ABŞ təhdidi: Ərdoğan cavab addımlarına başladı - Video

01, 08, 18
14:26

ABŞ təhdidi: Ərdoğan cavab addımlarına başladı - Video

ABŞ-ın Türkiyəni sanksiyalarla hədələməsinin səbəbləri ilə bağlı Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın Axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ-ın Türkiyəyə sanksiya hədələrinin əsl səbəbi nədir?
- ABŞ-ın Türkiyəyə qarşı sanksiya hədələrinin arxasında əsasən siyasi məsələlər durur. Bunun əsas səbəblərindən biri bugünkü Türkiyənin ABŞ-ın istəklərinə uyğun hərəkət etməməsi, xüsusilə də ABŞ-ın regionda həyata keçirdiyi bəzi hərəkətlərə qarşı çıxmasıdır. ABŞ bir növ Türkiyə üzərində əvvəlki gücünü yenidən artırmaq istəyir. Amma ABŞ-ın bu təhdidləri yanlışdır. Türkiyə müstəqil dövlətdir və istədiyi qərarları qəbul edə bilər. Təhdidlər yolu ilə XXI əsrdə bir çox ölkələrə ABŞ öz haqlarını diktə edə bilməz.
Həmçinin, bunu görürük ki, Prezident Ərdoğan digər ölkələrlə bir növ ABŞ-ın yürütdüyü siyasətə qarşı reaksiya ortaya qoyur. Unutmamaq lazımdır ki, Suriya məsələsi, ümumiyyətlə, Yaxın Şərqdə yaşanan hadisələrlə birlikdə ABŞ-ın antiiran sanksiyalarına da Türkiyə həvəsli deyil. ABŞ Türkiyənin İrana qarşı olan sanksiyalara qoşulmasını istəyirdi. Burada çoxvektorlu hadisələri görməyimiz mümkündür.
- Türkiyə bu sanksiya hədələrinə qarşı hansı addımlar ata bilər?
- Bu məsələdə Türkiyə ABŞ-a qarşı dəyişik bir dəstək axtarışındadır. Rəcəb Tayyib Ərdoğanın Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammitində və sammitdən sonra söylədikləri çox əhəmiyyətli idi. Ərdoğan açıqlaması, Rusiya Prezidenti Vladimir Putinlə görüşündə hərəkətləri ilə ABŞ-a görüntü sərgiləyirdi. Daha əvvəl də Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi gündəmə gətirilmişdi. İndi BRİKS-ə üzvlük məsələsi gündəmdədir. Yəni Türkiyənin axtarış içərisində olduğu hiss olunmaqdadır.
- Ərdoğanın sentyabrda Almaniyaya səfəri planlaşdırılır. Bu səfərin əsas mahiyyəti nədir? ABŞ-a qarşı ittifaq yarana bilərmi?
- ABŞ-ın AB ölkələri ilə də münasibətləri çox da səmimi deyil. Təbii ki, Türkiyə bundan faydalanaraq, Avropadan müttəfiqlər axtaracaq. Bu nöqteyi-nəzərdən Almaniyanın başda gəlməsi, Ərdoğanın 4 ildən sonra Almaniyaya səfər etməsi bunun ən gözəl nümunələrindən biridir. Suriya məsələsində də eyni şəkildə Türkiyə AB ölkələrindən, xüsusilə Almaniya və Fransadan bir dəstək axtarışındadır.
- Türkiyə regional liderə çevrilmə imkanlarını necə qiymətləndirirsiniz?
- Türkiyə bölgədə lider dövlət olmaq uğrunda mübarizə aparır. Eyni zamanda, Türkiyə dünyanın ən güclü iqtisadiyyata malik 10 dövlətindən biri olmağa çalışır. Bu da hədəflər arasındadır. Amma bunu etmək üçün bir sıra addımlar atılmalıdır. Liderlik məsələsində Yaxın Şərqdə Türkiyə ilə rəqabət aparan ölkələr var. Məsələn, İran, İsrail, Səudiyyə Ərəbistanı da bunun uğrunda mübarizə aparır. Əsas məsələlərdən biri bu gün ABŞ, Rusiya, AB kimi güclərin bölgədə hakimiyyətini qurması məsələsinin gündəmə gəlməsidir. Türkiyə bütün bunların öhdəsindən gələ bilsə, bölgədə lider dövlət olmağa nail ola biləcək. Amma hələ Türkiyə yolun başlanğıcındadır və mübarizə davam edir.
- Ərdoğan BRİKS sammitində və ondan sonra ABŞ-a konkret hansı mesajlar verdi?
- Prezident Ərdoğan beynəlxalq və regional təşkilatlardakı çıxışlarında dəfələrlə dünyanın 5-dən daha böyük olduğunu söyləyir. Yeni düzənin, yeni sistemin olmasının vacibliyini təkrarlayır. Bu çıxışların son variantlardan biri də Cənubi Afrika Respublikasındakı BRİKS sammitindəkilər idi. Ərdoğanın buradakı çıxışlarına xüsusi diqqət edilməlidir. Bütün bunlar Ərdoğanın bu məsələdə həssas olduğunu göstərir. Dünyanın supergücü olan ABŞ-ın nələr etmək istədiyini, nələrə gücünün çatacağını da Ərdoğan anlatmağa çalışır. Ərdoğan meydan oxumur, öz siyasətini həyata keçirməyə çalışır. Ərdoğan sübut etməyə çalışır ki, onun rəhbərliyində Türkiyə daha güclüdür. Türkiyəni hər hansı təhdidlə, məhdudiyyətlə, sanksiya ilə qorxutmaq mümkün deyil. Sadəcə Türkiyə deyil, türk xalqına bu cür təzyiq göstərmək olmaz. ABŞ-ın bu hədələri daha fərqli təsir yaradar və həlli mümkün olmayan proseslərə gətirib çıxarar. Günümüzdə təhdid yolu ilə siyasət aparılması yolverilməzdir.

Bizimlə əlaqə saxlayın