KREMLDƏ ARA QARIŞIB, PUTİNİN MƏQSƏDİ NƏDİR? – Buna görə Medvedevi qabağa verir ki, nəsə danışsın...

11, 05, 23
11:00

KREMLDƏ ARA QARIŞIB, PUTİNİN MƏQSƏDİ NƏDİR? – Buna görə Medvedevi qabağa verir ki, nəsə danışsın...


Putin silahlı qruplar arasında intriqa toxumları səpərək nəyə nail olmaq istəyir?

Hər ötən gün Rusiyanın müharibə yükünü daşıya bilmədiyini göstərir

Rusiya hər zaman Avropadan öz qəribə xüsusiyyətləri və özünəməxsusluğu ilə fərqlənib və heç vaxt ona bənzəməyib. Geriyə dönüb, bu ölkənin tarixinə nəzər saldıqda, anlaşılır ki, həqiqətən də rus şairi Fyodr Tyutçevin dediyi kimi, Rusiyanı ağılla başa düşmək mümkün deyil. Bu sözlərin 19-cu əsrin ortasında səslənməsinə baxmayaraq, o, öz aktuallığını qətiyyən itirməyib.

18-ci əsrdən Rusiya imperatorları ilk növbədə paytaxt Sankt-Peterburqu Avropa şəhərlərinə oxşatmağa çalışmış, özləri və əyanları Qərb tərzli libaslar geyinib əcnəbi dildə danışmağa üstünlük verməklə daha mədəni görkəm almaq istəmişlər. Lakin forma dəyişsə də, məzmun əvvəlkitək öz yerində qalmışdı. Sankt-Peterburqu zahirən Qərb şəhərlərinə oxşatsalar da, şəhərin və orada yaşayanların daxili mahiyyəti dəyişməz olaraq qalıb...
Rusiya son beş yüz ilə yaxın müddət ərzində Qərblə inteqrasiya yaşayıb və böyük imperiyaya çevrilib. İmperiya elan edildiyi 1721-ci ildən bu günə kimi çoxsaylı kritik dönəmlərdən keçən Rusiya üçün bəlkə də ən mürəkkəb zaman elə indidir. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Moskva ABŞ-ın maliyyə köməyi ilə ölkəni parçalanmadan çətinliklə xilas edə bildi.

2000-ci illərin başlarından karbohidrogenlərin dünya bazarındakı qiyməti kəskin yüksəldiyindən, bu ölkə böyük pullara qovuşdu və imperiya xəyalları yenidən baş qaldırdı.

Nəticədə Rusiya Ukraynaya müdaxilə etməklə strateji xəyalını həyata keçirmək istədi. Ancaq Kreml rəhbərliyi hələ də anlamır ki, Qərbdən uzaqlaşıb Çinə sığınmaq ideyası kökündən yanlışdır. Çünki Çinə güclü Rusiya lazım deyil, Pekin gözünü Uzaq Şərqə və Sibirə dikib. Bir də Kremldə düşünsələr yaxşıdır Ki, məsələn, BMT-dəki son səsvermədə Çinin mövqeyi nədən xəbər verir?

Müharibə Rusiya barəsində həqiqətləri aşkara çıxardı

Ukraynaya hücumdan sonra Rusiya hakimiyyət dairələrində və döyüş meydanında yaşananlar bu ölkə elitasının bəsit məfkurəyə sahib olduğunu və dövlətin bir aparat kimi öz funksiyasını yerinə yetirə bilmədiyini göstərir. Müharibə Rusiyanın necə və hansı düşüncə ilə idarə edilməsini açıq şəkildə ortaya qoydu. Ukraynaya təcavüzə baş vurmamışdan öncə beynəlxalq hərbi ekspertlər Rusiya ordusunu dünyanın ikinci ən güclü ordusu hesab edirdilər. Belə düşünülürdü ki, əgər Kreml istəsə, Şərqi Avropa ölkələrini bir ay içərisində zəbt edə bilər. Ancaq rusların bu addımı atmamalarının səbəbini onların sonrakı mərhələdə NATO qoşunları ilə toqquşacağı riski ilə izah edirdilər.

Vladimir Putinin özü də ordusunun qüdərətinə, NATO ilə başa-baş döyüşəcək gücdə olmasına inanırdı, yoxsa, üç günə Kiyevin alınacağı iddiaları heç də boş yerdən yaranmamışdı. Müharibəyə başlamazdan hələ çox əvvəl Rusiya cəmiyyətini bu istiqamətdə kökləyir və ona vətənpərvərlik, yenilməzlik duyğusu aşılanırdı. Təbii ki, buna paralel şəkildə Rusiyanın geosoiyasi səhnədən sıxışdırılıb çıxarılmasına can atan düşmən obrazı da yaradılmalıydı. Bu məsələdə Kreml çox da uzağa getmədi, amansız düşmən və rusların qənimi kimi “Qərbin marionetkası” adlandırdıqları Ukrayna seçildi.

Son on ildir ki, Rusiyanın bütün rəsmi KİV-ləri Qərb dünyasını bütün bədbəxtliklərin baiskarı kimi təqdim edir. Ancaq Qərbə nifrət və kin püskürən rəsmi şəxslərin və alovlu vətənpərvər təbliğatçıların hamısı Avropada daşınmaz əmlak alıblar, övladları isə orada oxuyub, yaşayıblar. Kreml isteblişmenti Rusiya ictimaiyyətini inandırmaq istəyib ki, onlar qüdrətli, yenilməz və ilahinin həmişə qoruduğu ölkənin vətəndaşlarıdırlar, Prezident Vladimir Putin isə ən doğru qərarlar verən dahi rəhbərdir...

Ukraynaya hücum edəndə rusların beyinələri məhz bu cür ideologiyanın təsiri altında dumanlanıb, özləri uydurduqları əfsanələrə inanıblar.
Artıq müharibə 15-ci ayına girib, istənilən nəticənin alınmamasını bir kənara qoyaq, ruslar hətta ağıllarına gətirmədikləri reallıqlarla qarşılaşıblar. Məsələn, bu ölkənin hakimiyyət, eyni zamanda da qüdrət, mədəniyyət və müqəddəslik rəmzi sayılan Kremlə belə dronla zərbə vurulub.

Kremlə kimlərin zərbə vurması müəmmalı olsa da, artıq vəziyyətin çox gərgin mərhələyə girdiyi inkar edilə bilməz. 1987- ci ildə almaniyalı həvəskar pilot Matias Rustun Finlandiyadan kiçik həcmli “Cessna-172” təyyarəsi ilə uçaraq gəlib Qızıl meydanda enməsi dünyada böyük rezonans doğurmuş, sovet ordusunun zəifliyi üzə çıxmışdı. O zaman SSRİ rəhbəri Mixail Qorbaçov Müdafiə naziri marşal Sergey Sokolovu və bir sıra yüksək vəzifəli hərbçiləri işdən çıxarmış, baş vermiş hadisənin araşdırılmasına göstəriş vermişdi. Amma indiki durumda nəyin baş verməsi və günahkarların axtarıb tapılması ilə bağlı heç bir tədbir görülmür.

Bəllidir ki, ortada araşdırılacaq bir şey də yoxdur və Moskva şəhərinin Hava Hücumundan Müdafiə Sistemi bərbad vəziyyətdədir. Belə olmasaydı, Moskvadakı strateji dövlət orqanlarının binalarının damına HHM sitemləri yerləşdirilməzdi. Hər hansı bir şəhərin havadan qorunması üçün binaların damına müvafiq sistemlərin yerləşdirilməsi heç yerdə görünməyən “yenilik”dir.

Rusiya rəhbərliyində hamı intriqa qazanı qaynatmaqla məşğuldur

Hələ sovet dövründə Moskvanın hava məkanının müdafiəsnə 30-a yaxın HHM polku cəlb edilmişdi və onlar indikindən fərqli olaraq ictimaiyyətin gözünə dəymirdi.

Əgər Rusiya cəmiyyəti normal orqanizm kimi mövcud olsaydı, onda dövlətdən, ordudan və iqtisadiyyatdan birbaşa cavabdeh olan Vladimir Putindən soruşulardı ki, cənab Prezident, hanı bizim tərifli şanlı ordumuz? Biz axı niyə hansısa Priqojinin, Kadırovun silahlı dəstələrinin ümidinə qalmışıq? Bəs, bizim paytaxtı qoruyacaq Hava Hücumundan Müdafiə Sistemləri haradadır? Əlbəttə,Putin bunların heç birinə cavab verə bilməyəcək və ona görə də qabağa Medvedevi verir ki, nəsə danışsın...

Tarixdən bəllidir ki, müharibəyə görə ölkənin nizami ordusu cavabdehlik dayışır. Rusiyada ordunun döyüş qabiliyyəti aşağı olduğu üçün Yevgeni Priqojinin “Vaqner” silahlı qrupundan istifadə etmək məcburiyyətində qalıblar. Rusiya rəhbərliyinin xarakterinə uyğun şəkildə başda Putin olmaqla hamı intriqa qazanı qaynatmaqla məşğuldur.

Gəlin, cərəyan edən hadisələrə bir qədər də Rusiya reallıqları çərçivəsindən baxaq. Əslində, son günlər hiyləğər Yevgeni Priqojinin Rusiya yuxarı hərbi isteblişmentinə ağır söyüşlər yağdırmasının səbəbi onun Vladimir Putinin qurduğu oyunlardan xəbərdar olmasına dayanır. Putini yaxşı tanıyan Priqojin şivən qoparmaqla demək sitəyir ki, cənab Prezident, mən öz öhdəmə düşəni yerinə yetirdim, ”Vaqner” qrupu artıq tükənib, bax gör nə edirsən.

Bəs, Putinin məqsədi nədir? Putin öz hakimiyyətini möhkəmləndirmək naminə orduda intriqalar hörür ki, vəziyyət nəzarətdən çıxanda əli silahlılar ona qarşı birlik nümyiş etdirməsinlər. Putin üçün Priqojin, Kadırov, Şoyqu və ya Medvedev sadəcə istifadə materialıdır.İndi Putin silahlı qruplar arasında intriqa toxumları səpərək qüvvələr nisbəti yaratmaq istəyir və həm də tərəflər arasında balans quran zaman bu adamları bir-birinin üstünə salmağa çalışır.Onun özünü isə ittiham edən yoxdur...

Rusiyada strateji düşüncə qıtlığı

Əgər diqqət etsəniz, görərsiniz ki, hələ indiyədək Priqojin Putin barəsində sərt ifadələr söyləməyib, müharibədəki bütün problemlərin hamısını Şoyqunun üstünə yükləyib. Putin müharibənin onun istədiyi kimi yürümədiyini, Ukraynanın böyük əks-hücuma keçəcəyini bilsə də, döyüşən komandirlər arasında birliyin olmasını da arzulamır. O, bir tərəfdən müharibədə qalib gəlmək istəyir, digər tərəfdən isə döyüşənlərin birliyindən bərk qorxur. Yoxsa, ölkə başçısı kimi daxili çəkişmənin önünü asanlıqla ala bilərdi.

Bu müharibə göstərdi ki, əhalinin sayı, maliyyə imkanları və hərbi sənaye resursundan tutmuş, bütün fiziki parametrlərinə görə Ukraynadan dəfələrlə üstün vəziyyətə malik olan Rusiyanın başında duran şəxsin heç bir strateji zəka potensialı yoxmuş. Rusiya silahlı qüvvələrindəki intriqalar da bunun bariz nümunəsidir. Böyük dövlət adamı belə cılız işlərə əsla baş qoşmaz.

Bütün yaşananlar təsdiq edir ki, Rusiya kollektiv ağıl tərəfindən və dövlət düşüncəsi ilə idarə edilmir.

Bir çox hallarda Rusiya dərin dövləti barəsində fikirlər səslənir. Lakin bunun ciddi əsası yoxdur, Rusiyada arxa planda dayanıb gələcəyə hesablanmış strateji planlar quran hər hansı qurumun varlığı inandırıcı görünmür. Əks təqdirdə ölkənin iqtisadiyyatı, əhalinin rifahı və milli təhlükəsizliyin başlıca təminatı sayılan ordunun və xüsusi xidmət orqanlarının durumu bu səviyyədə olmazdı. Rusiyada artıq korrupsiya problem yox, bir sistem kimi ictimai həyatın norması sayılır. Elə ölkə başçısının və generalların intriqaları, didişmələri də buradan qaynaqlanır.

Qısası, deyə bilərik ki, Putin dövlət adamı kimi davranmır. Rusiya hələ ki, böyük resurslar hesabına və inersiya ilə ayaqda dura bilir. Ancaq müharibə onun daşıya biləcəyi yük deyil.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın