İran yenə meydan oxuyur - Tehran niyə qəzəblidir?

10, 02, 23
13:00

İran yenə meydan oxuyur - Tehran niyə qəzəblidir?


"Azərbaycan Reallığı" xəbər verir ki, Politoloq Elşən Manafovun “Yeni Sabah”a müsahibəsi: 

- İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri bildirib ki, İran bölgədə hər hansı bir eksterritorial dəhlizlərin açılmasına qarşıdır və Ermənistan hakimiyyəti ilə bunun qarşısını almaqda qərarlıdır...

- İran səfiri bütün hallarda Tehranın mövqeyini açıqlayıb. Ümumiyyətlə, səfirlər mənsub olduqları dövlətin maraqlarından çıxış edirlər.

Məsələ isə bundadır ki, İran “3+3 formatı”nda bölgədəki əməkdaşlığın tərəfdarı olduğunu bəyan etmişdi. Prinsip etibarilə, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərdə İran və bölgə dövlətləri arasında kifayət qədər fərqli baxışlar yox idi. Amma görünür, dəhlizin açılması kontektsində İranı düşündürən və narahat edən bəzi məsələlər var ki, yaxşı olardı, rəsmi Tehran həmin məsələlərə aydınlıq gətirsin. 

Dəhlizin açılacağı təqdirdə bölgə dövlətlərinin logistika və tranzit imkanları artacaq və region ölkələrinin birlikdə təxminən 300 milyard dollara yaxın mənfəət götürə biləcəyinə dair hesablamalar var. 

- İran Xəzərin hüquqi statusunda da bu kimi pozucu bəyanatlar verirdi...

- Xəzərin hüquqi statusu ətrafındakı danışıqlarda da İran tərəfi kifayət qədər fərqli mövqe nümayiş etdirirdi. Əslində, İran Xəzərdə ona düşəcək payın artırılmasını istəyirdi. Çünki Xəzərdə kondominium (birlikdə mülkiyyət hüququ) prinsipi var idi. İran isə dənizin 5 Xəzəryanı dövlət arasında 20%-lə bölüşüdürülməsini nəzərdə tuturdu. Halbuki zamanında SSRİ və İran arasında bu məsələ 82%-in 18%-ə kontekstində öz həllini tapmışdı. O zaman da İran nə 1921, nə də 1940-cı illərin müqavilələrinə ciddi etiraz etmişdi. İndi görünür ki, İranın məlum kəmərlərlə bağlı konkret fərqli fikirləri, maraqları var.

- İranı narahat edən amil nədir onda?

- O, bu məsələdə onun mövqeyi və baxışlarının nəzərə alınmasını tələb edir. Hər halda belə bir tələb ortalıqdadır. Amma konkret olaraq, tələblər nədən ibarətdir, yəqin ki, bunu rəsmi Tehran Ankaraya, Bakıya, yaxud Moskvaya bildirə bilər. 

Məsələnin qaranlıq tərəfi isə ondan ibarətdir ki, İran niyə Zəngəzur dəhlizinin açılmasına belə ciddi cəhdlə maneəçilik törətmək istəyir. Əvvəl  belə bir mövqe açıqlamışdı ki, dəhliz açılacağı təqdirdə İranın Ermənistanla müəyyən edilmiş dövlət sərhədlərində bəzi dəyişikliklər baş verə bilər. Etiraf etməliyik ki, İranın razılığı olmadan onun bu və ya digər dövlətlərlə sərhədlərinin dəyişdirilməsi beynəlxalq hüquqa ziddir. Burada suveren dövlət kimi mütləq şəkildə onun maraqları nəzərə alınmalıdır. Lakin əgər məlum dəhlizlər İranın dövlət sərhədlərinə çıxırsa...

Amma başqa məsələdir ki, İran burada konkret olaraq hansı qazanclar əldə edə bilər, yaxud dəhlizin açılması təqdirində bölgəyə bir başa aidiyyəti olmayan üçüncü tərəfin aktivləşə biləcəyi ilə bağlı məsələ də İranı düşündürə bilər. Üçüncü tərəf isə İran üçün bütün halalrda Qərb, ABŞ və NATO-dur. 

- Nikol Paşinyan Qərbin, "Sorosun adamı"dır. Belə olan təqdirdə İran niyə indiki erməni siyasi elitası ilə “qardaşlaşıb”?

- Nikol Paşinyanın Qərb təmsilçisi olması birmənalıdır. Hətta bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib. Bundan əlavə, bunu Rusiya prezidenti Vladimir Putin də qeyd edib, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə toxunub. Paşinyanın özü belə boynundan atmır ki, Sorosun təmsilçisidir. Burada maraqlı sual isə odur ki, İran niyə bölgədə Qərbin maraqlarına işləyən Paşinyan rejimi ilə iş birliyindədir və onunla əməkdaşlığın genişləndirilməsində maraqlıdır? Əsas məsələ bundan ibarətdir.

Mənə elə gəlir ki, prinsip etibarilə, İranın dövlət maraqlarından çıxış etsək, İran hazırkı Ermənistan iqtidarı ilə – mən bütövlükdə Ermənistan hakimiyyətlərini demirəm – münasibətlərinin dərinləşməsində və genişlənməsində maraqlı olmamalıdır. Çünki bu iqtidar perspektivdə Qərbin bölgəyə gətirilməsində xidmət edir. İndi burada hansı gizli sövdələşmələr varsa, o barədə, ancaq müəyyən mülahizələr söyləmək olar. 

- Qeyd etdiniz ki, sərhədlərin dəyişirilməsi məsələsində mütləq İranın mövqeyi nəzərə alınmalıdır... 

- Elədi ki, var. Yəni bütün hallarda dəhlizlərin açılması təqdirində İranın dövlət sərhədlərində dəyişiklik olacaqsa, bu məsələdə təbii ki, İranın rəsmi mövqeyi nəzərə alınmalıdır. Yox, olmayacaqsa, onda İran burada hansısa fərqli maliyyə maraqlarından çıxış edir. Yəqin ki qarşılıqlı güzəştlərin olması təqdirində İran mövqeyindən geri çəkiləcək. Xəzərin hüquqi statusu ilə bağlı məsələdə müəyyən mənada İranın maraqları nəzərə alınandan sonra İran geri çəkildi.

Yeri gəlmişkən, həmin məsələdə Türkmənistan da İranla bərabər fərqli mövqe nümayiş etdirirdi. 

- Bəs nə etməliyik?

- Fikrimcə, burada sadəcə olaraq münasibətlərin gərginləşməsi istiqamətində addımların atılması arzuolunan deyil. Nəzərə alsaq ki, İran bölgəylə bağlı geosiyasi siyasətini bütün hallarda Rusiya və müəyyən mənada Çinlə razılaşdırır, onda ehtimal etmək olar ki, onun bu mövqeyi Rusiya ilə qeyri-rəsmi səviyyədə razılaşdırılıb. Hərçənd Putin dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir. Ən azı Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar ucbatından bu dəhlizin açılması Rusiyanın da digər dünyaya logistika və tranzit imkanlarının artırılması kimi baxılmalıdır. Bu da maraqlı bir məsələdər.

- Yəni Tehrana güzəştlər oluna bilər?

- Mənə elə gəlir ki, tərəflər rəsmi Tehranla müzakirə aparmalıdır. İranın Azərbaycanı təhdid etmək, habelə güc müstəvisində danışması üçün heç bir lüzum yoxdur. Etiraf etmək lazımdır ki, İran və Azərbaycan fərqli maliyyə, eləcə də fərqli hərbi göstəricilərə malik olan dövlətlərdir. İranla münasibətlərin gərginləşməsi fonunda Azərbaycan daha çox Türkiyə və Türkiyə vasitəsilə bəlkə də NATO-ya bel bağlaya bilər. Amma Azərbaycan iqtidarı NATO ilə münasibətlərdə disbalans saxlayır. Çünki bütün hallarda Azərbaycan siyasi iqtidarı Rusiya ilə münasibətlərə həmişə böyük önəm verib və bu gün də verir. Ona görə də tərəflər arasındakı münasibətlərdəki qarşıdurma yəqin ki qarşılıqlı güzəştlərin və anlaşmaların əldə ediləcəyi təqdirdə aradan qalxa bilər. Hərbi güc tətbiqini istisna edərdim.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın