Molla rejiminin "əxlaq polisi" MÜƏMMASI - İran geri addım atır?

06, 12, 22
15:00

Molla rejiminin "əxlaq polisi" MÜƏMMASI - İran geri addım atır?

İranın rəsmi mediası “Əxlaq Polisi”nin ləğv edildiyini təkzib etsə də, hökumət rəsmiləri isə ziddiyyətli açıqlamalar verir...

İranda “əxlaq polisi” funksiyasını yerinə yetirən İrşad Patrullarının ləğv olunması ilə bağlı xəbərlər həm ölkədə, həm də dünyada böyük əks-səda doğurub. Məlumata görə, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzeri məcburi hicab qanununa yenidən baxıldığını, Əxlaq Polisinin də ləğv edildiyini bildirib.

"Azərbaycan Reallığı" xəbər verir ki, İranın dövlət mediası Müntəzerinin sözlərini təkzib edərək, Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarına nəzarət etdiyini və bunun məhkəmə sisteminin vəzifəsi olmadığını bildirib.
Muhammed-Cafer-Muntazeri-iran.jpg (63 KB)
Müntəzerinin bu açıqlamasının konfransda ona verilən suala ani cavab olduğu bildirilib. Dünya mətbuatı sözügedən hadisəni rejimin “geri addımı” kimi şərh edib.

İran rəsmilərindən olan Seyid Əli Hanmuhammedi “Jamaran News” saytına verdiyi eksklüziv müsahibəsində “İrşad Patrullarının missiyası bitib” deyib. Həmin bölmənin bağlanıb-bağlanmaması ilə bağlı sualı cavablandıran Hanmuhammedi bildirib ki, prokurorluq və ədliyyə orqanlarının göstərişi ilə fəaliyyət göstərən əxlaq polisinin vəzifəsi başa çatıb. 
kapak_211500.jpg (76 KB)
İrandakı fəallar isə etirazçılara xəbərdarlıq ediblər ki, hökumət bu xəbərlərlə onların diqqətini yayındırmağa çalışır. Etirazların başında duran şəxslər ölkədə qadınların geyimində heç bir dəyişiklik olmadığını, Əxlaq Polisinin də xidmətdə olduğunu bildirir. İrşad Patrulları ləğv edilsə belə, bunun rejimin hicab siyasətini dəyişməyəcəyi, yalnız qaydanın tətbiqinin dəyişdirilə biləcəyi deyilir.

 ABŞ-da yerləşən insan haqları təşkilatı "Abdorrahman Boroumand Center"in həmtəsisçisi Roya Boroumand Fransanın AFP agentliyinə deyib:

“Bu birliyi (Əxlaq Polisini - red.) ləğv etmək artıq gecdir. Çünki etirazçılar indi rejimin dəyişməsini istəyirlər. Həmçinin qadınların geyiminə və vətəndaşların şəxsi həyatına nəzarət edən qanunları dəyişmədən bu birliyi ləğv etmək sadəcə piar addımı olar”.

Nigar Cəfərli,

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841   
 

Bizimlə əlaqə saxlayın