Putini kim və niyə indi öldürmək istədi?

04, 05, 23
14:00

Putini kim və niyə indi öldürmək istədi?

 
Bu hücumda Kremldaxili qüvvələrin əli ola biləcəyi mövzusu da gündəmə gələcək, amma...; Ukraynanın Putini öldürmək planı bu qədər ciddi olubsa, bunu niyə məsələn, Xersona və Mariupola gedəndə etmədilər ki?

Vladimir Putin üç gün əvvəldən Sankt-Peterburqada idi və burada hər iki parlamentin- Dumanın və Federasiya Şurasının yaradılmasının 30 illiyi ilə bağlı tədbirdə iştirak etmişdi. Oradakı çıxışı ənənəvi idi, yenə də Rusiyanı çökdürə, Amerikanın isə birqütblü dünya düzəni yarada bilməyəcəyini demişdi, yəni qeyri-adı çıxışı olmamışdı. Dünən axşam isə dövlət kanallarında Sankt-Peterburqdakı bir az da yarızirzəmini xatırladan kabinetdə görünmüşdü, Voronejin qubernatoru ilə videoqəbul keçirmişdi. Sankt-Peterburqun bakılı qubernatoru da qənşərində oturmuşdu. 
tia_cc46886f5fd56a67519c0b60020e94a6_2qc461peirlyo5bxnk3z-640x336.jpg (25 KB)
Bundan bir neçə saat sonra, Moskva vaxtilə gecə 2.30-da Kremlə iki dronla hücuma cəhdi edənlər (və bunun arxasında duranlar) bu aşkar faktı əlbəttə ki, bilirdi. Yəni belə sui-qəsd cəhdi olmaz. Bu, əlbəttə ki, istənilən halda terror cəhdidir və arxasında kimin durmasından asılı olmayaraq, nəticəsindən asılı olmayaraq, qəbul edilə biləcək hadisə deyil.

Ağıla gələn ilk sual isə belədir: Prezident yoxdursa, oraya hücumun mənası varmı? Var. Bu, məsələn, o mesajı verə bilər ki, “Putinin Kremldəki iqamətgahında olmadığından xəbərdarıq, amma bunu o otağında olanda da edə bilərik”. Yayılmış videodan görünür ki, dron elə də dağıdıcı gücdə olmayıb, hər halda, partlayış effektindən belə nəticəyə gəlmək mümkündür. O halda, demək bu Putinə yönəlmiş birbaşa sui-qəsd cəhdindən daha çox ona xəbardarlıqdır.

Rusiya-deyir-ki-Ukrayna-Putini-oldurmək-ucun-ugursuz-bir-cəhdlə.jpg (72 KB)
Ukraynanın Putini öldürmək planı bu qədər ciddi olubsa, bunu niyə məsələn, Xersona və Mariupola gedəndə etmədilər ki? Putin helikopterə mindi, şəhərdə avtomobil sürdü. Əgər hücum dronu iddia edildiyi kimi, Ukraynadan uçub Moskvaya gələ bilibsə, özünə yaxın ərazidə bu sui-qəsdi həyata keçirə bilməzdimi?

Putin qiyamçılarla vuruşan Sudan lideri, Bəşər Əsəd, üzərinə ordu qaldırılan Ərdoğan da deyil, onu qorxutmağı, müharibəni durdurmağı 2000-ci illərdə Basayev(lər) sınadı

Bəs, bu Rusiyanın öz planlaşdırdğı əməl ola bilərmi? Bu variantı da istisna etmək olmaz. Əvvəla, o suala cavab verilməlidir ki, bu dronlar necə olub ki, Kremlə bu qədər yaxınlaşa bilib? Bu teatrlaşdırılmış səhnədirsə, Rusiyanın bundan uduşu nə ola bilər? Ukraynanın Rusiya ərazisində terror aktları keçirdiyini sübut etmək, Zelenskinin Kiyevdəki ofisinin də artıq qanuni raket hədəfinə çevirmək üçünmü? Daha bir versiya da irəli sürmək olar: hələ də tərəddüd edən və ya ürəyinin dərinliyində (bunu dilə gətirmək adamı həbsə aparır) Ukraynadakı müharibəni Putinin ədalətsiz savaşı sayan ruslara “gözdağı vermək” üçün də düşünülə bilərdi. Amma burada çox ciddi bir məqam var. Rusiya “öz başına”-başkəndinə zərbə vurmaqla niyə vətəndaşlarında ölkənin güvənliyinə, ordusuna bunca ciddi şübhə yaratsın ki? Yəni Kremldə hazırlanıbsa, bunun xeyrindən çox, əhalinin onsuz da yüksək olmayan əhvalına ölçüyəgəlməz ziyanı ola bilər. Moskva belə hücumlara tez-tez məruz qalan Belqorod vilayəti deyil axı...

Bu hücumun arxasında barəsində çoxdan danışılan, Kremlin siyasətin narazı olan Kremldaxili qüvvələrin əli ola biləcəyi mövzusunu da şübhəsiz gündəmə gətirəcək. Amma Putin qiyamçılarla vuruşan Sudan lideri, Bəşər Əsəd, üzərinə ordu qaldırılan Ərdoğan da deyil. Putini o üsulla qorxutmağı, müharibəni durdurmağı 2000-ci illərdə Basayev(lər) sınadı. Moskvada və digər şəhərlərdə yüzlər adamı girov götürüləndə belə, Putinin güzəştə getmədiyi bilinən faktlardır. Ona ətrafının güc göstərməsi mənə görə, inandırıcı deyil. Putin əksinə, Rusiyada indi nə qədər qəribə səslənsə də, yeganə stabilləşdirici, barışdırıcı, ortaq maraqları ifadə edən fiqurdur. Milyardlarını itirən oliqarxlar narazı ola bilər, amma onlar Putinin iqamətgahına dron qaldıracaq qədər ağıllarını da itirməyiblər.

Moskva meri Sergey Sobyaninin artıq paytaxtda pilotsuz aparatlarını qadağa qoyulduğunu bəyan edib. İstisna yalnız "dövlət orqanlarının qərarları ilə istifadə olunan" cihazlar üçün edilir. Amma olan-olub...
221130-antony-blinken-jm-0942-fa0d30.jpg (2.44 MB)
Amerikadan reaksiya da maraqlıdır. “Mən xəbərləri görmüşəm, sadəcə onları heç bir şəkildə təsdiqləyə bilmirəm. Sadəcə biz bilmirik. Gəlin, faktlara baxaq. Faktları bilmədən şərh vermək və ya spekulyasiya etmək çox çətindir”, dövlət katibi Blinken deyib. Bildirilib ki, ABŞ hakimiyyəti hələ də nə baş verdiyini anlamağa çalışır. Anlaşılandı. Bu cür hücum Zelenskinin Qərbdəki himayədarlarına strateji anlamda sərf etmir. Baxmayaraq ki, onlar dəfələrlə Rusiya ərszisinin Ukraynın qanuni hədəfi olduğunu da bəyan ediblər. Ukraynanın vəd etdiyi əks-hücumla bağlı neçə vaxtdır spekulyasiyalar gedir. Kiyev gah deyir təyyarə verin, gah yağışları bəhanə edir. İndi bu hadisə gözlənilən əks-hücumu birfəfəlik təxirə sala da bilər. Əgər bu Zelenskinin özbaşınalığıdırsa, bu o deməkdir ki, Ukrayna prezidenti nəzarətdən çıxır, həm də Qərbə meydan oxuyur, onları da Rusiyanın və Putinin hədəfinə çevirir.

Bu günün əsas sualı belədir: bundan sonra nə olacaq? Vladimir Putin Rusiya gücünün əsas simvolu olan əsas iqamətgahına hücuma necə və nə ilə cavab verəcək? Kremlin rəsmi bəyanatın da ehtiyatla bu anons verilib: “Rusiya tərəfi uyğun bildiyi yerdə və uyğun zamanda cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.
Screenshot_2.png (648 KB)
Putin bu müharibə başlayandan sonra Zelenskinin adını haradasa çəkdiyini xatırlamıram. Zelenski isə əksinə, onun haqda çox danışıb, hətta ölməsini dilə də gətirib.

İsrailin keçmiş baş naziri Naftali Bennet müharibənin əvvəlində Rusiya prezidenti ilə Zelenski haqda danışdığını indi xatırlamağa dəyər.

Bennet 2022-ci ilin martında baş nazir kimi Moskvaya səfər etdiyini və Kremldə Putinlə görüşdüyünü demişdi. İsrailin o zamankı baş nazirinin sözlərinə görə, Ukrayna prezidenti özünü təhlükə altında hesab edirmiş və həmin vaxt bunkerdə gizlənirmiş. Görüş başlayandan üç-dörd saat sonra Bennet Putindən soruşub ki, Zelenskini öldürmək planı varmı?

O isə “mən Zelenskini öldürməyəcəyəm” cavabını verib.
1683129201__gettyimages_1242582530_5_480x270.jpg (17 KB)
“Mənə söz ver ki, Zelenskini öldürməyəcəksən” deyə israilli nazir israr da edib. Putin belə cavab verdi: “Mən Zelenskini öldürməyəcəyəm!"

Bennet bildirib ki, o da Ukrayna prezidentinə zəng vurub və onu təhlükənin gözləmədiyini bildirib. Bundan sonra Zelenski heç nədən qorxmadığını deyərək, iş otağından video çəkib paylaşıb.

Məncə, bu razılaşma da artıq qüvvədən düşmüş sayılmalıdır...

Nazim SABİROĞLU 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın