“Qarabağ klanı“nı qısnama: “Görür ki, Rusiyanın başı Ukraynaya qarışıb...“

10, 02, 23
16:00

“Qarabağ klanı“nı qısnama: “Görür ki, Rusiyanın başı Ukraynaya qarışıb...“


“Əslində, Ermənistanın Baş naziri Nikol Paşinyan təkcə keçmiş rəqiblərini deyil, eləcə də öz hakimiyyəti üçün təhlükə yarada biləcək qütbün təsir imkanlarını azaltmağa çalışır”. 

"Azərbaycan Reallığı" xəbər verir ki Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, son günlər Ermənistan siyasi elitasında Paşinyan iqtidarı tərəfindən müxalifət nümayəndələrinə qarşı həyata keçirilən siyasi respressiyaların pərdəarxasından söz açıb:

"Cinayət təqibinə məruz qalan şəxslər – şübhəsiz ki, onlar müharibə cinayətkarlarıdır – paralel olaraq müəyyən zaman kəsiyində, ola bilsin ki, indi də Rusiyanın təsir dairəsinə düşən şəxslərdir.

Son günlər Ermənistan rəsmilərinin verdiyi açıqlamalar, o cümlədən Rusiyaya, KTMT-yə ünvanlanmış ittihamlar Ermənistanın 2018-ci ildən istiqamətləndirdiyi kursu davam etdirdiyini sübuta yetirir. Bu sıraya Avropa İttifaqının mülki missiyasının tərkibində Fransa Müdafiə Nazirliyinin təmsilçiləri olan jandarmeriya nümayəndələrinin də əlavə edilməsi artıq Ermənistanın başqa bir qütbün hərbi kontingentinin ölkə ərazisində yerləşdirilməsində maraqlı olduğunu sübuta yetirir”.

E. Mirzəbəyliyə görə, təzyiqlər həm də sözügedən şəxslərə qarşı preventiv tədbir xarakteri daşıyır:

“Yəni Nikol Paşinyan öz hakimiyyətinə təhlükə yaradacaq qüvvələri faktiki olaraq neytrallaşdırmaq istəyir.


O ki qaldı növbəti siyasi repressiya qurbanının kimlər olacağına, güman ki, bunlar əks qütbdə olan şəxslər olacaq. Əvvəla, onlara qarşı cinayət ittihamları irəli sürmək üçün faktlar yetərincədir. Bu sırada söhbət Serj Sarkisyan, Robert Koçaryan və onların əhatəsinə daxil olan insanlardan – “Qarabağ klanı”ndan gedir. Onlar hazırda Ermənistan hakimiyyəti üçün böyük bir problemdir. Çünki hakimiyyətdə olduqları zaman kifayət qədər cinayətlər törədiblər”.

Siyasi şərhçi xatırladıb ki, bu şəxslərin məsuliyyətə cəlb olunmasına əvvəllər də müəyyən cəhdlər olub:

“Amma təzyiqlər nəticəsində Paşinyan geri çəkilib. Ola bilsin ki, indiki şəraitdə Rusiyanın mövqelərinin müəyyən qədər zəiflədiyi, yaxud diqqətinin Ukrayna kampaniyasına cəm olduğunu və s. nəzərə alaraq, özünə rəqib saydığı insanları neytrallaşdırmaq istəyir. Qısası, Baş nazir Paşinyan “Qarabağ klanı”nı oyundan kənarlaşdırmaqla hakimiyyətinin ömrünü uzatmağa cəhd göstərir”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın