İran prezidentin səviyyəsində təxribat

20, 04, 23
19:00

İran prezidentin səviyyəsində təxribat


Bu gün - aprelin 18-də İsrailin xarici işlər naziri Eli Kohen Bakıya gələcək. Eli Kohen səfər çərçivəsində aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcək, həmçinin onun azərbaycanlı həmkarı Ceyhun Bayramov və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər keçirəcəyi gözlənilir. Koheni iqtisadi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün rəsmi şəxslərdən və iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edir. 

İsrail mediası bunu Tehranın təzyiqlərinə baxmayaraq, İsraildə səfirlik açan ilk şiə müsəlman ölkəsinə səfər kimi təqdim edir. Bildirilir ki, Kohen səfər zamanı gələcək iqtisadi əməkdaşlıqla bağlı müzakirələr aparmaqla yanaşı, İran, onun nüvə potensialı uğrunda yarışı və Səudiyyə Ərəbistanı ilə son yaxınlaşması kimi aktual məsələləri qaldıracağı da gözlənilir. Azərbaycan və Ermənistan arasında gərginlik hələ də davam etdiyi üçün iki ölkə arasında hərbi əməkdaşlıq da müzakirə oluna bilər.

Məlumat verilir ki, İsrail prezidenti İsaak Hersoqun Azərbaycan prezidentinin dəvəti ilə gələn ay Bakıya səfər edəcəyi də gözlənilir.

Belə geniş əməkdaşlıq spektri qonşu paytaxtlarda narahatlıqla izlənir. Artıq səfər əleyhinə böyük kampaniyaya da start verilib. Xüsusən Kohenin aprelin 20-də İsrail səfirliyinin açılış mərasimində iştirak etmək üçün Bakıdan Aşqabada gedəcəyi xəbəri Tehranda qıcıq yaradıb. İsrail mediasının xəbərinə görə, İranla həmsərhəd iki müsəlman ölkəsi olan Türkmənistan və Azərbaycanla Təl -Əvivin diplomatik əlaqələrinin inkişafı Tehranı narahat edir və bunu İsrailin ona “boğucu bağ” tətbiq etmək cəhdi kimi qiymətləndirir.
 
Buna görə də E.Kohenin Tehranla sərhəddən cəmi 200 kilometr aralıda yerləşən Aşqabada gözlənilən səfərinin qarşısını almaq üçün Türkmənistana təzyiq göstərilir. Kohenin Türkmənistana səfəri İsrail nazirinin son 30 ildə bu ölkəyə ilk səfəri hesab olunur. İlk səfəri 1995-ci ildə ovaxtkı səhiyyə naziri Efraim Sneh, ondan bir il əvvəl isə xarici işlər naziri Şimon Peres edib.

Kohenin ölkəyə səfərindən əvvəl İran prezidenti İbrahim Rəisi Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla qeyri-adi telefon danışığı aparıb. Rəisi İsraili tənqid atəşinə tutub, həmkarına İslam həmrəyliyindən, İsrailin "törətdiyi cinayətlərdən" bəhs edib.

Görünür, Ər-Riyadla analaşmalardan sonra “mühasirəni yarma” bayramı edən İran bu dəfə özünü yenidən mühasirəyə alınma təhlükəsində hiss edir. O zaman İsrailin ərəb dünyası ilə imzalanan “İbrahimi anlaşmaları” sayəsində İrana qarşı “sami qardaşlığı” koalisiyası quruculağı haqda ilkin şərhlər də səslənmnəyə başlamışdı. Amma Türkmənistan cavab jesti kimi Təl-Əvivdə səfirlik açarsa, bu, İsraildə səfirliyi olan 5-ci türk ölkəsi olacaq, yəni İrana qarşı “sami qardaşlığı” hələlik alınmasa da, türk-yəhudi ittifaqının ilkin əlamətlərindən bəhs etmək mümkün olacaq.

Cəmaləddin Quliyev, siyasi ekspert

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın