Putindən sona doğru iri addım: “Rusiya cəmiyyəti onu məhv edəcək“

22, 09, 22
11:00

Putindən sona doğru iri addım: “Rusiya cəmiyyəti onu məhv edəcək“


Bu gün Rusiya Prezidenti Vladimir Putin ölkəsində qismən səfərbərliyin başlanması ilə bağlı bəyanat verib və ruslara müraciət edib. Prezidentin müraciəti Rusiya televiziyasında nümayiş etdirilib. Putin bildirib ki, ilk növbədə Rusiya Silahlı Qüvvələrində xidmət etmiş, həmçinin müəyyən hərbi ixtisaslara və lazımi təcrübəyə malik olanlar orduya çağırılacaqlar.

Putin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini söyləyib: “Burada söhbət qismən səfərbərlikdən gedir”.

Putin qismən səfərbərlik haqqında fərmanı artıq imzaladığını bildirib: “Səfərbərlik tədbirləri bu gün başlayacaq. Regionların başçılarına tapşırıram ki, hərbi komissarların işinə bütün lazımi köməyi göstərsinlər. Xüsusi ilə qeyd edirəm ki, hərbi səfərbərliyə çağırılan Rusiya vətəndaşları müqavilə əsasında orduda xidmət edən hərbiçilər kimi ödəniş və bütün sosial təminat statusunu alacaqlar”.

Putin Qərbin Rusiyanı tamamilə dağıtmaq istədiyini bildirib və nüvə silahına əl atacaqları ilə bağlı eyham edib: “Xatırladım ki, bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var. Hətta bəzi komponentlərdə NATO-dan daha müasirdir”.

“Ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskva əlində olan bütün mümkün vasitələrdən istifadə edəcək. Bu, blef deyil. Bizi şantaj etməyə çalışanlar bilsinlər ki, küləyin istiqaməti onlara tərəf dəyişə bilər”, - deyə Putin vurğulayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ölkəsində qismən səfərbərlik elan edildikdən sonra hərbi xidmətə çağırılacaq vətəndaşların kateqoriyalarını sadalayıb. Nazir bildirib ki, döyüş təcrübəsi olan ruslar ehtiyatdan çağırılacaq.

“Həmçinin, bu kateqoriyaya ordu üçün zəruri hərbi ixtisası olan şəxslər daxildir. Ümumilikdə, 300 min ehtiyatda olan hərbçi çağırılacaq”, - Şoyqu vurğulayıb.

Nazir bildirib ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara təsir etməyəcək: “Onlar Rusiya Federasiyasının ərazisində qalacaqlar. Tələbələri səfərbər etməyi planlaşdırmırıq”.

Kreml rəhbərinin Ukraynada “xüsusi hərbi əməliyyat” adı altında başlatdığı və altı aydır davam edən müharibənin indiki mərhələsində səfərbərlik elan etməsi bir çox suallar yaradır. Analitiklər bildirirlər ki, Rusiya müharibədə məğlubiyyətə yuvarlandığını dərk etdiyi üçün səfərbərliyə əl atdı və faktiki olaraq müharibəni rəsmilərşdirmiş oldu.

Prosesi AYNA-ya müsahibəsində şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın Silahlı Qüvvələri tükənmək üzrədir:

- Mövcud olan şəxsi heyət azalıb, əsgər çatışmazlığı var. Hamısı Ukrayna cəbhəsində həlak olub. Rusiya ordusunun 40 mindən çox hərbçisi öldürülüb, 60 mindən çox yaralısı var. Bu, ən azı yüz minlik heyət itkisi deməkdir. İndi onların yerini doldurmaq üçün səfərbərlik elan edildi. Rusiya buna məcbur idi. Səfərbərlik elan edirsə, demək müharibəni davam etdirmək üçün başqa yolu qalmayıb.

Hesab edirəm ki, bu amil Putinin mövqelərini, daxildəki nüfuzunu zəiflədir.

- Hansı mənada?

- Əvvəl xalq, cəmiyyət seyirçi mövqeyində idi. Ukrayna əraziləri işğal olunanda sevinirdi, əl çalırdı. İndi səfərbərlik elan olundu və 300 min ehtiyat qüvvələr cəlb ediləcək. Bu, hələ qismən səfərbərlikdir. Bunu təsəvvür etmək hər halda mümkündür. 300 min kişinin müharibəyə cəlb edilməsi 300 min ailənin müharibəyə daxil olması deməkdir. Bu qədər insanın adi həyatdan qoparılması Putin hakimiyyətinə ciddi zərər verəcək.

- Yəni ki, Putinin hakimiyyətdən getməsi ehtimalı artır...

- Əlbəttə! Onsuz da son proseslər, Ukraynanın əks-hücumu, Rusiyanın hərbi uğursuzluqları Putin hakimiyyətinin nüfuzuna ciddi ziyan verirdi. Qismən səfərbərlik Putin hakimiyyətini ciddi şəkildə zəiflədəcək.

- Rusiya işğal etdikləri Ukrayna ərazilərində “referendum” keçirməyə hazırlaşır. Səfərbərliyin həm də bu baxımdan elan edildiyi söylənilir. Yəni ki, Rusiyanın həmin əraziləri əlində saxlamaq üçün belə bir addım atdığı iddia edilir...

- “Referendum” boş, mənasız addımdır. Heç bir mənası olmayan əməliyyatdır. Hesab edirəm ki, “referendum” əslində Rusiyanın daxili auditoriyasının sakitləşdirilməsinə yönəlib. Rusiyanın cahil, savadsız insanlarına göstərmək istəyirlər ki, “baxın, azad etdiyimiz ərazilərin əhalisi Rusiyaya qoşulmaq istəyir”. Beynəlxalq aləm bu mənasız addımı saymayacaq. Dünyadakı heç bir qüvvə, dövlət bu işğalı, ilhaqı tanımayacaq. Rusiya məğlub olduqdan sonra belə uydurma referendumlar, birləşmələr də ləğv ediləcək, tarixin zibilliyinə atılacaq. 30 il əvvəl Dağlıq Qarabağda da separatçılar “referendum” keçirdilər, “müstəqilliklərini” elan etdilər. Sonu nə oldu? Heç kim tanımadı, mənasız yerə atılmış addım kimi bir müddət qaldı. İndiki vəziyyətləri də göz önündədir. Bir müddətdən sonra qalan tör-töküntü də ya Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlar, ya da çıxıb gedəcəklər.

- Sual da budur ki, Rusiya məğlub olacaqmı? Putin nüvə silahına əl ata biləcəklərinə eyham vurdu...

- Rusiya məğlub olacaqmı yox, Rusiya artıq məğlubiyyətə doğru gedir. Həm də iri addımlarla. Putin nüvədən istifadə edə biləcəklərinin anonsunu verir və “bu, blef deyil” deyirsə, tapançanı götürüb başına bir güllə sıxsın. Çünki nüvə müharibəsi son nəticədə bəşəriyyətin məhvi deməkdir. Bunu yüz dəfə deyiblər, alimlər bütün dəlillərlə sübut edib ki, qlobal nüvə müharibəsi dünyanın sonu deməkdir.

Taktiki nüvə silahına gəldikdə isə, Rusiya bundan istifadə edərsə, Putin cəzasız qalacaq? Yox, elə deyil. Taktiki nüvə silahından istifadə ona gətirib çıxaracaq ki, Rusiya BMT Təhlükəsizlik Şurasından xaric ediləcək. Bütün dövlətlər Rusiya ilə əlaqəni kəsəcək. Hətta Kim Çen İn də Putinlə danışmayacaq. Bununla da Putin mənfur bir vücuda çevriləcək. Buna gedə bilər, amma sonunu düşünməmiş deyil. Qərb müharibəyə girməyəcək, sadəcə sanksiyaları daha da şiddətləndirəcək ki, bu, Putinin ölümünə bərabərdir.

- Belə fikirlər var ki, Putin məğlubiyyəti dərk edir. NATO-nu müharibəyə cəklb etmək istəyir ki, prestijini qorumaq baxımından, “Ukraynaya yox, NATO-ya uduzduq” deyə bilsinlər...

- NATO ilə müharibə olmayacaq. Dediyim kimi, sanksiyalar ən son haladək şiddətlənəcək, aclıq, fəlakət Rusiyanı bürüyəcək. Kreml rəhbəri sifətini qorumaq üçün indidən bəyan edir ki, “biz Ukrayna ilə yox, bütün dünya ilə müharibə aparırıq”. Xalqı aldatmağa nə var ki...Rusiya əhalisinin əksər hissəsi cahildir, oxumur, savadsızdır. Dərd odur ki, ağıllı adamlar da gopçulara, fırıldaqçılara qulaq asır, Simonyanı, Skabeyevaya, Solovyova inanır. Rusiyada savadlı jurnalistlər az deyil, amma onlara qulaq asan yoxdur. Yaxud da, onların cəmiyyətə çıxışı məhduddur. Eynən bizim Azərbaycan kimi... Bizdə savadlı, ağıllı jurnalistlərin dediklərinə qulaq asmırlar, bu halda da cəmiyyətdə fırıldaqçılar peyda olub, ağzına gələni danışırlar. Camaat da onlara qulaq asır. Skabayevanın, Simonyanın dediklərini həqiqət kimi qəbul edən cəmiyyət Putinin nağıllarına hələ ki, inanır. Çünki gördükləri Putindir, ona inanırlar. Amma bu, uzun çəkməyəcək. Ruslar məğlubiyyəti dərk edəndə Putini məhv edəcəklər. Ən böyük hakim gerçəklikdir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın