Tehranın Azərbaycanla bağlı çirkin planları alt-üst oldu - "Narkoticarət Korpusu"

10, 04, 23
18:00

Tehranın Azərbaycanla bağlı çirkin planları alt-üst oldu - "Narkoticarət Korpusu"


İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" faktiki olaraq "Narkoticarət Keşikçiləri Korpusu"na çevrilərək "ağ ölüm"ün istehsalı, daşınması və satışından əldə etdiyi milyardlarla dolları terrorizmə, sui-qəsdlərə, müxalifətə qarşı təqiblərə, habelə Azərbaycanda agentura şəbəkəsinin yaradılmasına sərf edir

İraqla İran sərhədindəki Şətt əl Ərəb çayı iraqlı polislərlə təhlükəsizlik xidmətlərinin başağrısına çevrilib. İranda hazırlanmış və ya qonşu ölkələrdən İrana gətirilmiş narkotik preparatları SEPAH-ın nəzarətində olan narkobandalar məhz bu çaydan keçirərək İraqa daxil edirlər.

Rəsmi Bağdad problemi qismən də olsa, həll etmək üçün ölkənin cənub-şərqində, İranla sərhəddə, Şətt əl Ərəb çayı sahili boyunca xəndəklər qazır, torpaqdan uca "hasar"lar inşa edir. 

Lakin bu, kömək etmir. 

İraq Daxili İşlər Nazirliyinin 2023-cü ilin fevralında açıqladığı hesabata görə, İrandan İraqa narkotrafikin sərhəddəki Əl Hüveyzə bataqlıqları bölgəsində dəfələrlə aktivləşməsi qeydə alınıb.

İrandan İraqa keçirilən narkotik preparatlar və vasitələrin böyük qismi Suriyaya, oradan da İordaniyaya və Livana daşınır.

İordaniya və Livanda həmin "yük"ün təxminən yarısı yerli narkotik maddələr bazarında paylaşdırılır, yarısı isə Avropa İttifaqı ölkələrinə yönəldilir.

Bu proses SEPAH-ın Kəşfiyyat Xidmətinin sabiq rəisi, "sərtibi sərdar" (general-mayor), hazırda SEPAH-ın komandanı Hüseyn Səlaminin müşaviri olan Hüseyn Tayibin köməkçisi, "sərhəng pəsdar" (polkovnik) Məhəmməd Rza Seyidpurun nəzarətindədir.

SEPAH daxilində məhz o, narkotrafikin İraq-Suriya-İordaniya-Livan-Avropa istiqamətinə cavabdehdir.

İordaniya polisinin verdiyi məlumata görə, İrandan Suriyaya daşınan həşiş və kaptaqonun böyük hissəsi sonradan iordaniyalı narkotacirlərə təhvil verilir.

"İraqın İranla sərhədindəki Bəsrə və Məysan bölgələrinə daşınaraq anbarlara yığılan, sonra Suriyaya aparılan həşih, heroin, tiryək, marixuata, metamfetamin və kaptaqonın bir qismi sonradan İordaniyaya gətirilir", - İordaniya polisinin açıqlamasında deyilir.

İraq hökumətinin mənsubu Həsən Nazim isə bildirir ki, onlar Əl Hüveyzədə uzunluğu ən azı 100 km olacaq torpaq sədd inşa etməkdə qərarlıdırlar: "Yoxsa İrandan gələn narkotrafikin qarşısını ala bilməyəcəyik. Səddlə yanaşı, orada istilik detektorları, gözətçi qüllələr və sutkaboyu fasiləsiz patrul qrupları olacaq".

İraq Silahlı Qüvvələrinin Birləşmiş Operativ Klmandanlığının sədrinin müavini, general-leytenant Əbdül Əmir əl Şəmmari sərhəddə aparılan işlərə rəhbərlik edir.

Bağdaddakı Strateji Tədqiqatlar Mərkəzinin direktoru Feysəl Hüseyn hesab edir ki, İraqdakı narkoticarət bazarının əksər hissəsinə İran nəzarət edir: "İran ölkəmizdək proksi qruplaşmaları vasitəsilə nəhəng miqdarda narkoticarətlə məşğuldur. Artıq hər şeyi açıq deməliyik: bu proses bilavasitə İran SEPAH-ının nəzarətindədir. SEPAH-ın çoxsaylı narkolaboratoriyaları, narkotik maddələri daşımaq üçün müxtəlif nəqliyyat vasitələri, yüzlərlə kriminal və yarıkriminal dəstələri, habelə marşrutları var".

Onun sözlərinə görə, SEPAH İraqa ötürdüyü narkotik maddələrin təxminən 10 faizini Fars Körfəzi ölkələrinə ötürür.

Məsələn, Küveytə hər ay təqribən 15 milyon həb kaptaqon göndərilir.

Kaptaqonun istehsal olunduğu laboratoriyalarsa İranla yanaşı, Suriyadadır.

İraqlı və suriyalı ekspertlərin dediklərinə görə, SEPAH bütün regionda narkoticarəti sürətlə genişləndirməklə yanaşı, Suryia-Livan-İraq-İran çərçivəli "qızıl kvadrat" yaradıb.

SEPAH-ın tam nəzarətindəki "Hizbullah"ın Suriyada Bəşər Əsəd rejiminin hərbi kəşfiyyatının 4-cü idarəsi ilə birlikdə yaratdıqları narkolaboratoriyalarda istehsalat həcmləri sürəkli artırılır.

İranın SEPAH-ı həmin laboratoriyalarının fəaliyyətinin təminatını Suriya prezidenti Bəşər Əsədin qardaşı, 4-cü zirehli-tank diviziyasının komandiri, briqada generalı Maher Əsədə həvalə edib.

M.Əsədin nəzarətindəki narkolaboratoriyalar arasında ən iriləri Suriyanın Dəraa, Süeydə, Deyr Ətiya, Kalamun, Latakiya, Əl Basa, Əl Küseyr, Kəraa, Əsal əl Vərd və Homsdadır.

... Ağ kristallik maddə, amfetaminin törəməsi... Tam adı "metil alfa metilfeniletilamin" olan metamfetamin yüksək asılılıq yaratma dərəcəsinə malik psixosimulyatordur.

Hitler Almaniyasında əsgərlərə "çevikliyi artırmaq, ruh yüksəkliyi yaratmaq" məqsədilə verilərək "pervitin" adı ilə tanınan bu preparatdan sonralar ABŞ ordusunda da eyni məqsədlə istifadə edilmişdi.

ABŞ-da son illərədək "dezoksin" adı ilə açıq satışda olan bu preparatın əslində narkotik maddə olduğu sübuta yetiriləndən sonra o, yasaqlandı.

Kristallik metamfetamin qəbul edən şəxsdə yorğunluq hissi azalır, yeməyə və yuxuya tələbat aşağı düşür, ruh yüksəkliyi yaranır. Lakin bütün bunlar aldadıcı tələdir: əsl narkotik maddə olan bu preparatın sürəkli qəbul edilməsi insan orqanizmində çox ağır fəsadlar yaradır.

Yaxın Şərq ölkələrində "şəbu" adlanan və İranda "şişe" ("şüşə") adı ilə satılan metamfetamin hazırda cənub qonşumuzun ərazisində istifadə miqyasına görə iranlı narkomanların "sevimli" vasitələri olan həşişlə tiryəki keçib.

Hazırda İranda 2,34 milyondan artıq insan narkotik vasitələrdən istifadə edir ki, onların 11,2 faizi qadınlardır.

İran İslam Respublikasının rəsmi qurumları, o cümlədən SEPAH bəyan edirlər ki, qlobal miqyasda narkomaniya və narkoticarətlə mübarizədə xüsusi əməkləri var, hər il narkotacirlərlə toqquşmalarda polis mənsubları, hərbçilər və SEPAH nümayəndələri həlak olurlar.

Doğrudur, rəsmi statistikaya görə, Tehran hakimiyyəti qonşu ölkələrdən İran ərazisinə keçməyə çalışan narkotacirlərlə mübarizə aparır, narkodəstələrlə atışmalarda polislər, hərbçilər, SEPAH-çılar həlak olurlar. 

Bu, aysberqin görürən hissəsidir.

İrandakı mövcud hakimiyyətin pərdələməyə çalışdığı hissə isə çox böyük və qorxuncdur. Çünki Tehran rejimi "dövlət içində dövlət"ə çevrilmiş SEPAH-ın astronomik miqyasa çatmış narkoticarətlə məşğul olduğunu bilir, bunun qarşısını almaq əvəzinə dəstək verir.

Səbəb bəsitdir: SEPAH narkoticarətdən əldə etdiyi milyardlarla dolları bütün Yaxın Şərqdə və postsovet məkanı ölkələrində proksi-qüvvələrinin dəstəklənməsinə, hədəf seçdiyi dövlətlərə qarşı hibrid savaşların aparılmasına, dünyanın ən müxtəlif məkanlarında terror aktları və sui-qəsdlər hazırlamağa sərf edir.

Eyni zamanda, əldə edilən vəsait İran daxilində müxalifətlə mübarizəyə, etiraz aksiyalarının yatırılmasına, ən başlıcası isə hakimiyyət düşərgəsində SEPAH-a rəqib qrupların zəiflədilməsinə də yönəlir.

SEPAH-ın narkoticarətdə fəallığı o həddə çatıb ki, Suriya ilə İordaniya arasındakı 375 kilometrlik dövlət sərhəli iordaniyalılar üçün "SEPAH-la savaş ərazisi"nə çevrilib.

Sadəcə, Suriyadakı narkolaboratoriyalarındakı istehsaldan əldə edilən xalis gəliri ildə 5,2 milyard dollara çatdırmış SEPAH hazırda bütün qonşu ölkələrə, Fars Körfəzi monarxiyalarına, Afrikaya, Asiya ölkələrinə, Avropa İttifaqına təxmini hesablamalara görə,ö ildə 17,1 milyard dollar həcmində metamfetamin, həşiş, tiryək, kaptaqon, şeroin, nəşə və kokain satır.

"Yoxsulların narkotik maddələri" adlandırılan kaptaqon (teofillin amfetamini) və "şəbu" (metamfetamin) laboratoriyalarının sayını durmadan artıran SEPAH-ın taktikasında da dəyişikliklər var.

Məsələn, Azərbaycana ölkəmizdə "patı" adı ilə tanınan "şəbu"nu fasiləsiz yollamaqla SEPAH bizə qarşı narkosavaşı reallaşdırmaqla kifayətlənmir.

SEPAH zabitləri Azərbaycana ünvanladıqları narkotik maddələri satan şəxsləri verbovka edərək agentlərinə çevirir, sonra həmin adamlara yeni şəxsləri verbovka etməyi tapşırırlar.

Bu minvalla SEPAH narkotik vasitələrdən istifadə edərək Azərbaycanda genişmiqyaslı agentura şəbəkəsi yaratmağa çalışır. Onu da unutmayaq ki, ölkəmizdəki narkoticarətdən əldə etdiyi gəlirlərin təqribən 48 faizini SEPAH elə Azərbaycandakı şəbəkəsinin təminatına sərf edir.

Məhz bu səbəbdən SEPAH ölkəmizə "ənənəvi" narkotik maddələrlə yanaşı, çay bükülülərinin içində kaptaqon da keçirməyə, gəlirlərini yüksəltməklə yanaşı, Azərbaycan gənclərini əsas hədəf sayaraq narkomaniya bəlasının miqyasını artırmağa can atır.

İran iqtisadiyyatının təxminən 1/3 hissəsinə tam nəzarət edən, ümumi həcmi 182 milyard dollara çatan "kölgə iqtisadiyyatı"nı total kontrolda saxlayan SEPAH-ın gəlir mənbələri arasında, qeyd etdiyimiz kimi, narkotik maddələr istehzsalı və narkoticarət xüsusi yer tutur.

Əfqanıstanla 936, Pakistanla 909 kilometrlik sərhədə malik İranın coğrafi mövqeyi dünyada tiryək və heroin istehsalı baxımından lider mövqe tutan Əfqanıstandakı narkolaboratoriyaların "məhsul"larından SEPAH-a maksimal dərəcə də yararlanmağa imkan verir.

"Əfqanıstan" istiqamətində SEPAH-da general Qulamrza Bağbani cavabdehdir.

Narkoticarət marşrutlarını yaradaraq onları mühafizə edən və kontrolda saxlayan SEPAH sonradan narkotik maddələri dünyanın ən müxtəlif ölkələrinə yollayır.

Eyni zamanda, İran daxilində narkoticarət də az qala bütünlüklə SEPAH-ın nəzarətindədir.

Bu, SEPAH-a ölkə daxilində vətəndaşların hakimiyyətdən narazı kəsiminin müəyyən hissəsini idarə etməyə imkan verir: bəlli, narkotik maddələrdən asılı insan üçün siyasi və sosial məqsədlər olmur, o tam apatiyada qalır və yeganə məqsədi növbəti "doza"nı əldə etməkdir. Narkomanlar arasında agentura şəbəkəsi yaradan SEPAH bu yoldan da istifadə edərək müxalifət düşərgəsi ilə yanaşı, narazı vətəndaşlar barədə məlumatlar əldə etməyə çalışır.

Narkoticarətdən əldə edilən gəlirlər SEPAH-a müxtəlif ölkələrdəki casus şəbəkələrini və proksi-dəstələri ilə hərəkatları maliyyələşdirməyə imkan verir.

SEPAH-ın Azərbaycanda narkoticarətlə bağlı planlarına əvvəllər briqada generalı ("sepahbud pəsdər") Abdulla Əraki cavabdeh idisə, indi proses general-leytenant ("sərləşkər-pəsdər") Mahmud Gilaniyə tapşırılıb.

BMT hesabatlarına görə, hazırda İran ərazisinə keçirilən narkotik maddələrin 40 faiz ölkədə qalır, 60 faizi isə başqa ölkələrə daşınır.

SEPAH-ın Avropa İttifaqı ölkələrində "Hizbullah"la bağlı qruplar, habelə Balkan yarımadasındakı ölkələrin mütəşəkkil cinayətkar qruplaşmaları vasitəsilə narkoticarətində İran-Azərbaycan-Gürcüstan-Qara dəniz-Bolqarıstan marşrutu xüsusii yer tutur.

Lakin 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi, 30 il erməni işğalında olmuş ərazilərimizin azad edilməsi SEPAH-ın bu marşrutuna ciddi hərbə olub.

Erməni işğalı illərində Zəngilan və Cəbrayıl rayonlarının İranla sərhədinin faktiki tam açıq olmasından yararlanan SEPAH bu ərazilərə keçirdiyi narkotik maddələri sonradan Ermənistana daşıyır, Gürcüstana keçirir, oradan da Avropaya çıxarırdı.

Dövlət sərhədimizin 130 kilometrlik hissəsinə, habelə Gorus-Qafan yolunun ərazilərimizdən keçən hissəsinə nəzarəti bərpa edəndən bəri SEPAH alternativ yollar arayır.

Tehran rejiminin Bakıya qarşı son vaxtlardakı isterik münasibətinin səbəblərindən biri də budur.

... Tehrandakı "Dəryuş" Narkomaniyanın Tədqiqatı Mərkəzi ölkədə narkomanların real sayının rəsmi statistikadan dəfələrlə artıq olduğunu, rəsmi qurumların narkoticarət və narkotik vasitələrdən istifadə ilə bağlı real rəqəmləri açıqlamadığını bəyan edərək soruşub: "Nə vaxtadək belə davam edəcək?"

Sual ritorikdir.

Tehranda indiki "vilayəti-fəqih" rejimi nə qədər hakimiyyətdədirsə, narkoticarətə SEPAH nəzarət edirsə, İrandakı narkomaniya və narkoticarətlə bağlı gerçək vəziyyətlə bağlı hansısa rəsmi açıqlamanı gözləmək sadəlövhlükdür... 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın