Rusiya nüvə silahından istifadə edəcək? – “Bu, Putini hiddətləndirəcək”

28, 02, 22
16:30

Rusiya nüvə silahından istifadə edəcək? – “Bu, Putini hiddətləndirəcək”


“Bu gün beynəlxalq ictimaiyyətin diqqəti Rusiya və Ukrayna müharibəsinə yönəlib və hər kəs bu prosesi çox narahatlıqla izləyir. Demək olar ki, beynəlxalq hüquq normalarına zidd olaraq, Rusiya tərəfindən dinc mülki əhalinin yaşayış obyektləri hücuma məruz qalır, yüzlərlə insan bunun qurbanına çevrilir”.

Bunu açıqlamasınfa hüquqşünas Əlövsət Allahverdiyev deyib. Rusiyanın nüvə silahından istifadə etməsi üçün səbəbin olub-olmaması haqda danışan hüquqşünas deyib ki, burada beynəlxalq hüququn ən fundamental dəyərləri və prinsipləri pozulur:

“Beynəlxalq birliyin və beynəlxalq hüquq normalarının tələblərinə əməl etmədən inkişaf, yalnız, iflasla nəticələnə bilər. Müharibənin gedişi onu göstərir ki, istər dünya mediasında, istərsə də sosial şəbəkələrdə Rusiyanın bu addımına qətiyyən haqq qazandırılmır. Belə bir məqamda daha da irəli gedərək dünyanı nüvə ilə təhdid etmək, ağılsızlıqdan başqa bir şey ola bilməz.

Nüvə müharibəsi siyasi, iqtisadi, məfkurəvi və hər hansı digər məqsədlərə çatmaq üçün vasitə ola bilməz. Nüvə müharibəsi yer sivilizasiyası üçün intihardır, bu müharibədə kimsə qalib ola bilməz. Eyni zamanda Qərblə Şərqin hərbi-siyasi qarşıdurmasında onilliklərlə müharibənin qarşısını alma amili rolunu oynamış nüvə silahı yaxın gələcəkdə də istənilən potensial təcavüzkar üçün müharibənin qarşısının alınması rolunu oynamaqda davam edəcək. 

Sovet İttifaqı tərəfindən 1986-cı ildə irəli sürülmüş, ХХ yüzilliyin sonunadək nüvə silahının mərhələli tam ləğvi Proqramı məhz bu səbəbdən yerinə yetirilmədi və Rusiya üçün onun geosiyasi mövqeyi səbəbindən Rusiyanın milli maraqlarına zidd olmaq etibarilə qəbulolunmaz hesab olundu.
 
Bu gün Rusiyada 6257 nüvə silahı var və Rusiya ən böyük nüvə arsenalına malik ölkədir. 6257 nüvə silahından 1458-i aktivdir (artıq yerləşdirilib), 3039-u gözləmə mövqeyindədir (lazım olduqda yerləşdirilə bilər) və 1760-ı isə istifadə müddətini başa vurub (istifadəsiz və sökülməni gözləyir).
 
Amerikada isə 5550 nüvə silahının olduğu bildirilir. NATO nüvə silahına malik deyil, amma ABŞ-a məxsus bəzi raketlərin beş Avropa ölkəsindəki altı aviabazada saxlanıldığı bildirilir. Bir sözlə nüvə müharibəsi təhdidi bu gün real görünmür, heç arzuolunan da deyil və ağıllı dövlət başçısı təbii ki, bu barədə düşünməz və bu addımı atmaz.  

Sadəcə görünən odur ki, Putinin məqsədi, daha da irəli getməsi üçün ona mane olanlarda qorxu yaratmaq və Ukraynaya olan hərbi-siyasi dəstəyin qarşısını almaqdır. Amerikanın BMT-dəki səfiri Linda Tomas-Qrinfild də Putinin bu addımını ən sərt şəkildə pisləyərək bildirib ki, bu, o deməkdir ki, prezident Putin bu müharibəni tamamilə qəbuledilməz bir şəkildə gücləndirməkdə maraqlıdır. 

Onu da qeyd etmək lazımdır ki, Ukrayna ilə müharibədə nüvə silahından istifadə üçün hər hansı zərurət yoxdur. Hər kəsə məlumdur ki, Rusiya silahlı qüvvələri Ukrayna ordusundan kəskin şəkildə üstündür. Odur ki, bu gün Rusiyanın nüvə silahından istifadə etməsi üçün hər hansı səbəb yoxdur. Bu həm də Putinin emosiya və qəzəbindən doğan hiss kimi başa düşülməlidir. Demək olar ki, Rusiyanın nüfuzdan düşməsi onu getdikcə hiddətləndirəcək. 

Əminliklə deyə bilərik ki, Putin Rusiyasının qeyri-stabil davranışı beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir və getdikcə onun tam tədricinə xidmət edəcəkdir. Bütün bunlar öz yerində, amma baş verənlər, istər Rusiya ictimaiyyəti, istərsə də Ukrayna ictimaiyyəti üçün arzuolunan deyil. 
Ukraynanın təhlükəsizliyinə qarşı yönəlmiş bu əməl özlüyündə bəşəriyyət üçün böyük bəladır. Bəlkə də bu müharibə bundan sonra 3 gün davam edib bitəcək, amma bu 7 gündə baş verənlər uzun müddət gənclərin, körpələrin həyatında sağalmaz izlər buraxdı, insanların psixoloji durumuna vurduğu zərər uzun müddət davam edəcək”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın