Gürcüstan Azərbaycanla Ermənistanı barışdırır? - Rusiya masada sıxışdırılır

29, 09, 21
19:30

Gürcüstan Azərbaycanla Ermənistanı barışdırır? - Rusiya masada sıxışdırılır


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana səfər edəcək. Bu barədə İ.Qaribaşvili öz açıqlama verib. Baş nazir qeyd edib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra Ermənistana səfər edəcək. 

Müşahidəçilər tərəfindən bu səfər çox mühim qiymətləndirilir. Çünki bu səfərdən öncə Gürcüstanın baş naziri, Azərbaycanla Ermənistan arasında vasitəçilik etməkdə maraqlı olduqlarını açıqlamışdı. Həmçinin xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın vasitəçiliyi ilə Ermənistan tərəfindən mina xəritələri Azərbaycana verilmiş, qarşılığında isə Azərbaycan tərəfi erməni əsirlərin bir hissəsini Ermənistana qaytarmışdı. Gürcüstanın son günlər həyata keçirdiyi bu təşəbbüslər, bilavasitə Rusiyanı danışıqlar masasından uzaqlaşdırmaqla əlaqəlidir? Gürcüstan iki ölkə arasında vasitəçilik edə bilər?

Bu barədə açıqlama verən Sosial Təhqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüsyenov bildirib ki, Gürcüstanın vasitəçilik təşəbbüsləri, regionda sülhün və sabitliyin bərqərar edilməsində bu dövlətin maraqlı olması ilə əlaqələndirilir:

“Son dövrlər biz müşahidə edirik ki, Gürcüstan regionda öz rolunu və nüfuzunu artırmaq üçün təşəbbüslər göstərir. Bu təşəbbüslər həm erməni əsilli vətəndaşların Ermənistana verilməsi, həm də minalanmış ərazilərin xəritələrinin və sxemlərinin Azərbaycana qaytarılmasında özünü göstərmişdi və Gürcüstan tərəfi əsasən Avropa İnstitutlarının birgə yardımı ilə bu fəaliyyətləri həyata keçirir. Gürcüstanın bu istiqamətdə açdığı yol ilkin olmuşdu, daha sonra Rusiya tərəfi bu sövdələşmədə iştirak etmişdir. Təbii ki, Rusiya, Ermənistan və Azərbaycan arasında olan istənilən sövdələşmələrdə və razılaşmalarda özünün iştirak payının artıq olmasını istəyir. Ona görə də rəsmi Kreml tərəfindən bu cür təşəbbüslər dəstəklənmir, amma Gürcüstan bu proseslərin ardıcıl davamı olaraq moderator rolunda çıxış etmək üçün səylərini artırmaqda israrlıdır və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə gətirib çıxara bilən addımların dəstəklənməsinin tərəfdarıdır”.

Politoloqun sözlərinə görə, Gürcüstan həmçinin də Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin qorunulmasına var gücü ilə çalışır:

“Bununla qonşu dövlət həm Qərb insitutularının xoşuna gəlməyə çalışır, həm Qərb üçün maraqlı dövlət olduğunu bəyan edir, həm də Qafqazda sabitliyin tərəfdarı obrazında çıxış etməklə, özünü daha çox sülhün tərəfdarı olaraq göstərir. Digər tərəfdən Gürcüstan həm də, bölgədəki nəqliyyat-kommunikasiya xəttlərinin canlanmasında və nəqliyyat arteriyalarının işə düşməsində də maraqlı bir tərəfdir, çünki Gürcüstan tərəfi ilkin dönəmlərdə “3+3” platformasında hansı formada iştirak edəcəyi ilə bağlı suallar qarşısında idi, lakin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş danışıqlar və təmaslardan sonra Gürcüstan bu layihədə iştiraka razı oldu və hazırda bu sahədə fəaliyyətini davam etdirir.”

“Bildiyiniz kimi, “3+3” platforması, Cənubi Qafqaz dövlətləri olan Azərbaycan, Gürcüstan və Ermənistanı, eləcə də regionda böyük gücə malik olan Türkiyə, Rusiya və İranın birgə iştirakını nəzərdən keçirir. Bölgədəki yeni iqtisadi prioritetlər, iqtisadi fəaliyyət formatı qurulubsa, Gürcüstan burada iştirak etməkdən məmnundur və bu sahədə fəaliyyətini davam etdirir” - deyə siyasi analitik əlavə edib.

İ. Hüseynov, iki ölkə arasında olan tarixi əlaqələrə də toxunub:

“Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətlərə gəldikdə isə deyə bilərik ki, hər iki tərəf arasında dostluq münasibətləri və tarixi bağlılıqlar var. Bu tarixi bağlar hazırki gündə də davam etdirilir. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 may günü Tiflis (Tbilisi – red.) şəhərində elan olunmuşdur və Tiflisdə bir sıra azərbaycanlı ədiblər yaşayıb yaradıblar, həmçinin Qori Seminariyasında təhsil alıblar.
Bu kimi mənəvi-humanitar aspektlər də vardır ki, hər iki tərəfi bir-birinə bağlayır və Qafqazda sülhün, həmçinin də təhlükəsizlik mühitinin formalaşmasında həm Azərbaycan, həm də Gürcüstan bütün təşəbüssləri səfərbər edir.”

Anlitik hesab edir ki, hər iki ölkə arasında olan etimad atmosferi, qarşıda qoyulan hədəflərə çatmaqda yardımçı olacaq:

“Eyni zamanda Azərbaycanın həm karbohidrogen ehtiyatlarının qərbə nəqlində, həm də qərbə çıxış imkanların əldə olunmasında, Gürcüstanın rolu əvəzsizdir. Çünki həm neft, həm də qaz layihələri Gürcüstan üzərindən keçir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Gürcüstanın tranzit imkanlarını artırır. Buna görə də, Gürcüstan Azərbaycan üçün çox önəmli bir ölkədir, eyni zamanda da Azərbaycanın Gürcüstan üçün əhəmiyyəti danılmazdır” - deyə mütəxəssis fikirlərini tamamlayıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın