Sülhməramlıların Qarabağda əsl məramı nədir? - Atəş xəttinin ortasında qala bilərlər

01, 09, 21
15:00

Sülhməramlıların Qarabağda əsl məramı nədir? - Atəş xəttinin ortasında qala bilərlər


Dağlıq Qarabağda erməni separatçılarının ilk mitinqləri başlayanda Azərbaycan insanının üz tutduğu ilk ünvan Moskva oldu. Hər kəs elə düşünürdü ki, Kreml son nəticədə SSRİ-nin süqutuna səbəb olacaq və Rusiyanın imicini zədələyəcək addımların qarşısını alacaq. 

Lakin belə olmadı. SSRİ rəhbəri Mixail Qorbaçov sonradan bütün İttifaqa yayılacaq separatizmin qarşısını almaq əvəzinə, Bakıya qoşun yeritdi və “20 Yanvar” qanlı olayı baş verdi. Sonrakı proseslərdə Rusiyanın ədalətsiz mövqe tutması, Ermənistanı və separatçıları dəstəkləməsi Qarabağ məsələsində həlledici rol oynadı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonunun 30 ilə yaxın işğal altında qalması ilə nəticələndi.

44 günlük müharibədən sonra vəziyyət köklü şəkildə dəyişsə də, Rusiya amili bölgədə yenə də vacib rol oynayır və bu, heç kimə sirr deyil. Azərbaycan yaxın və böyük qonşusu olan Rusiya amilini nəzərə alır. Kremlin təsir imkanları böyük olduğundan Bakı Moskvanın münaqişənin həllində fəal rol oynaya biləcəyini düşünür.

44 günlük əks-hücum əməliyyatı nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad edə bildi. Baxmayaraq ki, Bakı təkbaşına erməni separatizminin kökünü kəsməyə qadir idi, Azərbaycan böyük jest edərək, 10 noyabr 2020-ci il tarixində Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə birgə bəyanat imzalayaraq, ermənilərin dinc şəkildə kapitulyasiyasına imkan verdi. 

Azərbaycan tərəfi riyakar erməni separatçılarının fürsət gözlədiyini bilirdi. Lakin əlavə insan tələfatının olmaması üçün ermənilərə ərazilərin boşaldılması üçün vaxt verildi. Kəlbəcərin boşaldılması üçün Rusiyanın xahişi ilə əlavə 10 gün də vaxt verməklə, Bakı 10 noyabr razılaşmasına sadiq qaldığını əməldə nümayiş etdirdi. Bu məsələdə erməni faşizminə heç bir etibar yox idi. Lakin birgə bəyanatda Rusiya Prezidenti Vladimir Putinin imzası var idi və ermənilərin cığallığı, ilk növbədə, Rusiyanın və onun rəhbərinin imicini zədələyə bilərdi.

Bakı kənar təzyiqlərə baxmayaraq, atəşkəsin dayanıqlı olması üçün Rusiya sülhməramlılarının münaqişə zonasına gəlişinə də imkan verdi.

Geosiyasət barədə az-çox təsəvvürü olan hər kəs anlayırdı ki, bu addımı atmaq sıradan məsələ deyil və Bakı qətiyyət göstərərək qərar verə bildi.

Rusiya anlamalıdır ki, sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Baş verən yeni hallar isə Rusiya sülhməramlılarına olan inamı daha da azaldır, hətta Kremlə ümidlə baxan insanlarda xəyal qırıqlığı yaradır.

2020-ci ilin iyulunda Tovuz istiqamətində dövlət sərhədində baş verən hadisələrdən sonra, eləcə də 44 günlük müharibə dövründə Rusiyanın Ermənistanı ən müxtəlif marşrutlar üzrə intensiv şəkildə silahlandırdığını hər kəs bilir. Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərini məhz Rusiyanın Ermənistana təmənnasız verdiyi silahlarla atəşə tutub. Bütün bunlarla yanaşı, Bakı nəzərə alır ki, Rusiya yaxın və böyük qonşudur, bu amili diqqətdən qaçırmaq olmaz. 

Əvəzində, Rusiya nə edir? Rusiya sülhməramlıları növbəti dəfə terrorçuları, separatçıları dəstəkləyən addımlar atır, bununla da, Azərbaycan cəmiyyətində Rusiyaya olan inamsızlığın daha da kəskinləşməsinə səbəb olur. Belə çıxır ki, Azərbaycan Ordusu təxribata əl atan erməni separatçılarını hər dəfə zərərsizləşdirmək istəyəndə, vəzifəsi əslində separatçıları cəzalandırmaq, terrorçuları bölgədən çıxarmaq olan Rusiya sülhməramlıları araya girib onları himayə edəcək, bundan ruhlanan separatçılar da yeni-yeni həvəslərə düşəcəklər?

Moskva nəzərə almalıdır ki, Azərbaycan Ordusu 44 gün ərzində tarix yazıb və artıq heç kəs bizə əzələ nümayiş etdirə bilməz. Rusiyada millətçi qruplaşmalar mövcuddur. Onlar Gürcüstan, Ukrayna, Moldovada həyata keçirdikləri planları Azərbaycanda da təkrarlamağı təklif edə bilərlər, lakin Azərbaycan fərqli ölkədir. Rusiyadakı millətçi qüvvələr başa düşməlidir ki, Azərbaycanla zor dilində danışmaq yersizdir. Ermənilər də anlamalıdır ki, Rusiyanın millətçi qruplarına arxayın olub revanş götürmək xəyalına düşsələr, yenidən “dəmir yumruq”la başları əziləcək.

Ortada bir həqiqət var - Dağlıq Qarabağdakı ermənilər tam tərksilah olunmayınca heç bir atəşkəsdən danışmaq mümkün olmayacaq. Atəşkəs beləcə kövrək olacaq və məsələ tam həll olunmamış qalacaq. Rusiya sülhməramlıları anlamalıdırlar ki, onlar da təhlükə altındadırlar, atəş xəttinin ortasında qala bilərlər və bunun günahı ermənilərdə və 10 noyabr razılaşmasını pozan bütün qüvvələrdə olacaq. Sülhməramlılar tərəfsiz qalmalıdırlar. Sülhməramlıların fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla təsbit olunub. İrəvandan Xankəndiyə erməni daşımaq sülhməramlının vəzifəsi deyil.

Sülhməramlı inşaatçı da deyil. Dağlıq Qarabağda ermənilər üçün minlərlə ev tikməyə ehtiyac yoxdur. Bu ərazilərdə özünü ev sahibi kimi aparmaq yersizdir. Bu coğrafiyanın sahibi Rusiya və Ermənistan deyil. Torpağın sahibi Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağda inşaat işləri aparmaq üçün kifayət qədər imkanı var.

Lakin bunlar görünən tərəflərdir. Müşahidələr onu deməyə əsas verir ki, erməni separatçıları asimmetrik müharibəyə hazırlaşır. Bölgədə hələ də erməni yaraqlılarının qalması, separatçı rejim rəhbəri Araik Arutyunyanın vaxtaşırı onlarla görüşləri yaxın vaxtlarda ermənilərin məkrli niyyətlərini həyata keçirməyə başlayacaqlarını göstərir. Sülhməramlıların buna seyrçi qalması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur.
Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır, əks təqdirdə, Bakı anti-terror əməliyyatını davam etdirə bilər. 

Daha bir maraqlı fakt ondan ibarətdir ki, separatçı rejim rəsmi İrəvandan daha çox Rusiyaya bağlıdır. Bu, Rusiya sülhməramlılarının separatçı rejimlə isti münasibətlərindən də görünür. Paşinyandan əlləri üzülən separatçılar Moskvaya sığınmaq istəyirlər. Ümumiyyətlə, Ermənistanda Qarabağ klanının Moskvaya bağlı olması sirr deyil. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanı xəyanətdə ittiham edən də əsasən bu klan ətrafında birləşən siyasi qüvvələrdir.

Burada bir məqam da mövcuddur. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi pozaraq gərginlik yaratmaq istəməsi Paşinyanın diqqəti ölkədaxili problemlərdən yayındırmaq məqsədinə xidmət edə bilər. İstənilən halda Qarabağda bir dəfə ağır məğlubiyyətə uğrayan Paşinyanın növbəti məğlubiyyəti qaçılmaz görünür. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın