Lavrov yeni Dövlət Dumasının spikeri ola bilər

05, 09, 21
20:30

Lavrov yeni Dövlət Dumasının spikeri ola bilər


“Xruşşov” ləqəbli baş nazir prezidentlik yolunda?

 
Sentyabrın 17-19-da VIII çağırış Dövlət Dumasına keçiriləcək seçkilər yaxınlaşdıqca, Kreml kuluarlarından yayıldığı şübhə doğurmayan iddialar və şayiələr də artıb. Əvvəla, qeyd edilir ki, yeni parlament hakimiyyətin formalaşmasında mühüm rol oynayacağı üçün Dövlət Dumasına seçkilərə fövqəladə diqqət var. Hətta müəyyən şərtlər daxilində bu "hərəkətsiz qurumun" vaxtilə spikerlər- İvan Rıbkin və Gennadi Seleznyovun zamanındakı kimi əhəmiyyət qazanacağı güman edilir.

Bu səbəbdən çoxları “boz spiker” Vyaçeslav Volodinin əvəzlənəcəyini gözləyirlər. Hətta bildirilir ki, onu əvəz edəcək yeganə namizəd indiki xarici işlər naziri, “Vahid Rusiya”nın seçki siyahısında adı ilk beşlikdə olan Sergey Lavrovdur. Amma iki gün əvvəl Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bu mövzuda intriqaları daha da artıran bəyanat verib. Putin “Vahid Rusiya”nın seçki siyahısında adı ilk beşlikdə olan müdafiə naziri Sergey Şoyqu və Sergey Lavrovun deputat mandatı qazanacağı halda, nə edə biləcəkləri barədə suala cavab verib.  Prezident Dumada oturub-oturmayacaqları haqda danışarkən, “onlar öz nazirliklərində yaxşı işləyirlər” deyib.  Prezident onlardan hər hansı birinin deputat mandatı alacağı halda nazir portfelindən imtina edib-etməyəcəyinə barədə suala birbaşa cavab verməkdən yayınıb. Putin nazirlərin qərarı özləri verməli olduqlarını əlavə edib.

Bir çox ekspertlər bu açıqlamanı Şoyqunun və Lavrovun vəzifələrini tərk etməyəcəklərinin siqnalı kimi qəbul ediblər. Bu da öz növbəsində Vyaçeslav Volodinin Dövlət Dumasının spikeri olaraq qalması ilə bağlı mövzunu aktuallaşdırıb. Bildirilir ki, “Vahid Rusiya”nın siyahısında spiker olmağa Sergey Lavrovdan nüfuzlu fiqur yoxdur və əgər o deputat mandatını partiya siyahısından kiməsə versə, şübhə yoxdur ki, Vyaçeslav Volodin yenə spiker olacaq. 

Dövlət Dumasına seçkilər mediada Putinin varisi mövzusunu da yenidən gündəmə gətirib. Boris Yeltsindən bəri prezidentin varisinin baş nazir olduğunu yada salan təhlilçilər əsas diqqəti, hökumət kuluarlarında “Xruşşov” ayaması ilə tanınan texnokrat baş nazir Mixail Muşustinə yönəldiblər.

Məlumdur ki, ikinci prezidentlik dövründə Boris Yeltsinin varisi kimi daha çox baş nazirin müavini, mərhum siyasətçi Boris Nemtsovun adı çəkilirdi. Baxmayaraq ki, həmin illərdə çəkili siyasi fiqurlar- Viktor Çernomırdin və Yevgeni Primakovun da prezidentlik ambisiyaları və potensialları vardı. Amma Yeltsin varisi kimi Putini seçdi, onu baş nazir gətirəndən sonra isə istefaya getdi.

Putin də ikinci prezidentlik müddətinin sonuna yaxın baş nazir Dmitri Medvedyev və Prezident Administrasiyasının rəhbəri Sergey İvanov arasında seçim etməli oldu, nəhayətdə, kreslosunu baş nazirə həvalə etdi. İddia olunur ki, seçim çox ambisiyalı siyasi fiqur İvanov olsaydı, Putin heç vaxt Kremlə qayıtmaya bilərdi.

Medvedyev vaxtı tamam olanda isə Putinə taxtını geri almasına icazə verdi. Ancaq Medvedyev haradasa ciddi səhvə yol verdi və bu səbəbdən adı varislərin siyahısından birdəfəlik silindi.

2020 -ci ilin əvvəlində isə baş nazir olan Mixail Mişustinin “siyasi ulduzu” parlayır, hökumətin sədri olduqdan sonra, necə deyərlər, avtomatik olaraq prezidentlik taxtının qanuni varisi hesab edilir. Digər nüfuzlu nazirlər Sergey Şoyqu və Sergey Lavrovun indi hakim partiyanın seçki siyahısına başçılıq etməsi nəzərə alınsa, bu qəribə görünə bilər. Ehtimal edilir ki, Putin potensial varisini(Mişustini) son dərəcə “zəhərli siyasi qüvvələrdən” kifayət qədər uzaq tutmağa çalışır, bu səbəbdən onu “Vahid Rusiya”nın seçki kampaniyasından da kənarda saxlayıb.

Bildirilir ki, seçki ərəfəsi siyasi səhnə təkcə real müxalifətçilərdən deyil, həm də Kremldəki “arzuolunmaz şəxslərdən” də “təmizlənməsi” başlayıb.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın