Qarabağdakı FTX agenturası işə düşdü... Xain “Donbas ssenarisi”

14, 12, 22
14:00

Qarabağdakı FTX agenturası işə düşdü... Xain “Donbas ssenarisi”


“Dağlıq Qarabağ”da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər’’.  

Bu sözləri azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Qarabağdakı qondarma “rus icması”nın sədri Aleksandr Bordov deyib. Erməni əsilli Bordov özünün təxribatçı çıxışında ölkəmizi 10 noyabr üçtərəfli bəyanatını pozmaqda ittiham edib: 

“Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10.11.2020-ci il tarixli üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur”.

Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə hələ ötən ilin dekabrında başlamışdı.  Belə ki, Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınması bir ssenari idi.  Təsadüfi deyil ki, bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil etdi.  Yeri gəlmişkən, A.Bordov Bakıda anadan olmuş ermənidir. O, Rusiya FTX-nin akademiyasını bitirib. A.Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq “mədəni-maarif” layihəsinin, başqa sözlə, Azərbaycan üçün “Donbas ssenarisi”nin müəllifidir.

Erməni kilsəsinin 44 günlük müharibədən sonra da revanşistlərin tərəfində olduğu məlum faktdır. Bəllidir ki, Qarabağdakı qondarma “rus icması” sırf Moskvanın Bakıya təzyiq rıçağı kimi düşündüyü bir siyasi layihədir. Təsadüfi deyil ki, bu “icma”nın üzvlərinə Rusiya pasportları da paylanıb. Əlbəttə ki, Qarabağda heç bir legitim “rus icması”ndan söhbət gedə bilməz. Bunun üçün hər hansı qanuni zəmin, demoqrafik amillər mövcud deyil. Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində “Rus icması” yaratması, “Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur. Çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Rusların Qarabağa köçürülməsi də mümkün deyil. Şübhəsiz ki, bunun səbəbi yalnız siyasi məqsədlərdir.

Hesab olunurdu ki, bu, “Donbas ssenarisi”nə bənzəyir. Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Sonra isə bu bölgədəki vətəndaşlarını “qorumaq üçün” Ukraynaya hərbi müdaxilə etdi. İndi Bordovun təxribatçı bəyanatı da “Rusiya, bizi qoru” anlamına gəlir.

Qeyd edək ki, Azərbaycanda Rus İcması rəsmən qeydiyyatdadır və aktiv də fəaliyyət göstərir. Bu icmanın rəhbəri Mixail Zabelin həm də deputatdır. Bu prosesdə Azərbaycanın Rus İcmasının üzərinə də böyük iş düşür. Bordovu icmanın “qara siyahı”sına salmalı, onlardan olmadığını elan etməlidirlər. Təəssüf ki, Azərbaycanın Rus İcması Qarabağda qondarma “rus icması” layihəsi dövriyyəyə salınandan indiyə qədər hələ heç bir tutarlı reaksiya verməyib. İndi isə Bordov ermənilərin Rusiyaya güvənməsindən dəm vurur.

Görünür, köhnə variantla yeni planlar ortalıqdadır.

Abxaziyada, Cənubi Osetiyada baş verənləri yada salmaq lazımdır: rus qoşunlarının ora yeridilməsinin əsas səbəbi ondan ibarət idi ki, guya Rusiya orada öz vətəndaşlarının təhlükəsizliyini təmin edir. Perspektivdə bu problem ən azı iki səbəbdən bizim üçün də yarana bilər. Birincisi, keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığına qəbul edilməsi daha yüngülləşdirilmiş prosedur üzrə həyata keçirilir. Nəticədə, Dağlıq Qarabağda doğulmuş keçmiş SSRİ vətəndaşlarını asanlıqla Rusiya vətəndaşlığına qəbul edə bilərlər. Əslində bununla bağlı Rusiya qanunvericiliyində heç bir hüquqi əngəl yoxdur.

1989-cu il siyahıya alınmasında keçmiş DQMV-də cəmi 1922 rus yaşadığı, onun 800 nəfərini Xocavəndin Kuropatkino kəndində yaşayan molokanlar təşkil etdiyi, qalanlarının da ezam olunmuş partiya-sovet işçiləri olduğu göstərilib. 90-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan molokanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki, bugünlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdur, varsa da bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola-olmaya. Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporu”nun Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya Prezidentinə teleqram vurub kömək istəyirmiş.

Görəndə ki, qondarma “rus diasporu” işini aparmaq Somovanın bacardığı iş deyil, onu Rusiya xüsusi xidmət orqanlarının akademiyasını bitirmiş hüquqşünas və yazıçı Aleksandr Bordovla əvəz etmək qərarına gəliblər. Əslən erməni olan, Bakıda doğulmuş və Zori Balayanın yaxın dostu “Qarabağın rus icmasına” rəhbərlik etməyə başlayıb.

Hərbi analitik Azad İsazadənin bildirdiyinə görə, “rus icması” süni bir ideyadır. Onun sözlərinə görə, vaxtilə Qarabağda rus kəndləri olub: 

“Amma hazırda yoxdur. Hətta torpaqları işğal etdikdən sonra yunanları da ərazilərdən çıxardılar. Yunanıstan səfirliyi atəş altında qalan insanları məcbur olub Mehmana kəndindən çıxardı. Eləcə də rus kəndlərindən rusları qovdular. İndi isə eyni ssenari təkrarlanır. Üstəlik, sülhməramlıların ailələrini köçürməyə çağırış edirlər. Rus əsgərlərin çoxu 18-20 yaşlıdır, onların ailəsi yoxdur, uzaqbaşı 100-150 ailə köçürülə bilər. Deməli, propoqandadır”. 

A.İsazadə qeyd edir ki, sadəcə, hər şeyi itirdiklərini hiss edirlər: “Ona görə sabah fransız icması, hətta Afrika icması yarada bilərlər. Ermənistanın özündə rus icması belə qalmayıb. Bizdə rus məktəbləri var, İrəvanda qadağan olunub, indi-indi Xankəndidə açmaq istəyirlər. Odur ki, işimizi davam etdirməliyik, çünki onların elədikləri ciddi bir bazası olmayan məsələdir”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın