BAYDENİN TAKTİKASI YAXŞI İŞLƏYİR, PUTİN MƏMNUNDUR - Zelenski nə edə bilər?

20, 02, 22
22:00

BAYDENİN TAKTİKASI YAXŞI İŞLƏYİR, PUTİN MƏMNUNDUR - Zelenski nə edə bilər?


“Ukrayna böyük dövlətlər arasında piyadaya çevrilir, ukraynalılar inanılmaz dəyanət nümayiş etdirirlər”

ABŞ Prezidenti Co Bayden növbəti dəfə bəyan edib ki, Rusiya yaxın günlərdə Ukraynaya hücum edəcək. Ancaq Rusiya Qərbin sanksiyaları ilə üzləşməkdən qorxduğu üçün Ukraynaya birbaşa müdaxilə etməkdən çəkinir. Ona görə də müxtəlif manevrlərlə çalışır ki, hadisələr 2014-2015-ci illərin ssenarisinə uyğun getsin.

Yəni Kreml hadisələrin Donbas ərazisində cərəyan etməsində maraqlıdır. Əslində, son baş verənlər də bunu təsdiq edir. Ukrayna bu böhranın uzanmasını və real müharibəyə çevrilməsini qətiyyən istəmir. Bu münaqişədə iki böyük tərəfəin - ABŞ və Rusiyanın qarşıdurmasına baxmayaraq, əsas ziyan çəkən tərəf əlbəttə ki, Ukraynadır.

ABŞ-ın “Bloomberg” portalı “Putin və Bayden qalib gəlir, Ukrayna isə uduzur” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. 
”Azərbaycan Reallığı" həmin məqaləni qısa ixtisarla təqdim edir: 

”Son bir neçə həftədir ki, Rusiya Prezidenti Vldamir Putin Ukrayna böhranı ilə əlaqədar yaranmış gərginlik fonunda hərbi cəhətdən çox böyük xərc çəkmədən Qərb liderlərinin diqqətini böyük ölçüdə özünə cəlb edə bilib.

Putini Ukraynaya müdaxilədən çəkindirmək üçün Bayden ona zəng edir, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və britaniyalı nazirlər Moskvaya yollanırlar. Bu görüşlər və danışıqlar təhlükəsizliklə bağlı Putinin tələb və şikayətlərini dilə gətirməyə imkan verir. Hətta, onun şikayətləri xüsusi əhəmiyyət daşımasa da, bu, Avropa liderlərində Rusiyaya nəsə bir şey vermək fikrini oyadır.

Ukrayna ilə bağlı Kreml ilə Ağ ev arasında gedən qarşıdurmada yalnız bir tərəf qalib gələ bilməz. Rusiya təbliğatçıları naməlum mənbələrə, adsız məmurlara, hansısa cacususların və kəşfiyyatçıların məlumatlarına istinad edən Qərb mətbuatını məsxərəyə qoyub.Əlbəttə, amerikalı, rusiyalı və ya hər hansı digər casusun mətbuata məlumat verdiyinə inanmağa xüsusi bir səbəb yoxdur. 

Ancaq Bayden administarsiyası Putini bir addım qabaqladıqları təəssüratı yaratmaq üçün kəşfiyyatdan aldıqları yayğın və yalan informasiyadan məharətlə istifadə edib. Amma hər necə olsa da, Bayden əslində bu informasiya müharibəsində qələbə qazanır. Çünki bu cür taktika həqiqətən də yaxşı işləyir. Baydenin Rusiyaya güzəştə getməyərək böhranın kəskinliyini açıq bəyanatların köməyi ilə azaltmağa müəssər olmasını bildirməsi ABŞ-da və əksər Qərb ölkələrində onun mövqeyini gücləndirir.

Ümumiyyətlə isə bu qarşıdurmada ən çox uduzan tərəf Ukraynadır. ABŞ -dan gələn təlaşlı siqnallar sərmayəçilərin Ukraynaya olan maraq və həvəslərini söndürür.

Diplomatların tələsik təxliyə olunması və hərbi reportyorların bu bölgəyə gəlişi onsuz da sabit olmayan iqtisadiyyata heç bir xeyir verməyəcək. Böhran başlayan noyabr ayından indiyə kimi Ukraynanın milli valyutası qrivna Amerika dolları qarşısında 8 faiz dəyər itirib. Əgər Ukrayna Milli Bankı valyuta bazarına lazımi müdaxilə etməsəydi, vəziyyət daha kəskin olacaqdı.

Digər yandan, Ukrayna xarici aviaşirkətlərin Kiyevə olan reyslərini saxlamaq üçün böyük səy göstərir. Bütün bunların əvəzinə Ukrayna ABŞ hökumətindən 1 milyard dollar həcmində kredit təminatı və bir neçə partiya silah yollanılacağı vədini alıb. Bəllidir ki, amerikalıların söz verdikləri silahın həcmi Rusiya ilə müharibədə onların qalib gəlməsinə kömək etməyəcək.

Ukraynanın böyük dövlətlər arasında piyadaya çevrilməsi Putinin maraqlarına cavab verir. Ola bilər ki, Qərb liderləri bunun baş verməməsində israrlıdırlar və onlar ukraynalıların seçiminə hörmət edəcəklərini deyirlər. Amma hazırkı böhranın dinamikası ilə onların sözləri ziddiyyət təşkil edir.

Hazırda prezident Zelenski və ukraynalılar təsir edə bilməyəcəkləri hadisələr önündə inanılmaz dərəcədə dəyanət nümayiş etdirirlər. Onların cəsarətlərinə baxmayaraq, böyük dövlətlərin müharibə həddinə qədər gətirib çıxardıqları siyasi gərginlik göstərir ki, ən adi təsadüf nəticəsində hər şey baş verə bilər.

Bəs, Zelenski nə edə bilər? O, yalnız dişlərini qıcayaraq iri miqyaslı müharibəyə dönüşə biləcək təsadüfi riskləri azaltmağa çalışmalıdır. Siyasi səbəblərə görə o, Putinə güzəştə gedə bilməz. 

Ona görə də Zelenskinin Baydenin onun rusiyalı düşməni ilə necə mübarizə aparmasını müşahidə etməkdən başqa yolu yoxdur. Bu, qətiyyən qibtə ediləcək vəziyyət deyil. Ukraynanın mövqeyini möhkəmləndirməkdən ötrü Qərb həm diplomatik, həm də maliyyə baxımından böyük səy göstərməlidir”.

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın