamaq üçün son anda bu məsələ çıxarılıb və növbəti mərhələyə saxlanılıb.

Bunu Şuşaya "İsgəndər" raketlərinin atıldğını etiraf edən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan demişdi. Azərbaycan XİN delimitasiya prosesinin hansı əsasda aparılmasına dair qeyd edir ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, rəsmi Bakı ərazi bütövlüyünün BMT nizamanməsinə uyğun qarşılıqlı şəkildə tanındığı sülh müqaviləsinin imzalanmasını istəyir, delimitasiya prosesinin isə sonrakı mərhələdə həyata keçirilməsinin mümkünlüyünü nəzərə alır".

Bütün bunların danışıqlar masasındakı real vəziyyəti əks etdirdiyini deyən siyasi şərhçinin sözlərinə görə, İrəvanın mövqeyi 8 kəndi qaytarmaq niyyətində olmadıqlarını göstərir: "Bu isə real vəziyyəti – problemin həllinin başqa formalarını aktuallaşdırır".

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın