Rusiya televiziyasında dəhşətli sözlər: “Ukraynalı uşaqları çayda batıraq”

24, 10, 22
16:00

Rusiya televiziyasında dəhşətli sözlər: “Ukraynalı uşaqları çayda batıraq”


Rusiya dövlətinin xarici dilli xəbər kanalı RT-də aparıcının ukraynalı uşaqlar haqqında söylədiyi dəhşətli sözlər böyük əks-səda doğurub.

 "Azərbaycan Realığı" xarici mediaya istinadən xəbər verir ki, ötən ildən telekanalda “Təzadlı mənalar” adlı veriliş təqdim edən Anton Krasovski Ukrayna müharibəsi ilə bağlı açıqlamalarında sözlərinə diqqət edə bilməyib və “Ukraynalı uşaqları boğmaq lazımdır” təklifini irəli sürüb. 

Proqramının qonağı olan rusiyalı fantastika yazıçısı Sergey Lukyanenko xatirələrini danışarkən deyib ki, 1980-ci illərdə Ukraynaya səfəri zamanı yerli uşaqlar Rusiyanı onların ərazilərini işağl etməkdə ittiham ediblər. Bundan sonra Krasovski Rusiya əsgərlərinin qaşısına çıxan ukraynalı uşaqlarla bağlı təklif irəli sürüb və bildirib ki, “onları çaya atıb boğmaq” lazımdır. Rusiyalı aparıcı daha da irəli gedərək, uşaqları daxmalara bağlayıb yandırmaqdan da bəhs edib. 

Bu sözlər tamaşaçıların qanını dondurub və sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb olub. Bir çoxları Krasovskini “soyqırım çağırışı” etməkdə ittiham ediblər və RT kanalı da əks reaksiyaların hədəfinə çevrilib. Rusiyanın Ukraynaya 8 aydır təcavüzünə böyük dəstək verən RT kanalının baş redaktoru Marqarita Simonyan tələsik üzr istəyib və Krasovskinin işdən çıxarıldığını açıqlayıb. 

Kanalda heç kimin bu fikirləri dəstəkləmədiyini deyən Simonyan aparıcının sözlərini “ürəkbulandırıcı” kimi qiymətləndirib. Bundan əlavə, Simonyan yazılı açıqlamasında “ümid edirəm, bütün bunlar ən qısa zamanda bitəcək və Ukrayna uşaqları yenidən sülh içində yaşaya biləcəklər” deyib. Digər tərəfdən, Ukraynanın xarici işlər naziri Dimitro Kuleba "RT-ni hələ qadağan etməyən hökumətlər bunu izləməlidir" deyərək, ölkələri RT kanalını dərhal bloklamağa çağırıb. 

Qeyd edək ki, RT kanalında Rusiya işğalını müdafiə edən şərhçilərin başında duran Krasovski Avropa Birliyinin Rusiyaya qarşı sanksiya siyahısındadır. Bir müddət Rusiyada cinsi azlıq hərəkatının tanınmış simalarından olan Krasovski Qərb mətbuatında da Rusiya hökumətinin cinsi azlıqlara qarşı repressiyalarını tənqid edən məqalələr dərc edib. Əlavə edək ki, bəzi Avropa ölkələri Ukraynanın işğalından sonra RT kanalının yayımını dayandırıb. 


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın