Xameneyi etirazçılara xəbərdarlıq edib

04, 10, 22
12:00

Xameneyi etirazçılara xəbərdarlıq edib


İranın ali rəhbəri ayətüllah Əli Xameneyi ölkədə davam edən edən etirazlara görə “xarici təsirləri” günahlandırıb. 

Gənc qadın Məhsa Əmininin polis məntəqəsində ölümünə etiraz olaraq başlanmış kütləvi aksiyaların gedişində Xameneyi ilk dəfə olaraq oktyabrın 3-də bu barədə bəyanat verib və etirazlara görə Amerikanı, İsraili və xaricdəki iranlıları ittiham edib. Xameneyi deyib ki, ölkədə asayişin bərpa olunmasına çalışan polisə tam dəstək verir.

Hakimiyyət orqanları Əmininin polisdə ikən infraktdan öldüyünü iddia edirlər. Lakin fəallar bildirirlər ki, qadın polisdə döyülərək öldürülüb.
Oktyabrın 3-də habelə İranın aparıcı ali təhsil ocaqlarından olan Şərif Universitetində dərslər dayandırılıb. Bildirilir ki, təhsil internetlə davam etdiriləcək.

Amma müşahidəçilər bildirirlər ki, hakimiyyət bu qərarı tələbələrlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verdikdən sonra qəbul edib.
Sosial media şəbəkələrində yayılan videolarda oktyabrın 3-də ölkənin bir sıra universitetlərində etiraz aksiyalarının baş verdiyi görünür.

Bu arada İran İnsan Haqları Təşkilatı etirazlarda indiyədək 133 nəfərin öldüyünü bildirib. Xəbər verilir ki, ölümlərdən 40-ı Zahedan şəhərində baş verib. Orada polis etirazçılara atəş açıb. Etirazçılar polis rəisini 15 yaşlı qızı zorlamaqda ittiham edirdilər.

Zahedanda etirazçılar sentaybrın 30-da polis məntəqəsinin qarşısına toplaşaraq rəisin istefasını tələb etmişdilər. Onlardan bəziləri binaya tərəf daş atırdılar. Buna cavab olaraq binadan və etirazçıların başı üstündə uçan helikopterdən onlara atəş açılıb.

İran hökuməti daha sonra Zahedanda baş verənləri polis məntəqəsinə “terror hücumu” adlandırmışdı. Nümayişçilərin atəşə tutulması nəticəsində 19-dan 58-dək etirazçının öldüyü, yüzlərlə adamın yaralandığı bildirlir.

Oktyabrın 3-də səhər saatlarında tanınmış tələbə və insan haqları fəalı Bahareh Hidayət Tehranda saxlanıb. Xəbəri BBC yayıb. Keçmiş siyasi məhbus olan Hidayət dəfələrlə saxlanaraq məhkum edilib.

Digər siyasi fəal, keçmiş tələbə fəalı Hüseyn Məsumi isə oktyabrın 2-də saxlanıb. Ailəsi onun harada olduğunu bilmədiyini deyir.

Bir gün öncə tələbələrlə təhlükəsizlik qüvvələrinin toqquşduğu Şərif Universitetində isə oktyabrın 3-dən dərslər dayandırılıb, onlayn formata keçib. İranda etirazlar 16-cı gündür davam edir, siyasi və vətəndaş fəalları saxlanır.

Oktyabrın 2-də sosial mediada yayılan videolarda Şərif Universitetini polisin mühasirəyə aldığı görünür. Bu universitet ənənəvi olaraq fərqli səslərin məkanı kimi tanınıb. Videoların birində təhlükəsizlik qüvvələrinin tələbələri şəhərcikdən qovmaq üçün gözyaşardıcı qaza əl atdığı görünür, uzaqda atışma səsinə oxşar səs gəlir.

Başqa bir videoda isə təhlükəsizlik qüvvələrinin universitetin yeraltı parkinq yerində tələbələri qovması görüntüləri yer alıb. Onlarla tələbənin saxlandığı bildirilir.

İranın dövlət mediasının məlumatına görə, universitetdən “toqquşma xəbərləri” gəlib, ölkənin elm naziri vəziyyəti yoxlamaq üçün şəhərciyə gedib.

Oktyabrın 2-də bir neçə universitetdə tələbələr etirazlara çıxıb. Tehran, Yəzd, Kirmanşah, Sənəndəc, Şiraz və Məşhəddə nümayişlər keçirilib. Sosial media postlarından iştirakçıların “müstəqillik, azadlıq, (ali dini lider Əli) Xameneyiyə ölüm” qışqırdığı görünür.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı bəyanatında İranda indiyədək 133 nəfərin öldürüldüyünü bildirib. Onlardan 40-dan çoxunun cənub-şərqi Sistan-Baluçistan vilayətinin paytaxtı Zahedanda qətlə yetirildiyi qeyd olunur.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın