Rusiyada səfərbərlik: “Ölkə vətəndaş müharibəsi astanasındadır”

28, 09, 22
12:00

Rusiyada səfərbərlik: “Ölkə vətəndaş müharibəsi astanasındadır”


Kreml Rusiyanın İjevsk şəhərində yerləşən orta məktəbdə atışmanı terror aktı kimi qiymətləndirib. Siyasi şərhçi Natiq Miri isə açıqlamasında vurğulayıb ki, Rusiya hadisə barədə terror iddiası etsə də, bunu isbatlayacaq dəlili yoxdur:  

“İnsidenti törədən şəxsin üzərində faşist nişanı var. İddiaların arxasında bu nişan durur.

Rusiyada faşizm ideologiyasına xidmət edən insanlar hər zaman mövcud olub. Faşist gənclər rus olmayanlara nifrət edir. Çox maraqlıdır ki, Rusiya bu hadisələri hər zaman görməməzliyə vurub. 

Fikrimcə, Rusiyada faşist təşkilatların terror hadisəsi törətməsi Putin hakimiyyətinin təqsiridir. Ukraynanı baş vermiş hadisədə ittiham etmək doğru deyil. Çünki müharibə başlayandan bəri Ukrayna ordusunun dinc əhaliyə qarşı hücumunu görməmişik”.

Natiq Mirinin fikrincə, baş vermiş hadisə məğlubiyyəti gizlətmək və səfərbərlikdən fikirləri yayındırmaq üçün atılmış addımdır:

“Hadisənin baş verməsində Ukraynanı ittiham etmək asandır. Çünki səfərbərlik çox çətin şəraitdə davam edir. Putinin səfərbərlik ölkədə vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər.

Xatırladım ki, Çeçenistanla müharibə zamanı da Rusiya eyni taktikadan istifadə etdi. Moskvanın mərkəzində bina partladıldı. Hadisəyə terror adı qoyuldu. Gözlər Çeçenistana yönəldildi və ikinci hərbi müdaxilə təşkil olundu. Bununla Çeçenistan yerlə-yeksan edildi. İndi də Rusiya terror taktikası ilə Ukraynaya daha ağır müdaxilə etmək istəyir”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın